Fazil Mustafa niyə güllələndi - Deputatlar nə düşünür - Qanundakı cəza... - Video

20:48 | 29.03.2023
Fazil Mustafa niyə güllələndi - Deputatlar nə düşünür - Qanundakı cəza... - Video

Fazil Mustafa niyə güllələndi - Deputatlar nə düşünür - Qanundakı cəza... - Video

Çərşənbə axşamı millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd təşkil olunub. Nəticədə atılan 7 güllədən ikisi deputata dəyib. Dövlət Təhükəsizlik Xidməti baş verən hadisəsini terror aktı kimi qiymətləndirib və hadisəni törədən şəxsə  cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Hələlik hadisəni törədən şəxs məsuliyyətə cəlb edilməyib.

Prezident İlham Əliyev terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində təxirəsalınmaz əməliyyat-istintaq tədbirlərinin aparılması ilə bağlı hüquq-mühafizə orqanlarına göstəriş verib.

Millət vəkili Fazil Mustafa baş verən hadisə ilə bağlı mətbuata açıqlama verərək bildirib ki, onun düşməni yoxdur və ilkin versiya kimi ona sui-qəsd edilməsində İranın əli var.
 
Fazil Mustafa mətbuatda, eləcə də Milli Məclisdə İrana qarşı tənqidlər səsləndirlən deputatlardan biri olub. 

Bəs millət vəkilləri baş verən hadisəni necə qiymətləndirib?

Deputat Hikmət Babaoğlu deyir ki, Azərbaycan ictimaiyyətində bu sui-qəsdlə bağlı ümumi rəy var. 

"Ümumi rəydən nəticə çıxarıb bunu rəsmi formada səsləndirməyimiz doğru olmaz. Gözləməliyik ki, hüquq-mühafizə orqanları müvafiq tədqiqatlar aparsınlar. Çünki söylədiyimiz rəy yanlış ola bilər. Düşünürəm ki, sosial şəbəkələrdə olan rəy hüquq-mühafizə orqanlarının bildirdiyi rəylə üst-üstə düşəcək. Fazil Mustafa Azərbaycanda dini təsəvvürün düzgün, milli əsaslanmasında çəkinmədən işlər görürdü. Bu mövqeyin də kimləri narahat edəcəyi bəllidir. Çünki, Azərbaycan ictimai rəyini fərqli istiqamətlərdə, öz imperalist, şovinist maraqlarına alət etmək istəyən mərkəzlər  var. Çox güman ki, bu terror aktının arxasında onlar dayanır”, - deputat söyləyib. 

Deputat hesab edir ki, müvafiq dairlərin hədəfində çoxsaylı ictimai və dövlət xadimləri ola bilər. 

Deputat Cavanşir Paşazadənin sözlərinə görə, Fazil Mustafanın güllələnməsində müxtəlif məqsədlər ola bilər.

"Dəqiq fikir bildirmək üçün hüquq-mühafizə orqanlarının apardığı tədqiqat rəyini gözləməliyik. Hər halda Fazil Mustafa siyasət adamı və partiya rəhbəridir.  Baş verən hadisədə müxtəlif səbəblər ola bilər. Fikir söyləmək doğru olmaz”, - Cavanşir Paşazadə deyib. 

Deputat Bəhruz Məhərrəmov açıqlamasında baş verən hadisəni Azərbaycanda təhlükəsizliyin ,sabitliyin pozulmasına cəhd kimi qiymətləndirib. 

"Belə hallar hər yerdə var. Bu cür çirkin əməllərə əl atanların məqsədi Azərbaycanda sabitliyin artıq mövcud olmadığı fikrini yaratmaqdı. Amma bunlar boş istəklərdir. Azərbaycan təhlükəsizlik orqanları yüksək səviyyədə Azərbaycan xalqının sabitliyinin keşiyindədir", - Məhərrəmov deyib.

Aydın Mirzəzadənin fikrincə, Fazil Mustafaya atılan güllə Azərbaycana atılan güllədir. Deputat deyir ki, bu ölkənin sərbəst düşünmək, fikir bildirmək mövqeyinə qarşı edilən təxribatdır. 

Millət vəkili Azay Quliyev baş verən hadisəni törədənləri qınayaraq bildirib ki, Azərbaycan dövlətini və bu dövlətə sədaqətlə xidmət edənləri belə çirkin üsulla qorxutmaq və ya doğru bildiyi yoldan çəkindirmək mümkün deyil. 

Deputat Razi Nurullayev hesab edir ki, son günlər Azərbaycanda siyasi sabitliyi pozmaq və məkrli düşmənçilik planlarını həyata keçirmək üçün cəhdlər çoxalıb.

"Bu cəhdlərin qarşısı qətiyyətlə alınacaq. Hüquq-mühafizə orqanları 24 saat keşikdədir və cinayətkarları bir neçə saat ərzində zərərsizləşdirə biliblər. Yenə də belə olacaq. Düşmən dövlətlər və daxilimizdə olan xainlər, agentlər ölkəmizi sarsıda bilməyəcəklər. Xalqımızın səyi və siyasi həmrəylik mühitində düşmənlərimizə qalib gələcəyik. Bu cür xain terrorlar xalqımızın və dövlətimizin iradəsini sındıra bilməz”, - Nurullayev söyləyib. 
 
Millət vəkili Etibar Əliyevin sözlərinə görə baş verən hadisədə ehtimallar çoxdur. 
 
"Şübhələnməyə əsas yaradan məqamlar da çoxdur. Fazil Mustafa Azərbaycan xalqına və dövlətinə yönəlmiş zərərli ideologiyalar, təhdidlərə qarşı açıq mətnlə çıxış edirdi. O, çəkinmədən ölkəmizə qarşı yönələn zərərli fikirlərin əleyhinə çıxırdı. Məhz yazdığı status və söylədiyi fikirlərə görə, ona təhdid mesajları və zənglər gəlirdi", - Əliyev vurğulayıb. 

Deputata qarşı sui-qəsd edənləri hansı cəza göözləyir?

Cinayət Məcəlləsinin 277-ci maddəsinə əsasən, dövlət xadiminin və ya ictimai xadimin, habelə xarici dövlət nümayəndəsinin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onun həyatına sui-qəsd etmə (terror aktı) 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 228.2.1-ci maddədə isə qeyd edilib ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dövlət Təhlükəsizlik Xidməti martin 27-də xarici xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş şəxsləri həbs edib və bununla bağlı videomaterial təqdim edib. Həmin videomaterialda qeyd olunur ki, həbs olunan şəxslər xaricdən alınmış sifariş əsasında bir müddət öncə ölkədə tanınan bir vəzifəli şəxsi izləyiblər. Məqsəd həmin vəzifəli şəxsə tapanca və bıçaqla zərbə yetirmək olub. 
 

 
Gülnar Nazimqızı 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb