Yaxın vaxtlarda Azərbaycanda daşınmaz əmlakın yeni üsulla qiymətləndirilməsinə başlanacaq. Nəticədə ölkənin bütün ərazisində ev, mənzil və ya kommersiya obyektləri qiymətləndirilərkən eyni üsuldan istifadə olunacaq. Fins.az-ın "Daşınmaz Əmlak" jurnalına istinadən məlumatına görə, artıq bununla bağlı işlərə başlanıb - Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Sumqayıtda daşınmaz əmlakların kütləvi qiymətləndirilməsinə dair pilot layihə həyata keçirir.
Evlərin hansı göstəriciləri nəzərə alınacaq?Yeni qiymətləndirmə üsulunda mənzilə aid olan ən xırda detalların da nəzərə alınnacaq. Mənzilin standart göstəricilərindən başqa, binanın tikilmə tarixi, mənzildən açılan mənzərə, mansard və ya zirzəminin olması, zirzəminin sulu və ya quru olması, çardaq örtüyü (məsələn döşəmənin beton və ya "dranka" olması) də əksini tapacaq. İlk dəfə olaraq mənzillərin qiymətləndirilməsində onun məktəb, bağça və tibb məntəqəsinə yaxınlığı, yoldan məsafəsi, hətta yolun vəziyyəti, binanın ətrafındakı abadlıq, hətta mənzilin qanuni və ya özbaşına istifadəsi kimi məsələlər nəzərə alınacaq. Bu üsula əsasən şəhərlərin ərazisi bir neçə qiymət zonalarına bölünəcək. Mütəxəssislər bildirir ki, Bakıda 1000-dən çox belə zona ola bilər.
Hansı ildə tikilən evlər daha qiymətlidir?Yeni üsulda mənzillərin qiymətinə təsir edən amillərdən biri də binanın nə vaxt tikilməsidir. Əslində bu amil həmişə nəzərə alınıb, amma yeni metodda bu təsir riyazi metodlarla qiymətləndirilib. Göstəricilərə görə, ən bahalı mənzillər 55-60-cı illirdə inşa olunan binalardadır. Bura əsasən "stalinka" binalar aiddir. Sonrakı yerləri 30-cu illərdə inşa edilmiş "arxitektur" binalar, eləcə də 60-70-ci illərdə inşa edilmiş "xruşşovka" binaları tutur. 70-80-ci illərdən tutmuş 2000-ci ilədən sonra inşa edilən binalarda da qiymətlər aşağı deyil - 550 manat/m2.
Kiçik mənzil bahadır, yoxsa böyük?Yeni üsula əsasən, mənzillərin qiymətinin (daha dəqiqi, mənzilin 1 kvadratmetrinin qiymətinin ) onların sahəsindən asılı olaraq dəyişməsi də nəzərə alınacaq. Hesablamalara görə, 1 kvadratmetrin ən yüksək qiyməti kiçik (30-35 m2) mənzillərdədir. Mənzillərin sahəsi artdıqca qiymətlər tədricən azalır. Sahəsi 75-80 m2-dən yüksək olan mənzillərdə isə qiymətlərin kəskin enməsi baş verir.
Adi vətəndaşları aldatmaq mümkün olmayacaqDaşınmaz əmlakın kütləvi qiymətləndirilməsi Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Daşınmaz əmlakın qeydiyyatı layihəsi” çərçivəsində həyata keçirilir. Yeni üsulun tətbiqi nəticəsində qısa müddət ərzində çoxlu sayda əmlakın avtomatik şəkildə qiymətləndirməsi mümkün olacaq. Bu digər məsələlərlə yanaşı, ölkədə əmlakın daha ədalətli qiymətləndirilməsinə imkan verəcək.
Bu üsulun adi vətəndaşlar və biznes strukturlar üçün faydaları olacaq. Məsələn, əmlakı alıb-satında, girov kimi ipotekaya qoyulanda onun təxmini bazar qiyməti əvvəlcədən məlum olacaq. Ola bilər ki, kimsə evini satanda onun bazar qiymətindən xəbərsiz olsun, amma bu sistemin hesabına belə hallar aradan qalxacaq. Yəni şəxslərin aldadılması mümkün olmayacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !