Ermənistan canlı itkilərini gizlədə bilmir

11:36 | 08.08.2014
Ermənistan canlı itkilərini gizlədə bilmir

Ermənistan canlı itkilərini gizlədə bilmir

Cəbhədəki son döyüşlərdə 47 erməni hərbçisi öldürülüb; XİN-in sabiq başçısı: “Hər gün gənc hərbçilərimizi itiririk...”Qarabağ münaqişəsi zonasında vəziyyət gərgin olaraq qalır. Avqustun ilk günlərində qarşıdurmanın daha böyük miqyas alması canlı itkilərdə də özünü göstərmiş oldu. Lakin Azərbaycan tərəfi öz itkilərini bəyan etməkdən çəkinməsə də, işğalçı Ermənistan daxildə güclü ictimai narazılıqların baş qaldıracağından ehtiyatlanaraq, onları israrla gizlətməyə, kiçiltməyə çalışdı. İndi də rəsmi İrəvan təbliğatda və antitəbliğatda ənənəvi yalana söykənərək yalnız 5-6 hərbçinin öldürüldüyünü, Azərbaycanın isə qat-qat çox itki verdiyini iddia edir. Bununla belə, ermənilərin itkiləri rəsmi səviyyədə olmasa da, işin içində olan, o sırada vaxtilə yüksək dövlət postları tutmuş  ayrı-ayrı şəxslər, ekspert və analitiklər tərəfindən etiraf olunmaqdadır.              “Rusiya münaqişəni qızışdırmaqla Qarabağ konflikti zonasına öz hərbi qüvvələrini yerləşdirməyə can atır”. Musavat.com-un erməni KİV-ə istinadən verdiyi xəbərə görə, Ermənistanın keçmiş xarici işlər naziri, deputat Aleksandr Arzumanyan bu fikirdədir. Arzumanyanın əminliyinə görə, Rusiyanın təxribatları ucbatından erməni tərəfi hər gün hərbi qulluqçular itirir. “İndi çoxları müharibənin bərpa olunmasından danışır. Mənim dərin inamıma görə, Ermənistanla Azərbaycan arasında münasibətləri məhz Rusiya kəskinləşdirir”, - deyə keçmiş diplomat qeyd edib. Bu arada bəlli olub ki, cəbhə xəttində son gərginlik zamanı 47 erməni hərbçisi məhv edilib. Rusiyadakı diplomatik mənbələrdən APA-ya daxil olan məlumata görə, Ermənistan-Azərbaycan dövlət sərhədi və qoşunların təmas xəttində Ermənistanın kəşfiyyat-təxribat qruplarının Azərbaycan Silahlı Qüvvələrinin mövqeyinə basqını zamanı 47 erməni hərbçisi məhv edilib, 100-dən çoxu isə yaralanıb. Ölənlərdən 17-si Ermənistan ordusunun Dağlıq Qarabağda dislokasiya olunmuş hərbi hissələrinin əsgəri, 30-u isə Dağlıq Qarabağdakı separatçı rejimin nəzarətində olan muzdlu hərbi qulluqçudur.

Mənbə bildirib ki, Ermənistan ordusunun məhv edilmiş əsgərlərinin adları tədricən açıqlansa da, öldürülmüş muzdlu hərbçilər barədə informasiya qapalı saxlanılır.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti və nazirliyin rəsmi şəxsləri də ermənilərin dəfələrlə çox itki verdiyi barədə məlumat yayıblar.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM