Ermənilər yenidən ağ bayraqla atəşkəs istədi…

00:38 | 18.10.2020
Bir neçə dəqiqə əvvəl Azərbaycanla Ermənistan arasında növbəti humanitar atəşkəs razılaşması qüvvəyə minib. Bu dəfə razılaşma Minsk qrupuna rəhbərlik edən ABŞ, Fransa və Rusiyanın təşəbbüsü ilə həyata keçib.
 
"Qafqazinfo"nun verdiyi xəbərə görə, son günlər cəbhədə ard-arda uğursuzluğa uğrayan düşmən atəşkəs üçün dünya ölkələrinə yalvarış müraciətlərinə başlamışdı. Bu gün beynəlxaq təşkilatlar və dünya liderlərinin vasitəçiliyi ilə Azərbaycan növbəti dəfə humanist addım atdı. Erməni silahlı qüvvələri cəbhədəki məğlubiyyəti ört-basdır etmək, həm də Azərbaycan daxilində təşviş yaratmaq üçün mülki əhalini atəşə tutsa da, istəyinə nail ola bilmədi. Döyüşlərin başladığı ilk gündən öz xislətinə uyğun olaraq Bərdə, Tərtər, Goranboy, Naftalan, Ağcabədi və Gəncəni artilleriya və raket atəşinə tutan Ermənistan Azərbaycan xalqının Ordunun və Ali Baş Komandanın ətrafında sıx birləşdiyini, daxildə heç bir narazılıq, heç bir təşviş olmadığını görərək, düşdükləri sonuncu yolun onlara xeyir vermədiyini anladı. 
 

Bundan sonra Ermənistan hərbi-siyasi rəhbərliyi müxtəlif vasitəçilərlə Azərbaycan dövlət başçısına atəşkəşlə bağlı yalvarışlarını, xahişlərini çatdırdı. 

Humanitar atəşkəs hərbi əməliyyatlar gedişində dəyişilmiş status-kvonun siyasi və diplomatik müstəviyə daşınması deməkdir. Prezident İlham Əliyevin bildirdiyi kimi, artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir. Ermənistanın havadarları Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini başa düşüb.  Şanlı Ordumuzun döyüş meydanında qazandığı uğurlar diplomatik cəbhədə də nailiyyətlərimizin artmasına səbəb olur.

Son günlər dünyanın bir sıra nəhəng ölkələri Qarabağ məsələsində öz strateji maraqlarına uyğun addımlar atmaq istəyir. Bu maraqlara qarşı durmaq özü bir məharət tələb edir və Prezident İlham Əliyev həmin ölkə rəhbərləri ilə ustalıqla eyni dildə danışır. Elə bizi son həftələr hərb və diplomatiya meydanında qələbəyə aparan da məhz bu məharətdir.

Azərbaycan yenə də humanitar atəşkəs rejiminə sadiqliyini nümayiş etdirdi. Əslində bu, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birinci günkü toplantısı ərəfəsində növbəti taktiki gedişidir. Qarabağ naminə atılan bütün addımlarda Ali Baş Komandanımızın yanındayıq!

Prezident İlham Əliyev həmişə, o cümlədən Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirib. Ölkə başçısı düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edir. Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir. Azərbaycan işğalla heç zaman barışmayacaq. Biz Aprel döyüşlərində də düşmənə sarsıdıcı zərbə vurmuşuq. Amma sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları miqyasına görə daha böyük əməliyyatlardır. Bu müddət ərzində Azərbaycanda milli birlik, həmrəylik nümayiş edildi. Kiçikdən böyüyə hər kəs Azərbaycan əsgərinə dəstək nümayiş etdirdi. Cəbhəyə könüllü getmək istəyənlər yenidən səfərbər oldular. Yaşadığı yerdən asılı olmayaraq bütün soydaşlarımız, o cümlədən Azərbaycanı dəstəkləyən hər bir kəs bütün informasiya platformalarında həmrəy olub Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fədakarcasına mübarizə apardılar.

10 gündən çox davam edən döyüşlər 30 ildir dondurulmuş münaqişənin həllində artıq yeni istiqamətlər açıb. Ordumuzun cəbhədə əldə etdiyi nailiyyətlər diplomatik müstəvidə də uğur qazanmağımıza səbəb oldu.

Azərbaycana qarşı iddia və hikkələrlə danışan Paşinyan artıq kapitulyasiya olmaq astanasındadır.  Ermənistan rəhbərliyinin danışıqlarda Azərbaycana şərt qoymaq, danışıqlar prosesinin formatını dəyişmək kimi bütün iddiaları darmadağın edildi. Ermənistan Azərbaycanın tələb etdiyi şərtlər əsasında danışıqlar prosesinə getmək üçün bu gün özü yalvarır. 
 

Prezident həqiqətən də bilir nəyi, nə vaxt, necə etmək lazımdır. Ona görə də istər keçən həftə əldə olunan humanitar atəşkəs, istərsə də bu gün humanitar atəşkəs çərçivəsində davranışlarımız bizim mövqelərimizi hamının gözündə gücləndirdi. Bu günə qədər olduğu kimi, bundan sonra da hər bir vətəndaş Ali Baş Komandanın ətrafında səfərbərdir. 

Bugünkü uğurlarımız, torpaqlarımızın bir-bir işğaldan azad olunması Prezidentin, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun uğurudur. Son həftələrdə kəndlərimizin, yüksəkliklərimizin, strateji Horadiz qəsəbəsinin, bu gün isə Füzuli şəhərinin azad olunması, düşmənin çoxsaylı texnikası və canlı qüvvəsinin məhv edilməsi Azərbaycan Ordusunun gücünü bir daha nümayiş etdirdi. Və biz sübut etdik ki, müasir müharibə necə olmalıdır. Biz düşmənə həm də 21-ci əsrin müharibə dərsini keçdik. Azərbaycan bu döyüşlərdə dronlardan geniş istifadə etməklə müharibə tarixində dünya ölkələrinə praktiki dərs keçdi. Ermənistan artıq 90-cı illərin Azərbaycanı ilə vuruşmadığını anladı. Bu döyüşlərdən təkcə Ermənistan dərs çıxartmadı, ona havadarlıq edən qüvvələr də Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun gücünü gördü. 

Ermənilər anladılar ki, hər pozduqları atəşkəs bir yeni yaşayış məntəqəmizin, şəhərimizin azad olunması və yüzlərlə erməni əsgərinin, hərbi texnikasının məhv edilməsi deməkdir. Bu gün Gəncənin qisasını döyüş meydanında alan Azərbaycan düşməni yenidən danışıqlar masasına gətirdi. Ermənilər yenidən ağ bayraqla atəşkəs istədi. Hərb və diplomatiya meydanında mərdcəsinə döyüşən Azərbaycan hər iki meydanda-həm hərb, həm də diplomatiya meydanında qələbəyə doğru gedir.

Azərbaycan bu döyüşlərdə Ermənistanın ordusunu darmadağın etdi, bundan sonra düşmən bizimlə hərb dilində danışmağa cəhd etmək barədə düşünərkən belə artıq iki dəfə fikirləşməli olacaq. Azərbaycan Ordusu Ermənistana pay verilən zenith-raket komplekslərini, tanklarını, artilleriya sistemlərini, canlı qüvvəsini məhv etdi. Cəmi 1,5 milyard pul dövriyyəsi olan Ermənistana 2 milyard dollardan çox ziyan vuruldu. İki şəhər mərkəzi və 50-yə yaxın kəndin 20 günlük döyüşlərdə işğaldan azad edildiyi açıqlandı. 

Döyüş meydanında Azərbaycan əsgərlərinin əldə etdiyi uğurlar diplomatiya meydanında da uğurlara çevrilir və danışıqların şərtlərini Azərbaycan tərəfi müəyyən edir.

Bu şərtlərin nədən ibarət olduğunu isə Prezident İlham Əliyev çıxışlarında dilə gətirib. Ermənistan işğal olunmuş torpaqlarımızdan çıxmalıdır. Əgər bu baş verməsə, Azərbaycan Ordusu bir qarış torpağımızı belə düşmən tapdağı altında qoymayacaq.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti