BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru José Graziano da Silva Ümumdünya Qida Günü ilə bağlı üzv ölkələrə müraciət edib.
BMT İP-in Bakı ofisindən "Report"a daxil olan məlumata görə, müraciətdə bildirilir ki, dünyanın bu ilin 16 oktyabr tarixində Ümumdünya Qida Gününü qeyd etmək üçün bir çox səbəbi var:
"Qlobal icma olaraq biz son onilliklərdə qlobal aclıq və yoxsulluqla mübarizədə həqiqi irəliləyişlər əldə etmişik. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən monitorinqi aparılmış ölkələrin çoxu - 129 ölkədən 72-si öz ölkələrində Minilliyin İnkişaf Məqsədlərinin "Zəif qidalanmanın yayılmasının 2015-ci ilədək yaribayarı azaldılması” hədəfinə nail olublar.
Eyni zamanda, inkişafda olan regionların kəskin yoxsulluq şəraitində yaşayan əhalisinin sayı da 1990-cı ildə 43%-dən bu il 17%-dək əhəmiyyətli dərəcədə azalıb. Ancaq irəliləyiş qeyri-bərabər olub. Qlobal miqyasda, 800 milyon insan xroniki aclıqdan əziyyət çəkir. Demək olar ki, bir milyard insan kəskin yoxsulluq şəraitində yaşayır. Əsas nailiyyətlərə baxmayaraq, aclıq və kasıblıq hələ də bizimlə qalmağa davam edir. Bəli, iqtisadi inkişaf, xüsusilə də kənd təsərrüfatının inkişafı aclıq və kasıblığın dərəcəsinin azalmasında xüsusi rol oynayır. Lakin çox vaxt inklüziv (əhatəli) olmadığı üçün bu da yetərincə olmur. Bu fakt üzrə inkişaf etməkdə olan dünyada bir çox xalqlar, insanlara müntəzəm maliyyə və ya natura şəklində dəstək və ya özünə yardım proqramlarına çıxışın yaradılmasının, kasıblıq və aclıqla mübarizədə lazımlı və vacib fəaliyyətlər olduğunu nəzərə alaraq bu istiqamətdə bir sıra sosial müdafiə tədbirləri yaradıblar. Davamlı tədqiqatların aparılması göstərir ki, sosial müdafiə tədbirləri aclıq və kasıblığın azaldılmasında uğurlu rola sahibdir. Təkcə 2013-cü ildə bu cür tədbirlər təxminən 150 milyon insanı kəskin kasıblıq vəziyyətindən çıxarıb. Maraqlısı odur ki, bu cür proqramlar yalnız gəlirlərdəki çatışmazlığı aradan qaldırmır. Proqramlar insanları mənasız işə sövq etmək əvəzinə insanlarda özünə güvən yaradırlar. Dünyanın kasıb və ac əhalisinin əksər hissəsi gündəlik tələbatlarını kənd təsərrüfatı vasitəsilə ödəyən kəndlilərdir. Aydındır ki, bu cür ailə fermerləri və kənd zəhmətkeşləri yalnız bugünkü yaşayış tələblərini ödəməyə yönəlmişlər. Onlar gəlir gətirmə fəaliyyətlərində az riskli, aşağı gəlirli yanaşmalardan istifadə edir, övladlarının təhsil və səhiyyə məsələləri üçün kifayət qədər maliyyə sərf etmir, kiçik aktivlərini satmaq, övladlarını işə cəlb etmək yaxud da xərcləri azaltmaq məqsədilə qidalanmanı azaltmaq kimi mənfi mübarizə strategiyaları qəbul etmək məcburiyyətində qalırlar. Beləliklə onlar daima sağ qalmaq üçün mübarizə rejimində qalırlar. Kasıblıq və aclıq nəsillərarası və qaçılmaz bir problemə çevrilir. Ancaq bu, belə olmalı deyil.
Bu gün biz bilirik ki, bu cür kiçik ev təsərrüfatlarına, müntəzəm və proqnozlaşdırılan hətta kiçik gəlirin gəlməsi belə, onların yüksək gəlir gətirən fəaliyyətlərinə mane olan və ya mənfi mübarizə strategiyaları qəbul etməyə məcbur edən risklər əleyhinə sığortalama kimi xidmət edə bilər. Sosial müdafiə tədbirləri kasıb və aztəminatlı ev təsərrüfatlarına gələcək üçün planlar qurmağa ümid və imkan verir. Təcrübələr göstərir ki, sosial müdafiə həm təsərrüfat daxili, həm də təsərrüfatdan kənar fəaliyyətlərin inkişafına, həyat şəraitinin gücləndirilməsinə və gəlirlərin artırılmasına səbəb olur. Sosial müdafiə eyni zamanda uşaqların təhsil və səhiyyəsi üçün daha çox maliyyə qoyulmasına və uşaq əməyinin azaldılmasına təkan verir. Pul vəsaiti şəklindəki sosial müdafiə, yerli iqtisadiyyatda istehsal olunan məhsul və təklif olunan xidmətlərdən istifadəyə ehtiyacı olan kasıb təbəqənin alıcılıq qabiliyyətini artırır ki, bu da yerli iqtisadi inkişafa müsbət təsir edir. Sosial müdafiə proqramları eyni zamanda icmalar üçün "pul üçün əmək fəaliyyəti” vasitəsilə tikilmiş suvarma sistemi kimi əhəmiyyətli infrastruktur və aktivlər qazandırır".
Sənəddə deyilir ki, dünyadakı kasıb və ac əhalinin əksər hissəsinin kənd yerlərində yaşadığını və kənd təsərrüfatından asılı olduğu nəzərə alınsa, sosial müdafiənin kənd təsərrüfatının inkişafı ilə uyğunlaşdırılması daha məqsədəuyğun görünür:
"Bu səbəbdən FAO builki Ümumdünya Qida Gününün mövzusu kimi sosial müdafiə və kənd təsərrüfatını seçib. Ancaq nə etmək lazım olduğunu bilmək və onu həqiqətən etmək iki fərqli işdir. Kənd yerlərində kasıblığın illərlə davam edən zəncirini birdəfəlik qırmaq üçün, dünya təcili və qətiyyətlə hərəkət etməlidir. Təhsildə və səhiyyədə siyasi öhdəliklər, adekvat maliyyələşdirmə, əməkdaşlıq və tamamlayıcı fəaliyyətlər bu xəyalı reallaşdırmaq üçün əsas elementlər olacaq. Kənd yerlərinin inkişafı, kasıblığın azaldılması, ərzaq təhlükəsizliyi və qida ehtiyacları üçün siyasi və planlaşdırma çərçivələri hazırlamaqla, kasıblıq və aclığa qarşı mübarizədə kənd təsərrüfatı və sosial müdafiə tədbirlərinin birgə rolunu təşviq etmək olar. Sahib olduğumuz bilik və alətlərdən istifadə edərək - "və lotereyada cek-pot aparmamaqla” - xroniki aclığı 2030-cu ilədək tamamilə aradan qaldırmaq olar. Bu isə həqiqətən bayram üçün əsl səbəbdir".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !