"Ermənistanda vəziyyət getdikcə pisləşəcək" - POLİTOLOQ RƏYİ

17:04 | 05.12.2014

"Ermənistanda vəziyyət getdikcə pisləşəcək" - POLİTOLOQ RƏYİ

"Ermənistanın Avrasiya İttifaqına qoşulması gözlənilən bir qərar idi".

ANN.Az xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulma barədə sənədi təsdiqləməsinə fikir bildirərkən deyib.

 "Burada sensasion bir şey yoxdur. Çünki Ermənistan Rusiyanın tam nəzarətindədir. Onun başqa seçimi də yoxdur. Ən azı Rusiyanın Ermənistandakı hərbi bazalarının Ermənistan-Rusiya ikitərəfli hərbi əməkdaşlıq haqqında müqaviləsinə əsasən indidən, bu gündən başlayaraq növbəti 48 il müddətinə hüquqi statusu var. Deməli Rusiyanın hərbi bazasının ərazisində olduğu, digər tərəfdən Azərbaycan və Türkiyə tərəfindən təcrid olunmuş Ermənistanın başqa bir seçimi ola da bilməzdi. Və nəhayət unutmayaq ki, Ermənistanın daxili siyasi durumu tamamilə Rusiyanın nəzarətindədir: müxalifəti də, iqtidarı da. Ermənistandan başqa bir qərarın verilməsini gözləmək də sadəlövhlük olardı".

Ermənistanın başqa seçimi olmadığını deyən politoloq bildirib ki, rəsmi Yerevanın ittifaqa qoşulması Ermənistanın iqtisadi durumunu yaxşılaşdırmayacaq:
"Bu mümkün də deyil. Çünki indiki şəraitdə Rusiyanın iqtisadi durumu imkan vermir ki, Ermənistana hansısa yardım etsin, yaxud da iqtisadiyyatını dirçəltsin. Vəziyyət getdikcə pisləşəcək".

Ə. Oruclu həmçinin bildirib ki, Azərbaycanın Avrasiya İttifaqına qoşulub-qoşulmaması bir çox amillərdən asılıdır:
"Güman etmirəm ki, Azərbaycan bu quruma qoşulacaq".

Tofiq Əli
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti