Eyvaz Yahyaoğlunun şikayəti təmin edilməyib

16:10 | 20.05.2022
 Eyvaz Yahyaoğlunun şikayəti təmin edilməyib

Eyvaz Yahyaoğlunun şikayəti təmin edilməyib

Azərbaycan Milliyyətçi Demokrat Partiyasının fəalı Eyvaz Yahyaoğlunun əvvəlki məhkəmənin qərarından verdiyi şikayətini təmin edilməyib. Bu barədə Şirvan Apellyasiya Məhkəməsində qərar elan edilib.

Hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən proses birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Şirvan şəhər Məhkəməsi cari il mayın 10-da Yahyaoğlunu İnzibati Xətalat Məcəlləsinin 531.1 maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə günahlı sayaraq 28 sutka inzibati həbsə məhkum edib.
 
"Eyvazı mayın 9-da Şirvan şəhər Polis Şöbəsinə çağırıblar və gecə orada saxlayıblar. Mayın 10-da Şirvan Şəhər Məhkəməsi hakim Elçin Qurbanovun sədrliyi ilə onu İnizbati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə təqsirli bilərək 28 sutka həbs edib. Amma Eyvaz polisin tələbinə tabe olaraq özü polis şöbəsinə gedib", ailə üzvləri mayın 11-də məlumat yayıb.

Beynəlxalq və yerli hüquq müdafiə təşkilatları, Sərhədsiz Reportyorlar Təşkilatı Eyvaz Yahyaoğlunun həbsini pisləyən bəyanatlarla çıxış edib.

Yahyaoğlunun üzvü olduğu Azərbaycan Milliyyətçi Demokrat Partiyası 1993-cü il dekabrın 26-da təsis edilib. 
 
Ləman Qasımova
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM