Evi külə dönən, iki uşağı yanan ana - "Dedilər ki, istəyirsən yorğan-döşək sal bura, biz sənə kömək edə bilmərik".

11:50 | 26.01.2021
Evi külə dönən, iki uşağı yanan ana -

Evi külə dönən, iki uşağı yanan ana - "Dedilər ki, istəyirsən yorğan-döşək sal bura, biz sənə kömək edə bilmərik".

Ötən ilin noyabrında Lənkəran şəhərinin Səttarxan küçəsi, ev-8 ünvanda yerləşən fərdi yaşayış evində yanğın  baş verib. Yanğın nəticəsində evdə olan üç azyaşlı  uşaqdan ikisi vəfat edib.
 


Xəstəxanaya çatdırılan 2018-ci il təvəllüdlü Artyom Aleksandroviç Qudsü həyata qaytarmaq mümkün olub. Lakin digər iki uşaq - 1 yaşlı Emil Cəsarət oğlu Quds və 6 yaşlı Milada Aleksandroviç Quds xəstəxanaya gətirilərkən ölüb.
 


Hadisədən sonra ailə müvəqqəti qonşuların evində gecələdiyini bildirir. Ailə indiyə qədər nə kompensasiya, nə evlə təmin olunub.

Bununla bağlı körpələrin anası - Lənkəran sakini, Oksana Aleksandrovna QudsI Vitse-Prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib.
 


 Oksana Quds deyir ki,şəxsi vəsaiti hesabına ev tikmək imkanı yoxdur.
 
 
"Noyabrın 11-də səhərə yaxın yaşadığım, mərhum nənəmdən qalmış evdə baş verən yanğında iki övladım yanaraq ölüb, biri isə yanıq xəsarətləri alıb. Ev bütünlüklə yandığından əşyalarımız, sənədlərimiz, pulumuz və qiymətli əşyamız tamamilə məhv olub. Soyuq noyabrda evsiz-eşiksiz, 3 yaşlı körpəmlə çöldə qalmışam. Nə evim var, nə ev tikməyə pulum...”


Vətəndaş başına gələn olayla bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinə dəfələrlə müraciət etdiyini, deputat Mixail Zabelinə, həmçinin Azərbaycandakı rus icmasına məktub yazdığını deyir:

" Evim yanandan sonra dəfələrlə Lənkəran şəhərinin icra hakimiyyətinə, onun köməkçisinə dəfələrlə müraciət etdim. Mənə dedilər ki, sizi evlə təmin etmək bizim səlahiyyətimizdə deyil, istəyirsiz gəlin burada yorğan-döşək salın".




Məsələ ilə bağlı Lənkəran ŞİH-dən anews.az-a bildirilib ki, Quds Oksana Aleksandrovnanın evinin yanması ilə bağlı "Kapital Bank”ın Lənkəran filialında vətəndaşın adına hesab açılıb, İH tərəfindən həmin hesaba 500 manat vəsait köçürülməsi təmin edilib:
 
"Eyni zamanda idarə, müəssisə və özəl təşkilatlara vətəndaşa maddi yardım göstərilməsi üçün açılmış bank hesabına ianələrin köçürülməsi tövsiyə olunub. İmkan daxilində kömək olunub, amma vətəndaşa ev inşa etmək icra hakimiyyətinin imkanları daxilində deyil”.
 
Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, baş vermiş hadisə ilə bağlı ilkin olaraq Fövqəladə Hallar Nazirliyi tədbir görməli idi:
 

" Bu hadisə fövqəladə hadisədir. Zərərçəkən şəxslər müəyyən vaxtadək, ən azından evləri bərpa edilənədək müvəqqəti sığınacağa yerləşdirilməli idilər. Eyni zamanda Şəhər və Mənzil Kommunal Təsərrüfatı Abadlaşdırılması sahəsində də yerli icra hakimlərinin səlahiyyətləri  var. Bu yerli icra hakimiyyəti haqqında  əsasnamənin 3.9-cu bəndində göstərilib. Orada yerli icra hakimiyyətinin vəzifəsi, nəzarəti və nəzarətə uyğun şəkildə tədbirlər planı qeyd oliunub.

Hüquqşünas qeyd edib ki, hazırda yaşayış binalarının və evlərinin icbari sığortası məcburidir. 
 

" Əslində həmin binalar icbari sığorta olunmalı, icra hakimiyyəti strukturu da buna nəzarət etməli idi. Əgər şəxsə dəyən zərər də sığorta olunmuşdusa, artıq sığorta şirkəti də o zərəri qarşılamalı idi. İndiki halda isə belə başa düşülür ki, yaşayış olan ev sığortalanmadığı üçün şəxslər küçədə qalıb. Yerli icra hakimiyyəti orqanları  öz vəzifələrini zamanında doğru icra etmədikləri üçün, icbari sığortaya nəzarət etmədikləri üçün  şəxsin  sığortasız qalmasından doğan zərərini qarşılamalıdırlar. Belə ki, zərərçəkən şəxsə dövlətin verdiyi səlahiyyətlər çərçivəsində yaşayış yeri ilə təmin olunmalıdır. 
 
İstənilən halda vətəndaş FHN-ə və yerli icra hakimiyyətinə müraciət etməlidir. Əgər yerli icra hakimiyyəti fəaliyyətsiz qalırsa, o zaman Prezident Administrasiyasına müraciət etməlidir. Çünki dövlətin vətəndaşların qayğısına qalmaq öhdəliyi var", - deyə Ələsgər Məmmədli əlavə edib.
 
Mövzu ilə bağlı Fövqəladə Hallar Nazirliyindən anews.az-a bildirilib ki, nazirlik baş verən yanğının söndürülməsi işini həyata keçirir.

"Biz yanğının söndürülməsi işini həyata keçiririk. Sonrakı mərhələdə sığorta şirkəti və ya yerli qurumlarla əlaqə saxlanılmalıdır". 
 
Samirə Əli

 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM