Evlərdə qazın təhlükəsizliyinə kim cavabdehdir? - Qurumlar məsuliyyəti bir-birinin üstünə atır

22:27 | 14.01.2022
2022-ci il yanvarın 7-ə  dəm qazından  zəhərlənmə səbəbindən Kliniki Tibbi Mərkəzə 36 nəfər müraciət edib, onlardan 11-i xəstəxanada yerləşdirilib, 45 nəfəri isə məsləhət alaraq evə buraxılıb, bu barədə Anews.az-a Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib. 
 
Səhiyyə Nazirliyinin məlumatına görə , 2021-ci ildə 98 nəfəri dəm qazından boğularaq  həyatını itirib. 
 
Hər qış dəm qazından vəfat edənlərin sayı yaya nisbətən daha çox olur. Aidiyyatı üzrə qurumlar isə əsas məsuliyyəti vətəndaşın üzərinə qoyur və maarifləndirmə işləri aparmaqla öz işlərini  yerinə yetirmiş hesab edirlər.  
 
Bakı sakini Əzizə Zeynalova deyir  ki,   vanna otağında çimərkən dəm qazından zəhərlənərək huşunu itirib.  
 
"Vanna otağında çimərkən zəhərləndim və özümü qonaq otağına çatdırana kimi huşumu itirdim. Qardaşım Təcili Tibbi Yardım çağırdı. Həkimlər gələnə kimi mənə ilkin yardım etdilər və  özümə gəldim. Bir necə saat sonra zəng edib səhhətimlə maraqlandılar. Günah özümdə idi, çünki dəm qazı təhlükəsinin olduğunu bilə-bilə problemi ciddiyə almırdım. Artıq daha ehtiyatlı davranıram", - deyə Əzizə Zeynalova bildirib.
 
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, bu prosesə nəzarət edən ixtisaslaşmış qurum olmalıdır. 
 
"Bu birbaşa istehlakçı hüquqları ilə bağlı olan məsələdir. Təəssüf ki, "Azəriqaz" yalnız sayğaca qədər olan hissəyə görə məsuliyyət daşıyır. İçəridə olan təhlükəsizlik isə Fövqəlada Hallar Nazirliyinin, Mənzil Komunal İstehsalat Birliyinin və ən əsas vətəndaşın səlahiyyətində olan məsələdir. Əslində vətəndaşlar qaz peçində nasazlıq axtarır, amma problem qaz peçləri ilə bağlı deyil.  Ona müdaxilələr olur və standartlar pozulur və nəticədə bədbəxt hadisə baş verir.  Qazla bağlı  müəssisələr, eləcə də "Azəriqaz" maarifləndirmə işlərinin sayını artırmalıdır. Çox yaxşı olar ki, evlərdə siqnalzasiya aparatı olsun. Qaz sızması olanda xəbərdarlıq etsin. Azərbaycanda insanların qazla davranma mədəniyyəti aşağıdır və düzgün istifadə olunmur. Bacaların təmizlənməsi də könüllü xarakter daşıyır. Bütün bunların nəzarəti üçün ixtisaslaşmış qurum olmalıdır. Nəzarət və məsuliyyət də onlara aid olmalıdır", - deyə Eyyub Hüseynov qeyd edib. 
 
"Azəriqaz" İB-nın mətbuat katibi Eldəniz Vəliyevin sözlərinə görə, 2016-ci ildən etibarən mənzil daxilində baş verən hadisələrə görə "Azəriqaz" İB məsuliyyət daşımır. 
 
"Azəriqaz" sayğaca qədər olan hissələrdə baş verən təhlükəsizlik üçün məsuliyyət daşıyır. Mənzil daxilində baş verən hadisə və təhlükəsizlik isə Fövqəlada Hallar Nazirliyi və Energetika Nazirliyində yaradılan müvafiq şöbələrin nəzarətindədir. Bu məsələ bizim səlahiyyətimiz çərçivəsində deyil", - deyə mətbuat katibi bildirib.
 
Məsələ ilə bağlı Fövqəlada Hallar Nazirliyinə zəng etdik. Nazirliyin mətbuat katibi Gülçin Mehdiyeva bildirdi ki, nazirlik dəm qazı ilə bağlı məsələdə yalnız maarifləndirmə işi görür. 
 
"Təhlükəsizliklə bağlı nəzarət "Azəriqaz"a aiddir. Onların bu sahədə konkrtet xidməti də var", - deyə Mehdiyeva bildirdi. Bəs "Azəriqaz" bu işin 2016-ci ildən Fövqəlada Hallar Nazirliyinə tapşırıb dedikdə isə Gülçin Mehdiyeva sorğu göndərməyi tövsiyyə etdi, amma sorğunun göndərilməsindən bir həftə keçsə də sorğunu cavablndırmadı. 


Energetika Nazirliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sözçüsü Ağa Hacızadə məsələ ilə bağlı bildirdi ki, "Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 7-ci hissəsinə və "Qazdan istifadə Qaydaları”nın 2.12-ci bəndinə əsasən  qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə  istehlakçılar məsuliyyət daşıyır.
 
"Qanunun 3-cü maddəsinin 8-ci hissəsinə əsasən istehlakçılar tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırmalı və onu işlək vəziyyətdə saxlamalıdırlar. "Qazdan istifadə Qaydaları”nın 3.2.3-cü yarımbəndinə əsasən yalnız xüsusi razılığı (lisenziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə bağlanılmış müqavilə əsasında yaşayış sahəsində qaz qurğularının təmirini və onlara texniki xidmət göstərilməsini həyata keçirmək qazdan istifadə edən istehlakçıların vəzifəsidir. Qeyd olunanlar onu deməyə əsas verir ki, istehlakçılar qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıdıqlarına görə qaz qurğularının vaxtlı-vaxtında təmirini və onlara texniki xidmət göstərilməsini təmin etməlidirlər. Bu sahədə nəzarət işlərinin təkmilləşdirilməsi məqsədilə Energetika Nazirliyi və Agentlik tərəfindən qaz qurğularına texniki xidmət göstərilməsi sahəsində bir sıra ölkələrin təcrübəsi öyrənilmiş və qaz qurğularına qaz paylayıcısı və ya podratçı tərəfindən texniki xidmət göstərilməsini nəzərdə tutan "Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə” qanun layihəsi hazırlanmışdır. Hazırda həmin layihənin aidiyyəti dövlət qurumları ilə razılaşdırılması həyata keçirilir", - deyə sözçü əlavə edib. 
 
Bəs dəm qazından boğulma hallarının olmaması üçün İcra hakimiyyətinlərinin tabeliyində olan Mənzil Komunal və Təssərrüfat birliyinin hansısa öhdəliyi varmı?
 
Bununla bağlı bir neçə Mənzil Komunal və Təsərrüfat birliyinin (MKTB) baş mühəndisləri ilə əlaqə saxladıq. Məlum oldu ki, MKTB-lər hər il payız-qış mövsümünə hazırlıq ərəfəsində ərazi üzrə əhali arasında maarifləndirmə işləri aparır. Bütün qapılara sobaların bacalarının təmizlənməsi barədə bildirişlər yapışdırırlar. Bacaların MKTB tərəfindən  təmizlənmə haqqı 8 manat təşkil edir. 
 
 "Təmiz Baca" MMC-nin direktoru Toğrul Zeynalov isə deyir ki, bununla bağlı maarifləndirmə işləri çox aparılmalıdır, bu isə televiziya kanallarının marağında deyil.
 
"Fövqəlada Hallar Nazirliyinin tələbi var ki, ildə iki dəfə, ya da ən azı bir dəfə bacaları təmizlənməlidir. Bunun üçün efirlərdə reklam çarxları hazırlanmalıdır. Bu da kanalların marağında deyil. Biz şirkət olaraq MKTB-lərlə müqavilə imzalayırıq. Vətəndaş ödənişi MKTB-ə edir və MKTB çağırışı ilə biz evlərdə tüstü bacalarının təmizlənməsini icra edirik. Bunun üçün bir dəfə təmizlənməyə görə vətəndaş 8 manat ödəyir. İl ərzində ən çox Nəsimi, Binəqədi və Xətai rayonları üzrə müraciət daxil olur və təxminən 6-7 min mənzildə tüstü bacası təmizlənir",  - deyə Toğrul Zeynalov qeyd edib.
 
Həkim-toksikoloq İsmayıl Əfəndiyev dəm qazından zəhərlənmə zamanı görüləcək tədbirlər barəsində danışdı. 
 
"Bəzən vətəndaşlar deyir ki, dəm qazının rəngini və qoxusunu hiss etdim. Bu yanlış fikirdir, çünki dəm qazının rəngi və qoxusu olmur. İlkin əlaməti kimi ürəkbulanma,başgicəllənməni göstərmək olar. Belə hal baş verərsə həmin yerdən mütləq çıxmaq lazımdır. Çünki sizin saniyələr  qədər az vaxtınız qala bilər.  Huşunu itirmək halı yaransa bunun fəsadları ola bilər. Huşunu itirmək halı olarsa ilkin yardım kimi ilk pəncərəni açmaq və qazı söndürmək lazımdır. Huşunu itirən adamın isə ağzı açılmalı, əgər xəstə qusubsa onun ağız boşluğunu təmizləmək mütləqdir. Dəm qazı zəhərlənməsi başqa zəhərlənmələrdən fərqli iki mərhələli hesab olunur. Ola bilər ki, qısa müddət sonra xəstənin hamam otağında huşu yerinə gəlir. Bu hal ilə kifayətlənmək olmaz. Qısa müddət sonra zəhərlənmə hüceyrə zəhərlənməsi səviyyəsinə keçə bilər. Bu zaman hüceyrə daxili tənəffüz pozulur və xəstədə nevroloji fəsadlar yaranır.  Ona görə də bütün dəm qazı zəhərlənməsi hallarında həkim müayinəsi mütləqdir", - deyə həkim - toksikoloq bildirib. 
 
Fövqəlada Hallar Nazirliyinin ictimaiyyətlə əlaqələr idarəsinin baş məsləhətçisi Turqay Abbaslı vətəndaşların mənzildə dəm qazı təhlükəsinin qarşısını almaq üçün bir sıra qaydalara riayət etməli olduğunu vurğulayıb.
 
"Havaların soyuması və qış mövsümü ilə əlaqədar  əhalinin təbii qaza olan təlabatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsini yaradır. Kimyəvi adı karbon monooksid olan dəm qazı yanacaq məhsullarının natamam yanması nəticəsində əmələ gəlir. Bu qaz iysiz və rəngsiz olduğundan hiss edilmir. Qapalı şəraitdə daha da təhlükəli olur. Karbon monooksid tənəffüs zamanı ağciyərlərdən qana daxil olur. Adətən oksigenlə birləşməli olan hemoqlobin bu dəfə karbon monooksidlə birləşməyə başlayır və karboksihemoqlobin yaradır və qan artıq oksigeni daşıya bilmir. Bu proses oksigenlə birləşmədən 300 dəfə daha intensiv baş verir. İnsan oksigen çatışmazlığından boğulmağa başlayır. İnsan ürəyi bir vurmaya 200 ml-dən çox qan sərf etdiyindən ağciyərlərə düşən dəm qazı saniyələr ərzində bütün orqanizm boyu yayılır. Mənzildə dəm qazı təhlükəsinin qarşısını almaq üçün bir sıra qaydalara riayət edilməlidir. Yadda saxlayın, evinizdə qeyri-standart, yəni kustar üsulla hazırlanmış cihazların quraşdırılması və istifadəsi təhlükəlidir. Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün Fövqəladə Hallar Nazirliyi aşağıda göstərilən təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır: • qaz cihazı saz və standartlara uyğun olmalı; • cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı; • havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı; • hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı; • tüstü bacaları ildə iki dəfə təmizlənməlidir. Evə soba alarkən onun zəmanət barədə sertifikatı və texniki pasportunun olub-olmamasına diqqət yetirin. Mənzildə soba və suqızdırıcılarını quraşdırarkən mütləq yerli qaz idarəsinin mütəxəssisləri ilə məsləhətləşin. Bu sahədə naşı olan insanların xidmətindən istifadə etməyin. Dəm qazından zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq. Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!", - deyə o bildirdi. 
 
Gülnar Nazimqızı 
İstiqamət:6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;
QEYD: Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM