Kapital Bank ətraf mühitin mühafizəsində yaxından
iştirak edərək, korporativ sosial məsuliyyət strategiyasını uğurla davam
etdirir. Bu istiqamətdə bankın fəaliyyətini həyata keçirən Qırmızı Ürəklər
Fondu, Kapital Bank-ın 150 illik yubileyi münasibətilə "Sıfır tullantı”
həmrəylik marafonuna Göygöl rayonunda start verdi.
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il
"Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Bundan əlavə, BMT-nin İqlim
Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasına (COP 29) ölkəmizin ev sahibliyi etməsi, ətraf mühitin mühafizəsi
mövzusunun ölkəmizdə əsas mövzulardan biri olduğunu göstərir.
Göygöl rayonunda baş tutan aksiyada Gəncə–Daşkəsən
iqtisadi rayonunda fəaliyyət göstərən filial şəbəkələrindən 50-yə yaxın əməkdaş
könüllü şəkildə iştirak edib. Tədbirin keçirilməsində məqsəd dəniz
sahillərində, sahilyanı, dağ, meşə ərazilərində təmizliyə riayət olunmasını
təbliğ etmək, məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq,
ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində insanları cəlb etmək və hər
kəsi öz atdığı tullantıları toplamağa sövq etməkdir.
Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov
tədbirdə çıxış edərək: "Bu təşəbbüsün məqsədi ətraf mühitin qorunması
istiqamətində maarifləndirmə və təbliğat işlərini gücləndirməkdir. Marafon
iştirakçıları estafeti bir regiondan digər regiona ötürərək Ekologiya və Təbii
Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən "Təmiz ölkəm” ümumrespublika
təmizlik aksiyası çərçivəsində müxtəlif regionlarda təşkil olunacaq təmizlik aksiyalarında
iştirak edəcəklər” O, həmçinin digər təşkilatları da sosial məsuliyyət
strategiyalarına uyğun olaraq ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən,
cəmiyyət üçün faydalı olan belə təşəbbüslərə qoşulmağa dəvət edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !