Ötən ilin martın 28-də Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı yaşadığı evin qarşısında odlu silahla sui-qəsd etməkdə təqsirləndirilən Emin Əliyarovun, Rəşad Əhmədovun, Azər Səricanovun, Elşad Əsgərovun və Səbuhi Şirinovun məhkəməsi davam edir.
Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilir. Ötən məhkəkmə iclasında Azər Sarıcanov ifadə vermişdi. Bildirmişdi ki, Fazil Mustafanın güllələnməsi planını o qurub və sui-qəsd planını həyata keçirmək üçün yeni tanış olduğu Səbuhi Şirinovla anlaşıb. Səbuhi Şirinovu (təqsirləndirilən şəxslərdən biridir)silahlandırıb, birlikdə Fazil Mustafanın evinin qarşısına gediblər, sui-qəsdi həyata keçiriblər. Həm də məhkəmənin diqqətinə çatdırmışdı ki, məqsədləri deputatı öldürmək yox, yaralamaqla "dərs vermək” olub.
Sonuncu məhkəmə iclasında isə Azər Səricanov məhkəmənin, prokurorun və vəkillərin suallarını cavablandırıb. Prokuror Səricanovdan Fazil Mustafanı nəyə görə sivil qaydada yox, silahla "başa salmaq” yolunu seçdiyini soruşub. O isə cavab verib ki, sosial şəbəkələr üzərindən dəfələrlə deputata yazıb, Prezidendə, Milli Məclisə, başqa qurumlara müraciət edib, ancaq nəticəsi olmayıb: "”Bəzi insanları cəzalandırmaq lazımdır, hamıya görk olsun ki, mənəvi dəyərləri tapdalamaq olmaz. Tək Fazil Mustafa deyil, biri də elə Mirşahin Ağayev. O da çox şey danışırdı. Burda mühakimə edilənlərin hamısını mən istiqamətləndirmişəm. Nə qədər cəza verirsiz verin. Elə işlər var ki, mütləq həll olunmalıdır”.
Bu zaman Fazil Mustafanın nümayəndəsi məhkəmədən icazə alaraq Azər Səricanova sual verib. O, təqsirləndirilən şəxsdən digər təqsirləndirilən şəxslərə hansı ideologiyanı təbliğ etdiyini soruşub.
Təqsirləndirilən şəxs: - Məsələn, mən təbliğ edirdim ki, İmam Hüseyni təhqir etmək, Aşura günlərində toy etmək olmaz.
Nümayəndə: - Fazil Mustafa bunların heç birini dilinə gətirməyib. Hansı mənbədən götürmüsüz bunu?
Təqsirləndirilən şəxs: - Feysbuk səhifəsində, yutubda çıxışlarından birində deyirdi ki, məhərrəmlik ayında mələşmək, ulaşmaq olmaz. Mən belə sözləri qəbul edə bilmərəm.
Nümayəndə: - Bir nəfərə sui-qəsd təşkil etmək üçün 3 oldu silahı neynirdiz, bu qədər silah nəyinizə lazım idi?
Təqsirləndirilən şəxs: - Bunun nə dəxli var? Kişinin belində tapança olar da...
Digər təqsirləndirilən Səbuhi Şirinovun vəkili Elçin Sadıqov da Azər Səricanova eyni məzmunlu sual verib:
Vəkil: - Fazil Mustafanın hansı hərəkətləri sizi qane etmirdi ki?
Təqsirləndirilən şəxs: - Mənim dinimi təhqir edənin əllərini kəsərəm.
Vəkil: - Fazil Mustafanın siyasi kursundan məlumatlıydınızmı?
Təqsirləndirilən şəxs: - Mən onu Nurçu kimi tanıyıram.
Köməkçi hakim Azər Tağıyev də təqsirləndirilən şəxsə sual verib. Hakimi maraqlandıran məqam Azər Səricanovun məhz İrana gedib qayıtdıqdan sonra belə bir sui-qəsd planı hazırlamasıyla bağlı olub. Səricanovsa bildirib ki, sui-qəsddən sonra icraçılara problem yarana bilərdi, onların ölkədən çıxışında problem yaranmasın deyə İrana gedib. Səricanov tərəflərin suallarını cavablandırandan sonra hakim ona yerinə əyləşməyi təklif edib, Səricanovsa "əməlimdən qətiyyən peşman deyiləm, vəssalam”, - o yerinə əyləşib.
Sonra hakim digər təqsirləndirilən şəxs Rəşad Əhmədova ifadə verməyi təklif edib. Rəşad Əhmədov hakimə bidlirib ki, təqsirləndirilən şəxslərdən yalnız Azər Səricanovu tanıyır. Özünü yalnız silah saxlamaqda təqsirli bilir: "Azər Səricanov mənə silahı verdi, dedi ki, saxla, lazım olanda gəlib götürəcəm. Azər Səricanov həbs olunandan sonra gözüm qorxdu. Getdim İstanbula, oradan da Tehrana getdim. 10 gün orada qaldım. Azərbaycanda baş verənləri sosial şəbəkələrdə izlədim. 10 gün Qum şəhərində qalandan sonra Azərbaycana gəldim”.
Hakim onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edib. Rəşad Əhmədov ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, bir müddət əvvəl Azər Səricanovla İranın Qum şəhərində görüşüb. Azər Səricanov ona Fazil Mustafanı öldürmək planı olduğunu bildirib. Bu plana onun uşaqlıq dostu Valeh İsmayılov da qoşulub: "Biz uşaqlıq dostu idik. Sonralar Valeh Suriyada döyüşməyə getdi, bir müddət orada döyüşdu, sonra da Azərbaycana yox, yaşamaq üçün İrana getdi. Mən onunla sosial şəbəkələrdə yazışırdım. Biz İranda görüşdük, mən ona Azər Səricanovun Fazil Mustafanı öldürmək planından danışdım. O da bu işin görülməsi üçün 30 min dollar verdi. Dedi, işi görə bilməsəniz, pulu geri qaytarmalı olacaqsız. İşi görə bilsəniz, gəlib İranda yaşamağınıza kömək edəcəm. Mənə həm də Azərbaycanda strateji obyektlərin fotolarını çəkməyi tapşırdı. Onun istədiyi yerləri çəkdim”. Bu, təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsidir.
Rəşad Əhmədov həmin ifadəsinə münasibət bildirərkən deyib ki, strateji obyektlərin şəkillərini Valehə göndərməyib: "Telefonuna proqram yükləmişdim. Pilot, hərbiçi olmaq istəyirdim. Buna görə də proqram telefonuna yükləmişdim. Hərbi hisslərin, strateji obyektlərin şəkillərinə baxırdım. Həvəsim var idi. Həmin proqramı da Valehin proqramına yerləşmişdim ki, o da istədiyi yerə baxsın”.
İttihama görə, Azər Səricanov dəstə və silah təşkil edərək Milli Məclisin üzvü Fazil Mustafaya evinin qarşısında sui-qəsd həyata keçirib. İttiham aktında göstərilir kİ, bu sui-qəsd planı İranda hazırlanıb. Həmin şəxslər İranın Rey şəhərində olarkən "Hüseyniyyun" qrupunun üzvləri ilə dini baxışlarına görə millət vəkili Fazil Mustafanın siyasi fəaliyyətinə son qoymaq, ondan qisas almaq məqsədilə sui-qəsd planını müzakirə ediblər. Bu məqsədlə Fazil Mustafanın fəaliyyəti ilə bağlı sosial şəbəkədə gündəlik məlumatlar toplayıblar. 30 min dollar qarşılığında terror aktını həyata keçirmək məqsədilə odlu silah olan "Kalaşnikov” avtomat və tapança əldə ediblər. Ötən il martın 28-də Fazil Mustafanı yaşadığı evin qarşısında güllələyərək çiynindən yaralayıblar.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sərucanov, Elşad Əsgərov, Səbuhi Şirinov həbs ediliblər.
Növbəti prosesi martın 1-də Rəşad Əhmədova sualların verilməsi, digər təqsirləndirilən şəxslərin ifadələri ilə davam edəcək.
Günel Əliyeva
www.anews.az