"Ernst&Young” şirkətinin
Azərbaycanda ilk dəfə olaraq kiçik və orta sahibkarlar üçün keçirdiyi "EY İlin
İş Adamı™” müsabiqəsinə müraciətlər
davam edir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strateji tərəfdaşlığı
ilə təşkil olunan müsabiqəyə Azərbaycan Beynəlxalq Bankı və BP dəstək verir,
Ekvita şirkəti isə texniki dəstək göstərir. Müsahibimiz Azərbaycan Beynəlxalq
Bankının Kiçik və orta sahibkarlarla iş departamentinin direktoru Nuru Xəlilovdur.
O, müsabiqə barədə suallarımızı cavablandıracaq.
-Nuru müəllim, "EY İlin İş
Adamı™” müsabiqəsinin keçirilməsində məqsəd
nədir?
-Əvvəlcə, onu qeyd edim ki, "EY İlin İş Adamı™
qlobal bir platformadır. Azərbaycanda ilk dəfə olaraq sahibkarlar üçün keçirilən
müsabiqə də regionda və dünyada sahibkarlıq biznesinə dəstək verən bu qlobal
proqramın bir hissəsidir. Bu müsabiqə platforması 30 ildən çoxdur ki, fəaliyyətdədir.
Hər il dünyanın 60-dan çox ölkəsində, 145 şəhərində keçirilir. Əsas məqsəd də
uğurlu sahibkarları üzə çıxarmaq, onlara dəstək olmaqdır.
-Bu müsabiqə kiçik və orta sahibkarlara hansı imkanları yaradır?
-"EY İlin İş Adamı ™” müsabiqəsində iştirak etməklə
sahibkarlar, ilk növbədə, öz biznes əlaqələrini, işgüzar çevrələrini genişləndirirlər.
Bizneslərini böyütmək üçün yeni yollar kəşf edirlər. Müsabiqə onlara şirkət və
komanda profillərini yüksəltmək imkanı verir.
-Müsabiqə bütün sahibkarlara açıqdır?
-Bəli, iştirak meyarlarına cavab verən hər bir iş
adamı müsabiqəyə qatıla bilər.
-Bəs bu meyarlar nədən ibarətdir?
-Müsabiqəyə qoşulan sahibkar və onun təmsil etdiyi şirkət
Azərbaycanda fəaliyyət göstərməlidir. Bundan başqa, iştirakçı ən azı son 3 il
ərzində fəaliyyət göstərən şirkətin birbaşa rəhbəri və ya şirkətin səhmlərinin ən azı 20 faizi dəyərində
biznesdə əhəmiyyətli şəxsi maliyyə payı olan və əməliyyatlar üzrə məsul şəxs
olmalıdır. Bu şirkətə ən azı son 2 ildə rəhbərlik etməlidir.
İştirakçının
təmsil etdiyi şirkətin dövriyyəsi 1 milyon manatdan 30 milyon manatadək
olmalıdır. Bir də, iştirakçı son 3 il üzrə vergi nəticələrinin izlənilməsini və
maliyyə hesabatlarının təqdim olunmasını təmin edə bilməlidir. Bunlar əsas
meyarlardır.
-Müsabiqə milli səviyyədə keçirilir?
-Münsiflər kimlərdir?
-Müsabiqəyə qoşulmuş bütün sahibkarların müraciətlərini
nüfuzlu beynəlxalq təşkilatları təmsil edən müstəqil münsiflər qiymətləndirəcəklər.
Namizədliyin irəli sürülməsi və seçim prosesinin ardınca münsiflər uyğun namizədlər
arasından finalçıları və qalibi seçəcəklər. Qiymətləndirmələr dövriyyədəki
artım, mənfəət, iştirtakçının liderlik xüsusiyyətləri, yenilikçiliyə
meylliliyi, yaradıcı və bacarıqlı marketinq tətbiqləri, sosial məsuliyyət,
dayanıqlıq və s. bu kimi amillər əsasında aparılacaq.
-Sahibkarlar öz namizədliklərini necə irəli sürə bilərlər?
-Bunun üçün www.eoy.az saytına daxil olub qeydiyyatdan keçmək lazımdır. Müsabiqəyə olan
böyük marağı nəzərə alaraq, müraciətlərin qəbulunun son tarixi yanvarın 19-a qədər uzadılıb. Sonrakı
mərhələdə müraciətlərə baxılacaq, qiymətləndirmələr aparılacaq. Finalçılar və
yekun qalib isə martın 11-də keçirilən qala mükafatlandırma mərasimində elan
olunacaq.
-Necə bilirsiniz, Azərbaycan Beynəlxalq Bankının müştərisi olan kiçik
və orta sahibkarlar bu müsabiqədə iştirak edəcəklərmi?
-Bu müsabiqə ölkəmizdə kiçik və
orta sahibkarlıq biznesinin inkişafı baxımından çox gözəl bir yenilikdir. Ona
görə də Azərbaycan Beynəlxalq Bankı "EY İlin İş Adamı™” müsabiqəsinə məmnuniyyətlə dəstək verir. Biz müştərilərimiz
arasında fəal məlumatlandırma işləri aparırıq ki, belə bir imkan haqqında daha
çox sahibkar məlumatlı olsun, müsabiqəyə qatılsın və bu proqramın yaratdığı
imkanlardan faydalansın.
Ümumiyyətlə, Azərbaycan Beynəlxalq Bankı
son dövrlər kiçik və orta sahibkarlığa dəstək məqsədilə bir sıra ardıcıl layihələr
həyata keçirir. Hətta Bankda sırf bu müştəri seqmenti ilə işləyən ayrıca
struktur bölmə də yaradılıb.
Çalışırıq ki, bank məhsullarımız kiçik və orta
sahibkarlar üçün daha sərfəli və əlçatan olsun. Xidmətlərimizi onların istəklərinə
uyğunlaşdıraq. Bu layihələr nəticəsində getdikcə daha çox sahibkar Azərbaycan
Beynəlxalq Bankının yaratdığı imkanlardan faydalana bilir. "EY İlin İş Adamı™”
müsabiqəsinə dəstəyimiz də bu yöndə gördüyümüz işlərin tərkib hissəsidir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !