Azərbaycanda rəsmi səfərdə olan Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.
APA-nın məlumatına görə, görüş zamanı O. Əsədov qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına xüsusi töhfə verdiyini qeyd edib, dövlət başçılarının qarşılıqlı səfərlərinin əməkdaşlığın genişlənməsində mühüm rol oynadığını vurğulayıb.
Milli Məclisin sədri parlamentlərarası əlaqələrdən də söhbət açıb. O, həmçinin iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Ali qonağa ölkəmizin həyata keçirdiyi nəhəng layihələr barədə də məlumat verilib.
Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Milli Məclisin sədri ölkəmizin ərazisinin 20 faizinin hələ də işğal altında qaldığını, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb. O qeyd edib ki, BMT Təhlükəsizlik Şurası və digər nüfuzlu beynəlxalq təşkilatların müvafiq qətnamələrinə baxmayaraq, Ermənistan rəhbərliyi təcavüzkar mövqeyindən əl çəkmir.
Vyetnam prezidenti isə Azərbaycana səfərindən məmnun olduğunu bildirib. Ali qonaq ölkəsinin Azərbaycanla əlaqələrin möhkəmlənməsində maraqlı olduğunu söyləyib. Vyetnam prezidenti Azərbaycanın Sovet İttifaqı dövründə ölkəsinə yardımından, xüsusilə neft-qaz sahəsində kadrların hazırlanmasında köməyindən danışıb və bunu yüksək qiymətləndirib.
Azərbaycanın keçdiyi inkişaf yolunu yüksək qiymətləndirən Ç. Şanq ölkəmizin beynəlxalq aləmdə böyük nüfuz qazandığını vurğulayıb. O həmçinin ölkələrimizin beynəlxalq təşkilatlarda birgə əməkdaşlığından məmnunluğunu bildirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !