Orta məktəblərdə baş verən neqativ halların tək günahkarı məktəb direktorlarıdır. Onların səriştəsizliyi, qeyri-peşəkarlığı nəticəsində bu hadisələr baş verir. Bəzi şəxslər yazır ki, tərbiyə evdə verilir, günah ailələrdədir. Bu fikir absurddur. Heç bir valideyn evdə övladına demir ki, get kiminləsə əlaqədə ol. Hesab edirəm ki, neqativ halların baş verdiyi təhsil müəssisələrinin direktor və bütün idarəçi heyətinin müqaviləsinə Əmək Məcəlləsinin müvafiq maddələri ilə xitam vermək lazımdır.
Bu sözləri 132-134 nömrəli Təhsil Kompleksində təhsil alan məktəblilərin intim videosu haqda Kult.az-a danışan ekspert Kamran Əsədov deyib. O bildirib ki, bu hadisə məktəbdə nəzarətsizlik ucbatından baş verib:
"Onlar vəzifə səlahiyyətlərini yerinə yetirməkdə ciddi problemlər yaşayırlar. Necə olur ki, məktəb direktoru öz kabinetinə gizli kamera quraşdırıb təhlükəsizliyini təmin edir, amma şagirdlər üçün bu addım atılmır? Şagirdlərin dərs, tənəffüs vaxtı fəaliyyəti ciddi şəkildə kameralar vasitəsilə izlənməlidir. Şagirdlərin hərəkət etdiyi bütün yerlərə kamera quraşdırılıb altına yazmaq lazımdır ki, çəkiliş gedir. Və davamlı olaraq bu kameralar izlənməlidir. Direktor məktəbi isti kabinetindən, yumşaq kreslosunda oturub idarə etməməlidir. Görün, bizim bəzi məktəblər nə qədər nəzarətsizdir, idarəetmədə nə qədər ciddi problemlər var ki, şagirdlər istədiyi kimi hərəkət edə, davrana bilirlər. 132-134 saylı təhsil kompleksində baş verən bu hadisə ilk deyil. Videonu incələyəndə, açıq-aydın görünür ki, şagirdlər çox sərbəst şəkildə, təcrübəli və qorxusuz olaraq davranırlar. Çünki nəzarətin olmadığını dəfələrlə müşahidə ediblər”.
Məsələ ilə bağlı danışan psixoloq Gülnar Orucova isə bildirib ki, bu cür hallar valideyn nəzarətsizliyi səbəbindən də olur:
"Yeniyetmə yaş dövrü inkişaf dövrü sayılır. Bu dövrdə uşaq bioloji, fizioloji olaraq inkişaf edir. Bu inkişafla bağlı olaraq, onların bədənlərində bir sıra dəyişikliklər olur. Bəzən bu dəyişiklikləri uşaq doğru qəbul edə bilmir. Adətən valideynləri boşanan və ya valideyn himayəsindən, diqqətindən, nəzərindən məhrum olan uşaqlar belə edirlər. Onlar bilirlər ki, valideyn onun bu işindən xəbər tutmayacaq. Bu yaşda uşaqlarda aqressiya da çox olur. Belə uşaqlar özünütəsdiqdə böyük problemlər yaşayırlar. Psixoloji travmalı uşaqlar özlərini bu cür yollarla təsdiq etməyə çalışırlar. Hər bir uşaqda özünütənqid hissi olmalıdır. Uşaq bilməlidir ki, bu olmaz. Valideynin diqqəti, nəzəri övladın üzərində olmalıdır. Əks təqdirdə uşaqlar bu cür hərəkətlər edirlər, hətta həmin anı çəkərək, dostlarına və ya cəmiyyətə ötürməklə sosiallaşdırırlar. Belə hallar sosiallaşdırılırsa, pis nəticələri olur. Uşaqlar mütəmadi olaraq eyni şeyləri görürsə, bunun doğru olduğunu qəbul edirlər”.
Psixoloq onu da qeyd edib ki, bəzən valideynlər yalnız övladlarının təhsili ilə maraqlanırlar, onların məktəbdə davranışlarından xəbərsizdirlər:
"Bu gün tərbiyə daha çox vacibdir. Bir uşağın tərbiyəsi yoxdursa, etikadan uzaq hərəkət edirsə, bu uşağın oxuması belə valideyni maraqlandırmamalıdır. Bu məsələdə məktəb psixoloqları da məsuliyyət daşıyır. Bu gün onlar məktəblilərə kifayət qədər təlim vermirlər. Bilmək lazımdır ki, 15-16 yaşlı uşaqlarda olan hiss sevgi deyil, ehtirasdır. Onlar bunu ayırd edə bilmirlər”.
Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə Kult.az-a açıqlamasında olayda məktəb rəhbərliyinin məsuliyyəti mövzusunda danışmaq istəmədiyini bildirib.
Xatırladaq ki, Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksiin 11-ci sinfində oxuyan R.C. 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında intim əlaqədə olub və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb. Onun barəsində Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Səbail Rayon Məhkəməsi R.C. barəsində istintaq müddətində 3 aylıq həbs qərarı çıxarıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !