Ermənilər cəbhəyə əlavə qüvvə toplayırlar

09:45 | 29.08.2017
Ermənilər cəbhəyə əlavə qüvvə toplayırlar

Ermənilər cəbhəyə əlavə qüvvə toplayırlar

Sosial şəbəkələrdə Ermənistan silah qüvvələrinin işğal olunmuş Dağlıq Qarabağda, cəbhənin mərkəzində əlavə qüvvələrlə güclənməsinin müşahidə edildiyinə dair qeyri-rəsmi məlumatlar yer alır. Bəziləri hesab edir ki, ötən ilin aprel döyüşlərinin qisasını almağa çalışan ermənilər Azərbaycan ordusunun mövqelərinə hücum əməliyyatlarına hazırlaşır. Havaların getdikcə nisbətən sərinləşməsi isə buna əlverişli şərait yaradır.

Məsələ ilə bağlı vəziyyəti Milli.Az-a şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, ermənilərin həmişə cəbhədə nəinki bir, bir neçə istiqamət üzrə hücuma keçmə ehtimalı var:

"Əgər ermənilər bilsə ki, Azərbaycan ordusunun hansısa yeri, yaxud cəbhədə hansısa istiqamətdə zəifdir, onlar bundan dərhal istifadə edəcəklər. Ona görə də müdafiə naziri general-polkovnik Zəkir Həsənov başda olmaqla nazirliyin rəhbərliyi cəbhə bölgəsində daim lazımi tədbirlər görür, yerlərdə vəziyyəti öyrənirlər. Ermənilərin cəmləşməsi də tam nəzarət altındadır. Təbii ki, bununla əlaqədar lazımi əks tədbirlər görülür. Hamı bilməlidir ki, müharibə qurtarmayıb, davam edir".

Polkovnik Ş.Ramaldanov qeyd edib ki, ermənilərin daim kəşfiyyat apardığı, cəbhədə boşluqlar, zəif yerlər axtardığı Azərbaycan tərəfinə məlumdur: "Onlar təhlil aparıb görürlər ki, Azərbaycan ordusuna qarşı hansısa əməliyyatlarla məqsədlərinə asanlıqla nail ola bilməyəcəklər. Əgər bu gün ermənilər sakit durublarsa, bu yalnız məhz Azərbaycan Silahlı Qüvvələrinin gücünün, əsgərimizin mərdliyi və qəhrəmanlığının hesabına mümkün olub. Əgər onlar bilsələr ki, Azərbaycan ordusuna qarşı filan istiqamətdə bir gün də olsa hansısa uğur qazana bilərlər, dərhal bundan istifadə edərlər. Ona görə bu gün Azərbaycan ordusunun zabit və əsgərləri öz vəzifələrini layiqincə yerinə yetirərək çox çətin və gərgin şəraitdə xidmət edirlər.

Havaya gəlincə, həmin istiqamətdə ilin fəslindən asılı olmayaraq, o, döyüş əməliyyatlarına elə də böyük təsir göstərmir. Əksinə, biz hücum əməliyyatları üçün havanı daha çox nəzərə almalıyıq. Çünki ora dağlıq ərazidir. Dağlarda isə üzü yuxarı istiqamətdə istənilən havada hücum əməliyyatı həyata keçirmək olmur".

Veteran hərbçi hesab edir ki, Qarabağ probleminin həlli ilə bağlı danışıqların intensivləşdiyi dövrdə yeni təxribatların olması gözləniləndir: "Ermənilər yenə də cəbhədə güclü təxribat törətməklə Azərbaycanı adekvat addımlar atmağa vadar etmək istəyir. Çünki beynəlxalq qurumlar, eləcə də Rusiya, Amerika Qarabağ məsələsi ilə bağlı müəyyən qədər fəallaşıblar. Belə bir dövrdə cəbhə bölgəsində ermənilər tərəfindən hər hansı təxribatın törədilməsi gözləniləndir. Onları hələlik yalnız Azərbaycan ordusunun gücü, silahı yerində durmağa, bundan çəkinməyə məcbur edir".
 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM