"Əsas məqsədimiz təması minumuma endirmək idi"- Ramin Bayramlıdan açıqlama- VİDEO

15:24 | 08.06.2020

"Əsas məqsədimiz təması minumuma endirmək idi"- Ramin Bayramlıdan açıqlama- VİDEO

TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı 6-8 iyun tarixində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda tətbiq edilən küçəyə çıxma qadağasına əməl edən vətəndaşlara Operativ Qərargah və bütün həkimlər adından təşəkkür edib.

R.Bayramlı "Qafqazinfo”ya müsahibəsində bildirib ki, sərt karantin rejimi tətbiq edilən yerlərdə əhali həmrəylik nümayiş etdirərək qaydalara əməl edib:
"Bildiyiniz kimi, Operativ Qərargahın qəbul etdiyi qərarla ötən həftə sonu ölkəmizdə əvvəlcədən müəyyən olunmuş klastrlar üzrə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda küçəyə çıxma qadağası tətbiq edildi. Bir daha bildirək ki, verilmiş qərar ciddi elmi statistik təhlillərə əsaslanaraq verilmişdi. Həftəsonu tətbiq olunan küçəyə çıxma qadağası ümumilikdə bizim arzu etdiyimiz istiqamətdə getdi. Fürsətdən istifadə edərək əziz vətəndaşlarımıza, hörmətli həmvətənlərimizə Operativ Qərargah adından, Operativ Qərargahın Tibbi bölməsi adından, bütün Azərbaycan həkimləri və tibb işçiləri adından təşəkkürümüzü bildiririk. Həqiqətən də vətəndaşlarımız çox ciddi həmrəylik nümayiş etdirdilər. Demək olar ki, əksəriyyət tətbiq olunan sərt karantin rejiminin tələblərinə əməl etdi. Bizə gələn çoxsaylı müraciətlərdə, sosial media üzərindən ünvanlanan müraciətlərdə hər kəs bundan məmnunluğunu ifadə edirdi. Cəmiyyətimizin bütün kəsimləri qeyd edirdilər ki, buna ciddi ehtiyac var, digər həmkarları da buna əməl etməyə dəvət edirdilər.
Çox az problemlər yaşandı. Öncədən profilaktik tədbirləri görməyə çalışırdıq. Xüsusilə 103 təcili yardım xidmətimizə müraciətlər artdı. Bununla əlaqədar olaraq çox az da olsa, gecikmələr oldu. Bunu etiraf etməliyik. Bu şəkildə küçəyə çıxma qadağası ilk təcrübə idi. Burada hər hansı bir nöqsanların olmasını da gözləyirdik, maksimum çalışırdıq ki, buna yol verilməsin. Bu da nə ilə əlaqədar idi? Bildiyiniz kimi gündəlik olaraq təcili yardım həkimlərimiz çağırışlara evlərə gedirlər və COVİD-19 xəstəliyinə şübhəli şəxslərdən müayinələr götürürlər. Onların analiz nəticələri çıxandan sonra isə pozitiv çıxan bütün şəxslər xüsusi rejimli xəstəxanalarımıza təxliyyə edilir. Əlavə olaraq da, təcili yardım xidmətimizin digər briqadaları başqa xəstəliklərin çağırışına gedirlər. Amma küçəyə çıxma qadağası ilə əlaqədar bəzi ən xırda hallarda, şikayətlərdə belə vətəndaşlar təcili yardım xidmətlərinə müraciət ediblər. Baş ağrısı yaxud hər hansısa bir dərmanlar üçün təcili yardıma müraciət ediblər. Belə hallar olub və ümumilikdə bununla əlaqədar olaraq çağırış saylarımız 800-ə qədər artıb. Biz bir daha öz daxili resurslarımızı analiz edərək müəyyən tədbirlərin görülməsi qərarını artıq vermişik. Lakin bir daha hörmətli vətəndaşlarımızdan xahiş edərdik ki, əgər gələcəkdə yenidən karantin rejimi tətbiq ediləcəksə, belə halların baş verməməsi üçün xırda çağırışlara ehtiyac duyulan məsələlərin tədbirləri öncədən görülsün. Məsələn, dərmanların alınması kimi.

Amma ümumilikdə, çox ciddi problem yaşamadıq. Çox böyük həmrəylik nümayiş etdirildi. Xalqımız, vətəndaşlarımız, karantin tətbiq edilən şəhərlərin sakinləri əl birliyi, el birliyi ilə bu çətinliyin öhdəsindən gəldi. Biz bundan çox məmnunuq. Vətəndaşlarımızın davranışı, həmrəyliyi ilə həkim həmvətənlərinin, tibb işçilərinin üzərinə düşən yük azalacaq. Bu, ona xidmət edir, bunun kifayət qədər əsasları vardır. İrəlidəki günlərdə əminəm ki, bunun şahidi olacağıq.
İki gün öncə əməl etdiyimiz qaydaların nəticəsini həftə başlayan kimi gözləyə bilmərik. COVİD-19 xəstəliyinin inkubasiya müddəti 7-14 gündür. Biz iki gün ərzində insanların təmasını minimuma endirdik.

Bəzi vətəndaşlardan suallar gəlir ki, virus həftənin 5 günü yayılmır ki, iki gün üçün bu qərar verilib? Son iki günün qərarının qəbul edilməsi onunla əlaqədardır ki, bu günlərdə iş aktivliyi onsuz da aşağı idi. Əsas məsələ də bu idi ki, biz təması minimuma endirək. Biz bu həftəsonu həmvətənlərimizin ciddi həmrəliyi ilə buna nail olduq. Bir daha vətəndaşlarımızı özlərinin və yaxınlarının sağlamlıqlarına biganə yanaşmamağa dəvət edirik. Bu xəstəlik bizimlə uzun müddət qalacaq. Ancaq biz cəmiyyətdəki aktivliyi, iqtisadi, sosial fəallığı, iş fəallığını qətiyyən itirmək istəmirik. Bizim arzumuz ondan ibarətdir ki, normallaşma prosesinə gedək, nə vaxt ki, xəstəliyin vaksini, dərmanı tapılacaq, onda məsələ kökündən öz həllini tapacaq. Ancaq bu gün üzərimizə düşən budur ki, normallaşmaya tədricən gedək. 

Elan olunan bütün ictimai və qapalı yerlərdə maskadan istifadə edək, bütün məntəqələrdə, iş yerlərində fiziki məsafəni qoruyaq və əl gigiyenasına diqqət edək. Həftəsonunda tətbiq olunmuş küçəyə çıxmaq qadağası o vaxt əhəmiyyətli olacaq ki, biz həftə içində də bunlara əməl edək.
Statistik göstəricilərə, mütəxəsisslərin rəylərinə və tibbi qərargaha cəlb olunmuş alimlərin apardığı təhlillərə əsaslanaraq əminliklə ifadə etmək istəyirəm ki, əgər biz bunlara əməl etsək, çox qısa müddətdə normallaşma prosesinə gedə biləcəyik. Yəni, artıq biz küçəyə çıxma qadağalarından danışmaya biləcəyik. Vətəndaşları növbəti mərhələlərdə də tətbiq ediləcək hər hansı qaydalara bir daha əməl etməyə dəvət edirik”.
R.Bayramlı qeyd edib ki, növbəti günlərdə də müşahidələr davam etdiriləcək:



"İki gün ərzində virusa yoluxmanı nə qədər minimuma endirə bildiyimizin təhlilini indi verə bilmərik. Əlimizdə bu təcrübədən istifadə edən digər ölkələrin nəticələri var. Buna əsaslanaraq yoluxmanın azalacağını gözlədiyimizi deyə bilərik. Ancaq bir-iki həftə sonra aparacağımız statistik təhlillər bunun əhəmiyyətini göstərəcək. Buna görə də planlanır ki, önümüzdəki həftə sonları və həftə sonlarını bayrama bağlanan günlərdə də bu tətbiq olsun. Bu şərtlə ki, insanlarımız işə icazə verilən günlərdə qaydalara əməl etsinlər. Bunların hamısının kompleks nəticəsi təhlil olunduqdan sonra gələcək həftələrdə, ümumiyyətlə, qadağalardan danışmaya bilərik. Bir daha qeyd etmək istəyirik ki, biz qətiyyən sərt qadağaların tərəfdarı deyilik, tədricən normallaşmanın tərəfdarıyıq. İnsanlarımızın bizimlə birlikdə həmrəylik göstərməsi, ictimai qınaqla digər həmvətənləri bu qaydalara əməl etməyə çağırması çox önəmlidir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM