Yol nəqliyyatı üzrə ekspert Ərşad Hüseynov sürücülərə əlavə məlumatlar verilməsi ilə bağlı təklif irəli sürüb.
Anews.az xəbər verir ki, ekspert sürücünün vəsiqəsinin müddətinin bitməsinə az qalmış ona xəbərdarlıq SMS-i göndərməyi təklif edib.
E. Hüseynov təklifin haradan qaynaqlandığıdan da söz açıb: "Öz səliqəliliyi, intizamlılığı və qanunsevərliyi ilə seçilən tanışlardan biri bu günlərdə sürücülük hüququ olmadan avtomobil idarə etdiyinə görə 100 manat cərimə olunub. Mənə təəccüblə zəng vurub deyir ki, bəs diqqət etməmişəm, vəsiqənin etibarlılıq müddəti cəmi 5 gün əvvəl bitib. Polis sadə bir səbəbə görə saxladı, yoxlayanda məlum oldu ki, müddət bitib.
Doğrudan da, vəsiqənin müddəti bitəndə sürücü avtomobil idarə etmək hüququnu itirir. Qanunun formal tələbi belədir. Ona görə diqqətli olmaq və vaxt keçməmiş vəsiqəni dəyişmək lazımdır.
Amma bu əhvalat ağlıma maraqlı bir ideya gətirdi. DYP-nin Mərkəzi informasiya sistemində hər kəsin sürücülük vəsiqəsinə aid və başqa məlumatlar var. Sürücülərin törətdiyi qayda pozuntularının qeydiyyatı, onlara görə sürücülərə məlumat verilməsi də bu sistem vasitəsilə edilir.
Məsələn, çoxlarına SMS gəlir ki, qaydanı pozmusan, barəndə protokol var. Bu sistemdən sürücünün vəsiqəsinin müddətinin bitməsinə az qalmış ona xəbərdarlıq SMS-i göndərmək üçün istifadə edilsə, heç bir problem olmaz. Necə ki, indi bunu, İcbari sığortalar bürosu (9707) edir, eyni şeyi DYP də özü və ya Asanpay vasitəsilə edə bilər. Belə SMS məlumatlandırma olsa, yuxarıda bəhs etdiyim tanışım kimi başı çox qarışıq olan adamlar vaxtında vəsiqəsini dəyişər”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !