Facebook pullu olarsa, istifadə edəcəksiz? - SORĞU

10:44 | 24.09.2014
Facebook pullu olarsa, istifadə edəcəksiz? - SORĞU

Facebook pullu olarsa, istifadə edəcəksiz? - SORĞU

"Facebook" noyabr ayının 1-dən pullu xidmətə keçəcək. Bu barədə ilk xəbər verən sayt “National Report”oldu.  İnformasiyanın yayılmasından sonra, internetdə böyük ajiotaj yarandı. Minlərlə istifadəçi "Fb"yə müraciət edərək, xəbərin doğru olub-olmadığını öyrənmək istədi. Sonradan yayılan xəbərdə "Natinal Report"un adətən saxta xəbərlər yaydığı, "facebook"la bağlı xəbərin də bu qəbildən olduğu bildirildi. ANN.Az məsələylə bağlı kiçik bir soğru keçirib, əgər həqiqətən "Facebook" pullu olsaydı azərbaycanlı istifadəçilər ondan istifadə etməkdə davam edərdimi?  

Azərbaycanda aparılan statistikaya görə, sosial şəbəkənin istifadəçilərinin sayı bir milyona çatıb. Facebook vasitəsilə rahat ünsiyyət yaradan, fikirlərini paylaşan, informasiya toplayan ölkə vətəndaşları pullu olduqdan sonra yenə istifadəyə davam edəcəklərmi? 

Sorğuda iştirak edən aktiv istifadəçilərin cavabları müsbət oldu. Nisbətən daha az istifadəçilər isə bilavasitə qiymətdən asılı olaraq və ya pullu olacağı halda ümumiyyətlə istifadədən imtina edəcəklərini bildirdilər. Sorğu iştirakçılarının bir qisminin cavablarını sizə təqdim edirik. 

Facebook-un aktiv istifadəçilərindən olan “Gündəlik Teleqraf” qəzetinin redaktoru Dilqəm Əhməd pullu olsa belə istifadəyə davam edəcəyini bildirib. “Əvvəla, pulun miqdarına baxır, aylıq ödəniş 20-25 dollar arasında olsa, yenidən istifadə edəcəyəm. Yox daha baha olsa, alternativ sosial şəbəkələrdən istifadə edəcəyəm. Amma pullu olmasının bir üstünlüyü var ki, saysız-hesabsız saxta profillər aradan qalxacaq. Elə adamlar var ki, onlarla saxta profil işlədir. Facebook biraz itirmiş ciddiyyətini bəlkə bu yolla geri qaytara”. 

Gənc yazar Kəramət Böyükçöl də pullu olacağı təqdirdə istifadəyə davam edəcəyini bildirib. “ Facebook həyatımızda önəmli yer tutur. Pullu olsa belə istifadə edəcəm.” 

Aynil Camal məhdudiyyət qoyularsa belə istifadəyə davam edəcəyini bildirib. “Büdcəmi nəzərə alacam. Əgər imkan versə davam edəcəm. Əks halda müəyyən məhdudiyyətlərlə davam etdirəcəm. Amma ödənişli olsa yaxşı olar. Saxta profillərdən canımız qurtarar.” 

Aktiv facebook istifadəçilərindən olan Elvin Rəsul facebookun pullu olmasına normal baxır. “Pullu olmağına normal baxıram. Amma istifadəm qiymətinə bağlıdı. Qiymət normal olsa istifadə edəcəm. Çox olsa imtina edəcəm.”

 

Daha bir aktiv facebook istifadəçisi Ceyhun Məmmədsoy pullu keçidə olduqca pis baxır. “Əslində pullu olmasına çox pis baxıram. Kasıb, imkanı az olan insanların fikir paylaşımını məhdudlaşdıracaq. Amma mən pullu olsa belə istifadəyə davam edəcəm. Çünki facebook həyatımın ayrılmaz hissəsinə çevrilib. Məbləğindən asılı olmayaraq istifadəyə davam edəcəm.” 

Gənc fəal Mehriban Kərimli pullu olacağı təqdirdə istifadədən imtina edəcəyini bildirib. Eyni cavabı Nuray Xıdırova da verib. “Bəlkə mən işləmirəm heç. Necə ödəməliyəm? Bunun üçün alternativ vasitələr var. Facebook olmasa digərlərindən istifadə edərik.” 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM