Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində təxribata əl ataraq yanğınlar törətməyə cəhd ediblər.
Anews.az-ın AzərTAC-a istinadən məlumatına görə, Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, son günlər düşmən Ermənistan tərəfi yerli mediya orqanlarının və ermənilərə himayədarlıq edən xarici kütləvi informasiya vasitələrinin köməyi ilə Naxçıvan Muxtar Respublikasının həmsərhəd olduğu ərazilərin, xüsusilə də Arazdəyən yaşayış məntəqəsinin Azərbaycan hərbçiləri tərəfindən atəşə tutulması dezinformasiyalarını yaymaqla məşğuldur. 44 günlük Vətən müharibəsi ilə məğlubedilməzlik mifi darmadağın edilən və bu gün xaosun hökm sürdüyü erməni ordusunda qeyri-döyüş şəraitində baş verən itkilərin, xüsusilə də intihar hallarının ört-basdır edilməsi üçün güya müxtəlif mənbələrdən alınmış yalan məlumatların yayılması ilə ordumuz haqqında mənfi düşüncələrin yaradılmasına çalışılır, Azərbaycan mövqeləri atəşə tutularaq vəziyyət gərginləşdirilir.
Ermənistan - Azərbaycan dövlət sərhəddinin Arazdəyən-Sədərək istiqamətində həm şəxsi heyətə, silah və texnikaya qarşı düşmən təxribatlar törədir, həm də ərazilərimizə ekoloji ziyanın vurulması üçün mütəmadi olaraq müxtəlif üsullara əl atılır. Düşmənin bu təxribatlarının qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınır.
Dezinformasiyalarla öz əhalisini və dünya ictimaiyyətini aldatmağa davam edən düşmən tərəfi güya İrəvan-Arazdəyən-Kərki istiqamətindəki yolun da atəşə tutulduğu yalanını tirajlayır. Arazdəyən istiqamətində çəkilişlər aparan zaman həmin yolun tam işlək vəziyyətdə olduğunu gördük.
Çəkilişlər zamanı qarşı tərəfin mövqeləri arasında mülki geyimdə bir neçə nəfərin gəzişdiyinin şahidi olduq. Əgər atəşkəs bizim tərəfdən pozulursa və ilk atəşi biz açırıqsa o zaman düşmən əsgərləri niyə bu cür rahat hərəkət edirlər? Çünki erməni tərəfi Azərbaycan Ordusunun hərbi qulluqçularının heç vaxt mülki əhaliyə atəş açmadığını yaxşı bilir. Məhz ona görə də erməni komandanlığı öz hərbçilərini qəsdən mülki geyimdə ön xətt boyu təxribatlara cəlb edir.
Çəkiliş müddətində görüb şahidi olduq ki, əməliyyat şəraiti Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin tam nəzarətindədir və Naxçıvan sərhəddi boyu erməni vandallarının törədə biləcəyi təxribatlarının qarşısı qətiyyətlə alınır və alınacaqdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !