Ermənilər Xankəndində evləri satışa çıxardı - Ümidlər Azərbaycana qalıb

18:52 | 13.04.2021
Ermənilər Xankəndində evləri satışa çıxardı - Ümidlər Azərbaycana qalıb

Ermənilər Xankəndində evləri satışa çıxardı - Ümidlər Azərbaycana qalıb

Son vaxtlar erməni saytlarında Xankəndində evlərin satılması ilə bağlı elanlar yerləşdirilir.
Bir neçə ay öncə, satışa çıxarılan evlərin qiyməti fantastik dərəcədə şişirdilsə də, bu günlərdə erməni daşınmaz əmlak saytlarında apardığımız müşahidə onu göstərdi ki, mənzillərin satış qiymətlərində təqribən 30 faiz ucuzlaşma müşahidə edilir.
Mövzuya münasibət bildirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Metbuat.az-a müsahibəsində bildirdi ki, bu gün ermənilərin məqsədləri öz mənzillərini Azərbaycan hökumətinə baha qiymətlərə sataraq həmin ərazilərdən çıxıb getməkdir.


"Xankəndi və digər işğaldan azad olunan ərazilərdə satılan mənzillər hətta Sumqayıt şəhərindəki mənzillərdən də baha qiymətə satışa çıxarılıb. Təbii ki, bu yanaşma ermənilər tərəfindən düşünülmüş bir addımdır. Amma ermənilər istədiyi kimi mənzilləri qiymətləndirib, sata bilməzlər. İşğaldan azad edilən torpaqlarda mənzillərin alqı-satqı prosesi Azərbaycan qanunvericiliyinə uyğun aparılmalıdır. Bir vaxtlar qondarma rejim Qarabağda yaşayan ermənilərə təqdim etdiyi əmlak və digər sənədlər Azərbaycan tərəfindən qəbuledilməzdir''.

Ekspert deyir ki, Azərbaycan qanunvericiliyə uyğun olaraq, Xankəndi və ətrafında satışa çıxarılan mənzillərin satışı zamanı diqqətə alınması vacib bir neçə məsələ var.
''İşğaldan azad edilən torpaqlarda hazırda minalardan təmizlənmə prosesi davam edir. Bu uzun müddəti əhatə edəcək bir əməliyyatdır. Təbii ki, hər addımında mina gizlənmiş bir ərazidən baha qiymətə mənzil almaq üçün çox düşünmək lazımdır.
Ermənilər o ərazilərdə baha qiymətə satdıqları mənzilləri Ermənistanın paytaxtı İrəvanın daşınmaz əmlak bazarına uyğun qiymətlərə əsasən dəyərləndirirlər. Halbuki, bu doğru deyil. Həmin ərazilərdə istənilən prosedur və qayda-qanun, Azərbaycan qanunvericiliyə uyğun aparılmalıdır. Burada bir neçə nüans var.
Birincisi, həmin ərazidə yaşayan ermənilərin əllərində olan mənzil sənədləri ləğv edilməli və yenidən həmin əmlakların sənədləşdirilmə prosesi aparılmalıdır.
İkincisi isə, ermənilər həmin mənzilləri satmaq üçün mütləq şəkildə Azərbaycan hökümətinə müraciət etməlidirlər. Yalnız işğaldan azad edilmiş həmin ərazilərdə Azərbaycan qanunları tətbiq edildikdən sonra, hər bir erməni də bu qaydalara uyğun davranaraq, alqı–satqı prosedurunu aparmalıdır.
Üçüncü məsələ də odur ki, satışlar manatla və natorial qaydada, əməliyyatlar Azərbaycan ərazisində fəaliyyət göstərən yerli banklarda aparılmalıdır. Bunun üçün yerli bankların Qarabağda da filialın olması labüddür. Həmçinin alqı-satqı proseduru Azərbaycanın digər bölgələrində necə aparılırsa o qayda da həmin ərazilərdə davam etdirilməlidir''.


Ekspert bildirdi ki, burada digər əsas məsələ ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməsidir. Azərbaycan vətəndaşı olmayan erməni, Xankəndi və ətrafında nə torpaq ala bilər, nə də alqı-satqı əməliyyatları apara bilər.
''Azərbaycan qanunvericiliyinə görə, xarici vətəndaşlar Azərbaycan ərazisindən mənzil ala bilsələr də torpaq sahəsi satın ala bilmirlər. Bunun üçün Azərbaycan vətəndaşlığını qəbul etmək lazımdır. Bütün bu proseslərə ermənilər əməl etsələr belə onların mənzillərinin qiyməti fantastikdir.
Nə vaxt infrastruktur tam qurularsa, o zaman hansısa alqı-satqı və ya tikinti işlərindən söhbət gedə bilər. Sülhməramlıların olduğu ərazilər adətən münaqişə zonası sayılır. Belə yerlərdən mənzil alıb və ya torpaq alıb ev tikməyə siravi vətəndaşlar maraqlı deyillər''.
Məlumat üçün bildirək ki, dekabr ayında satışa çıxarılan 3 otaqlı mənzil 45 min dollara təklif olunurdusa, hazırda 41 min dollara təklif edilir. 2 otaqlı mənzillər 2-3 ay əvvəl 35-36 min ollara təklif edildiyi halda, indi 27-30 min dollara kimi aşağı düşüb.
Erməni mətbuatı tez-tez Xankəndində yaşayan ermənilərin bu ərazilərdən köçdüyü ilə bağlı məlumatlar dərc edərək qeyd edirlər ki, artıq mənzillərə tələb olmadığı üçün qiymətlər aşağı düşməyə başlayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM