Ermənistan Qarabağı Rusiyaya təhvil verir

13:51 | 18.10.2017
Ermənistan Qarabağı Rusiyaya təhvil verir

Ermənistan Qarabağı Rusiyaya təhvil verir

İrəvanda və Moskvada bir sıra ekspertlər Dağlıq Qarabağın tezliklə Rusiyaya veriləcəyindən bəhs etməyə başlayıblar.

İstiPress-in məlumatına görə, bu mövqeni nümayiş etdirən siyasi şərhçiləri əsas kimi Serj Sarkisyanın İlham Əliyevlə Cenevrə görüşündən sonra İsveçrədəki erməni diasporuna ünvanlanmış açıqlamasını əsas götürürlər.

Münaqişənin sadə həll variantı olmadığından şikayətlənən Serj Sarkisyan üzünü bütün ermənilərə tutmuşdu: "Mən istəyirəm ki, hamı əmin olsun - biz Qarabağın təhlükəsizliyini təhdid edən həll variantı görmürük. Bizdən ötrü yeganə həll Azərbaycandan kənar Qarabağdır”.

Ermənistan prezidentinin keçmiş muxtar vilayətin adını bir dəfə də olsun uydurma "Artsax” variantında çəkməməsi, həmçinin "ikinci erməni dövlətinin oturuşmuş müstəqilliyindən”, yaxud Ermənistana birləşdirilməsindən danışmaması əksər şərhçiləri də belə qənaət yaradıb ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını Rusiyaya təhvil vermək istəyir.

Qeyd edək ki, bu fikir erməni ictimai fikrində birinci dəfə səslənmir. İlk dəfə belə təkliflə Qarabağ separatçılarının ustadı, Serj Sarkisyanın yaxın adamı, bədnam publisist Zori Balayan çıxış etmişdi. Rusiyanın Krımı ilhaq etməsindən sonra Vladimir Putinə məktub yazan Balayan Qarabağı da ilhaq etməyi təklif etmişdi. 

Məhz bu məqam rusiyalı ermənipərəst şərhçi Stanislar Tarasovun diqqətini çəkib. Tarasov "Regnum”da bu məsələ ilə bağlı yazdığı məqaləsində Sarkisyanın Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmasına hansısa üçüncü əlin mane olduğunu bildirir və həmin üçüncü əlin Rusiya olduğuna işarə edir.

Tarasovun iddiasına görə, bu yerdəyişmə Azərbaycanın ürəyincədir, amma Ermənistan buna Azərbaycanla potensial müharibə təhlükəsi qarşısında razılaşıb. Şərhçi Azərbaycanın bu addımını "döyüşü uduzub, müharibəni udmaq” kimi dəyərləndirib. 

Yəni məntiq aydındır - Ermənistan ordusu işğal bölgəsini tərk edəndən və yerinə Rusiya ordusu gələndən sonra qaçqınlar də geri qayıda bilər. Bu isə işğal bölgəsində balansın azərbaycanlıların xeyrinə dəyişməsi ilə nəticələnər, yekun statusun müəyyənləşməsinə Ermənistanın təsiri sıfra enə bilər. Bu variantda hər şey Rusiya ilə Azərbaycanın münasibətlərindən asılı ola bilər.

Lakin Azərbaycan Xarici İşlər Nazirliyinin keçmiş işçisi, politoloq Fikrət Sadıqov İstiPress-ə müsahibəsində bu variantı qeyri-mümkün sayır:

"Sarkisyanın Ermənistan ordusunu işğal zonasından çıxaracağına inanmaq çox çətindir. Hər halda, o hər yerdə, hətta BMT kürsüsündə belə iddia edir ki, tanınmasa belə, Qarabağın müstəqilliyi artıq alınıb. Yəni ermənilər müharibə olmadan işğal edilmiş əraziləri heç vaxt qaytarmayacaqlar”.

Fikrət Sadıqovun fikrincə, münaqişənin həllini nəzarətə götürmüş supergüclər də bu varianta yol verməzlər: "İstər Rusiya olsun, istərsə də Amerika, bu variantda regiona təsir imkanlarını itirə bilərlər. Onların məqsədi isə münaqişəni həll etmədən regiona nəzarət etməkdir”.

Politoloq düşünür ki, Azərbaycan yaranmış vəziyyətdə Madrid prinsipləri üzrə danışıqları davam etdirməlidir, eyni zamanda, iqtisadi və hərbi gücünü getdikcə artırmalıdır. Bu, həm də gələcəkdə - beynəlxalq güclər balansı imkan verən zaman Azərbaycanın tarixi İrəvan və Zəngəzur bölgələrini geri qaytarmağa imkan yarada bilər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM