1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində saxlanılan ictimai fəal, I qrup əlil Famil Xəlilov "qanunsuz həbsinə" etiraz əlaməti olaraq 6 gündür aclıq aksiyası keçirir. Bu barədə onun həyat yoldaşı Kiçikxanım Xəlilova məlumat verib.
Onun sözlərinə görə, həyat yoldaşının səhəti çox ağırdır.
"Qolları iflic olsa da sosial iççi ilə təmin olunmayıb. Həkim nəzarəti yoxdur. Otaq yoldaşları da artıq onu sanitar qovşağa aparmırlar. Onları da qınamıram, artıq beziblər. Antisanitariyadan Familin bədənində,hətta qulaqlarının içində belə yaralar əmələ gəlib. Yaralarını müalicə edən yoxdur. Həftədə iki dəfə özüm gedib onu yuyundururam. Hətta təcridxanaya həftədə iki dəfə getmək üçün pulum yoxdur. İnsanların yardımı ilə ailəmi dolandırıram.Himayəmdə 3 azyaşlı uşaq var", - Xəlilova qeyd edib.
Kiçikxanım Xəlilova həyat yoldaşının arıqladığını və qan təzyiqinin yüksək olduğunu deyib.
Mayın 2-də saxlanılaraq Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham olunan Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Yaxınları onun təqsirsiz olduğunu və sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını bildirilər.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !