Ətin qiyməti niyə artır?

16:20 | 13.09.2017
Ətin qiyməti niyə artır?

Ətin qiyməti niyə artır?

Azərbaycanda ət məhsullarının bahalaşmasına aydınlıq gətirilir.

anews.az xəbər verir ki, Sosial-İqtisadi və Ekoloji İnkişaf İctimai Birliyinin sədri, ekspert Rahilə Mehdiyeva Trend-ə bildirib ki, istehlak bazarında satılan ət əsasən şəxsi həyətyanı və kiçik fermer təsərrüfatlarında yetişdirilən və qismən də xaricdən idxal olunan diri heyvanlar hesabına təmin olunur.

Bu heyvanlar satışa çıxarılmazdan öncə 3-4 ay ərzində qapalı şəraitdə kökəldilir: "Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyun ayları ərzində ət məhsullarının qiyməti ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,6% artıb".

O bildirib ki, ətin maya dəyərinin 70-75%-ni yem xərcləri təşkil edir. Heyvanların kökəldilməsində əsas etibarilə yonca presindən və kəpəkdən istifadə olunur: "Araşdırmalarımız göstərir ki, 2017-ci ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə yonca presinin qiyməti 30%-dən, kəpəyin qiyməti isə 80%-dən çox bahalaşıb".

R.Mehdiyeva qeyd edib ki, ölkəyə idxal olunan diri heyvanlar valyuta ilə alındığına görə manatın ucuzlaşması nəticəsində bu heyvanların qiyməti bahalaşıb. Bu da son nəticədə ətin qiymətinin artmasına gətirib çıxarıb: "Statistika göstərir ki, 2016-cı ilin birinci yarısı ilə müqayisədə 2017-ci ilin birinci yarısında inək və çamışların sayı 3,8 min, qoyun və keçilərin sayı 56,1 min baş azalıb. Bunun nəticəsində bazara təklif də aşağı düşüb".

Ekspertin sözlərinə görə, ölkədə baş verən müsbət demoqrafik dəyişikliklər nəticəsində 2016-cı il ərzində respublika əhalisinin sayı 104,4 min nəfər artıb ki, bu da öz növbəsində ətə olan tələbatı da artırıb: "Bazar iqtisadiyyatı şəraitində sadalanan bütün bu amillər ətin qiymətində obyektiv artımlara səbəb olub".
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM