Nazirlik qida zəhərlənmələrinin sayını açıqladı, ekspert isə inkar edir

16:50 | 23.11.2021
Azərbaycanda 2021-ci ilin əvvəlindən noyabrın 23-ə kimi qidadan zəhərlənmə halları keçən ilin eyni dövrü ilə müqayisədə 29,7% azalıb. Belə ki, 2020-ci ilin başından noyabrın 23-ə kimi 242 nəfərdə qida zəhərlənməsi baş vermişdisə bu ilin uyğun dövründə bu rəqəm 170 nəfərə kimi azalıb. Bunu Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elvin Hacıyev  bildirib. 
 
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin sözlərinə görə isə, bu ilin 9 ayında  "1003" Çağrı Mərkəzinə qida zəhərlənməsi ilə bağlı 301 müraciət daxil olub. Onlardan 106-da qida zəhərlənməsi kliniki təsdiqini tapıb. Zəhərlənmə  nəticəsində bir nəfər ölüb. Qida zəhərlənmələri əsasən  konservləşdirilmiş pomidor, xiyar, kələm və s. turşulardan olur. 
 
Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov əslində rəsmi statistikanın göstərildiyindən daha çox olduğunu bildirir

"Sənaye üsulu ilə hazırlanan qidadan zəhərlənmə baş verərsə, zərərçəkmiş tərəf kompensasiya ödənməsini tələb edir, bu zaman istehsalçı dəyən ziyanın qarşılığını ödəməmək üçün Səhiyyə Nazirliyinin ona təqdim etdiyi sertifikatı göstərir. Bu səbəbdən nazirlik qida zəhərlənmələri ilə bağlı statistikanı gizlədir”, -  deyə Hüseynov söyləyib.  

Onun fikrincə,  hisə verilmiş balıqlar, göbələklər və digər konservləşdirilmiş məhsulları alarkən qablaşdırılmasına, yaxşı bişirilməsinə diqqət  etmək lazımdır. Kənd təsərrufatı məhsullarından başqa evdə kustar üsulu ilə hazırlanmış turşular da qida zəhərlənmələrinə səbəb olur. Odeur ki, eksoert evdə hazırlanmış şorabalaı almaqdan  imtina etməyi və sənaye üsulu ilə hazırlanmış məhsulları almağı təklif edir.                                                                                                                                                                                                                                                        
Qida mühəndisi Rüfət Ağayev zəhərlənmələrin ən çox yay aylarında baş veriyini deyir.  Bu fəsildə mikroorqanizmlər inkişaf etməyə başlayır. Nəticədə məhsullar daha tez xarab olur. Qış aylarında isə insanlar ən çox turşudan zəhərlənir. 

"Mütəxəssislər ev şəraitində turşu qoyarkən qabların sterilizə olunmasına, suyun, seçilən tərəvəzlərin və meyvələrin təzə olmasına diqqət etməyi məsləhət görürlər. Onların tərkibinə qatılan sirkənin miqdarı həddindən çox olmamalıdır. Sənaye üsulu ilə hazırlanan turşular var ki, onları uzun müdddət saxlamaq təhlükəlidir. İstər ictimai-iaşə obyektlərində, istərsə də evdə məhsulun saxlanma şəraitinə, son istifadə tarixinə nəzarət olunmalıdır”, - deyə ekspert əlavə edib.
    
Qida zəhərlənməsinin hər kəsə eyni formada təsir etmədiyini deyən ekspert  mədə-bağırsaq xəstəlikləri və immun sistemi zəif olan insanlarda bu halların tez-tez baş verdiyini deyib. 

"İsti halda təqdim olunan qidalar minimum 65 dərəcə , soyuq şəkildə verilən qidalar 8-10 dərəcə temperaturda istifadə edilməlidir", - deyə o, bildirib. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, dünyada hər il 600 milyon insan qida zəhərlənmələrinə məruz qalır. Təhlükəli qida məhsulları əhalinin sağlamlığına mənfi təsir göstərməklə yanaşı səhiyyə xərclərinin artırılmasına və sosial-iqtisadi zərərə səbəb olur. Qida mənşəli xəstəliklər müxtəlif növ bakteriyalar, viruslar, parazitlər və digər kimyəvi maddələrlə çirklənmiş qida məhsulunun istehlakı nəticəsində yaranır. Yayda temperaturun yuxarı olması bakteriyaların yayılmasına şərait yaradır. Bakteriyalar qida məhsullarında 5-60 dərəcə  temperatur  arasında çoxalıb yayıldığından bu interval "təhlükəli zona” adlandırılır. Gigiyena qaydalarına riayət edilmədən hazırlanmış məhsulların uzun müddət soyuducudan kənar saxlanılması qida zəhərlənməsinə səbəb olan amillərdən biridir. İnsanların təhlükəsiz qida ilə təmin etmək üçün Ümumdünya Səhiyyə Təşkilatı (WHO) "5 qızıl qayda” müəyyən edib.

1. Təmizliyə riayət edilməsi
2. Çiy və bişmiş məhsulların ayrı saxlanılması
3. Qida məhsullarının yaxşı bişirilməsi
4. Qida məhsulllarının təhlükəsiz mühitdə saxlanılması
5. Təhlükəsiz su və xammaldan istifadə edilməsi
 
Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən də bildirdilər ki, qida zəhərlənmələri əsasən  konservləşdirilmiş pomidor, xiyar, kələm və s. turşulardan olur. 
 
Mərkəzdən həmçinin bildirdilər ki, Azərbaycanda bir çox qidadan zəhərlənməyə qarşı zərdablardan istifadə edilir. Zərdablar nəticəsində də zəhərlənmədən ölüm faizini aşağı salmaq və xəstəni xilas etmək mümkündür.

2021-ci ilini noyabrında Kliniki Tibbi Mərkəzə qida zəhərlənməsi səbəbindən  21 nəfər müraciət edib. Onlardan biri pomidor turşusundan zəhərlənərək ölüb. 

Fidan Salmanova

www.anews.az
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti