Dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan "Euromoney”
jurnalı Azərbaycan Beynəlxalq Bankını ölkədə ilin ən yaxşı bankı seçib.
Jurnalın araşdırma heyətinin qərarı Londonda keçirilən ənənəvi "Award of
Excellence” mükafatının təntənəli təqdimatı mərasimində açıqlanıb.
Müxtəlif kateqoriyalar üzrə "İlin bankı” mükafatı
ilə təltif edilən banklar sırasında dünyanın bir sıra aparıcı maliyyə institutları
da var. Azərbaycan Beynəlxalq Bankı isə bu mükafata aktivlərinin həcminə, böyük
müştəri bazasına, ölkə üzrə ən geniş ATM şəbəkəsinə, qlobal tərəfdaşlıq əlaqələrinə,
tətbiq etdiyi innovativ texnologiyalara, həyata keçirdiyi korporativ sosial məsuliyyət
layihələrinə görə layiq görülüb.
1969-cu ildə yaradılmış "Euromoney” qrupu
bank-maliyyə sahəsində ixtisaslaşmış çoxsaylı şirkətləri özündə birləşdirir. Bu
il fəaliyyətinin 50 illiyini qeyd edən "Euromoney” jurnalının mükafatı maliyyə
dünyasının ən nüfuzlu mükafatlarından sayılır. Jurnal hər il dünyanın 100-dən artıq
ölkəsində fəaliyyət göstərən bankların fəaliyyətini təhlil edir. Bu zaman
onların il ərzində qazandığı nəticələr, beynəlxalq müxbir bankların, məşhur
maliyyəçilərin və bankirlərin həmin banklar haqqında müşahidələri də nəzərə
alınır. Belə əhatəli qiymətləndirmə nəticəsində "Euromoney” mükafatların sahiblərini
müəyyənləşdirir.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri
Abbas İbrahimov bu mükafatın bank üçün böyük nailiyyət olduğunu bildirib: "Qlobal maliyyə dünyasında Azərbaycan Beynəlxalq
Bankının fəaliyyətinə belə yüksək və obyektiv qiymətin verilməsi bizi çox
sevindirir. Bu, bankın sağlamlaşdırılması, müasir mərhələdə davamlı inkişafı məqsədilə
həyata keçirilən tədbirlərin xoş nəticəsidir. Qazandığımız hər bir uğura görə çətin dönəmlərdə banka dəstək olmuş dövlətimizə,
bizə inanıb etibar edən müştərilərimizə minnətdarıq”.
Abbas İbrahimov onu da əlavə edib ki, bankın yeni fəaliyyət
strategiyasının icrası ərəfəsində belə bir yüksək mükafata layiq görülməsi
xüsusilə mühüm əhəmiyyət daşıyır: "Belə
bir qiymət yeni strateji layihələrimizin yüksək ruhla həyata keçirilməsi üçün böyük
motivasiya yaradır. Müştərilərimiz bunu
yenilənən xidmət ofislərimizdə, onların məmnuniyyətini qazanmaq üçün getdikcə
yüksələn xidmət standartlarımızda, məhsul və xidmətlərimizin sərfəli üstünlüklərində
hiss edəcək, bizi seçməkdən hər zaman qazanacaqlar”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !