Fazil Mustafa “sui-qəsd işi” üzrə keçirilən məhkəməyə ərizə göndərib

11:57 | 30.03.2024
Fazil Mustafa “sui-qəsd işi” üzrə keçirilən məhkəməyə ərizə göndərib

Fazil Mustafa “sui-qəsd işi” üzrə keçirilən məhkəməyə ərizə göndərib

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin martın 28-də Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı  yaşadığı evin qarşısında "Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törətməkdə təqsirli bilinən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Məhkəmə iclasına hakim Elnur Nuriyev sədrlik edir. Hazırda məhkəmə şahidləri dindirir.
 
Məhkəmə iclası başlayan kimi Fazil Mustafanın vəkili tərəfindən məhkəməyə ərizə təqdim edilib. Ərizdə Fazil Mustafa Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində verdiyi ifadəsini təsdiqlədiyini qeyd edib.  Hakimlər ərizəni cinayət  işinə əlavə edilməsi barədə qərar qəbul ediblər. Təqsirləndirilən şəxslər və vəkilləri isə Fazil Mustafanın məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş ediblər. Vəkilllər bildiriblər ki, müvəkillərinə Cinayət Məcəlləsinin 277-ci (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddəsi ilə ittiham verilib, ancaq məhkəmədəki dindirmələrdən məlum olub ki, Fazil Mustafanı siyasi fəaliyyətinə görə yox, inanclıların ünvanına sosial şəbəkələrdə təhqirlər işlətdiyinə görə gülləylə vurublar. Təqsirləndirilən şəxslər də vəkillərin dediklərini təsdiqləyiblər. Vurğulayıblar ki, Fazil Mustafaya və aidiyyəti qurumlara buna görə dəfələrlə müraciət etsələr də nəticəsi olmayıb. Təqsirləndirilən şəxs Rəşad Əhmədov: "Möhtərəm hakim, çox üzr istəyirəm, biri desə ki, hakimlər ulaşır, bu təhqirdir, ya yox? Fazil Mustafa da bizimçün deyib ki, dindarlar ulaşır. Biz onu sırf bu təhqirlərinə görə cəzalandırmaq istəmişik. Fazil Mustafanı hansı siyasi fəaliyyətinə görə öldürməliydik ki? Onun hansı fəaliyyəti olub ki? Şəxsən mən onun heç bir fəaliyyətini görməmişəm”.
 
Sonra şahid qismində Xəyyam Musayev ifadə verib. O bildirib ki, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah gəzdirmə) maddəsi ilə təqsirli bilinib və Qaradağ Rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Şahid deyib ki, təqsirləndirilən şəxslərdən yalnız   Rəşad Əhmədovu tanıyıb. Onun sözlərinə görə, Rəşad Əhmədov ona tapança verib: "Mən də həmin silahı özündə saxlamışam. Mən ötən ilin may ayında həbs edilmişəm. Buna səbəb silah satmağın olub. Mən Elşən adlı şəxsə silah satmışam. Ona silahı satanda 1600 manat dedim. Amma 800 manata satdım. Həmin silah Rəşadın mənə verdiyi silah idi. Sonra Elşənin özünü də həbs ediblər".
Şahid qeyd edib ki, Rəşad Əhmədovun silahı ona nə vaxt verdiyini xatırlamır.
Məhkəmə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşı Əmrə Şıxıyevi şahid kimi dindirib. O, ifadəsində göstərib ki, ötən il aprelin 14-də Rəşad Əhmədovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə baş idarəyə əməliyyat məlumatı daxil olub. Onların sözlərinə görə, daxil olmuş məlumat əsasında Qaradağ rayonunun Ələt qəsəbəsində Rəşad Əhmədovun saxlayıblar, daha sonra baş idarəyə gətiriblər. Şahidlər deyiblər ki, idarədə Rəşad Əhmədovun üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkar olunub. Rəçad Əhmədovsa məhkəməyə bildirib ki, narkotik Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ona təqdim olunub, narkotikin ona məxsus olmasını etitaf etməsə, ailə üzvləri ilə hədələnib: "Mənə kağız verdilər ki, burdan oxu. Özləri də məni çəkirdilər. Dedilər, bu narkotiki üzərinə götürməsən, arvadını bura gətirəcəyik. Mən də məcbur olub üzərimə götürdüm”.
 
Sonra hakim məhkəmə iştirakçılarının nəzərinə çatdırıb ki, iş üzrə iki şahid qalıb, bunlardan biri polis əməkdaşı və digəri isə güllə səsini eşitmiş Tünzalə Kərimovadır. Onlar da növbəti məhkəmə iclasında dindiriləcək. Ancaq tərəflərin razılığı ilə Fazil Mustafanın qonşuluğunda yaşayan Tünzalə Kərimovanın istintaq zamanı verdiyi ifadəsi elan edilib. Tünzalə Kərimova ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, 2023-cü ilin martın 28-də, saat 21:50 radələrində yaşadığı evdə olarkən çöldə atəş səsləri eşidib: "Hamamın nəfəsliyindən bayıra baxdım. Boyu təxminın 170-175 santimetr hündürlüyündə, əynində qara  paltar, başında kapuşon olan, kişinin qaçdığını gördüm. Hava qaranlıq olduğu üçün onun üzünü görə bilmədim".
Növbəti məhkəmə iclası aprelin 5-də davam edəcək.
 
Fazil Mustafaya sui-qəsd ötən il martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında "Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılıb, çiynindən yaralanıb. Bu iş üzrə istintaqı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi aparıb. Məhkəmə qarşısına çıxarılanlar Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), narkotika və digər maddələri ilə təqsirləndirilir. Onlarsa məhkəmədə ifadə verərək Fazil Mustafanı siyasi fəaliyyətinə görə yox, sosial şəbəkələrdə insanların inancını təhqir etdiyinə görə "cəzalandırdıqlarını” bildiriblər. Əməllərindən peşman olmadıqlarını vurğulayıblar.
 
Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.
 
Günel Əliyeva


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM