Fərəh Əliyeva: “Mənim yaradıcılığımda ideya və fantaziyalar tükənməzdir” – MÜSAHİBƏ

18:56 | 18.03.2016
Fərəh Əliyeva: “Mənim yaradıcılığımda ideya və fantaziyalar tükənməzdir” – MÜSAHİBƏ

Fərəh Əliyeva: “Mənim yaradıcılığımda ideya və fantaziyalar tükənməzdir” – MÜSAHİBƏ

Rüstəm Qasımov

- Fərəh xanım, yəqin əksər qızlar kimi siz də uşaqlığınızda rəsm çəkməyi, toxumağı, əl işlərini sevmisiniz...

- Bəli, əlbəttə! 4-5 yaşdan etibarən plastilindən fiqurlar düzəltməyim yadımdadır, sonra isə rəsm çəkməyə, toxumağa və s. başladım. 9-cu sinifdən isə mənim muncuqla məşğuliyyətlərim başladı, mən boyunbağı, qolbağı, sırğa və üzüklər düzəldirdim. Belə məşğuliyyətlərim illər uzunu davam etdi, ta ki, sevimli işimi tapana qədər. Yaradıcılığımı ildən ilə təkmilləşdirməklə mən müəllif kuklaları düzəltməkdə mahirləşdim və bu işi indiyədək davam etdirirəm. 

- Bilmək maraqlı olardı, sizin ixtisasınız nədir? 

- Mən ixtisasca müəlliməyəm və etiraf edim ki, uşaqları öyrətməyi, onların istedadlarını kəşf etməyi, onlarla dostluq etməyi çox sevirəm. Bilirsinizmi, pedaqoq olmaq təkcə müəllimlik demək deyil, sən həm də psixologiyanı yaxşı bilməlisən, axı psixologiya ruh elmidir. Uşaqlarla yola getməyi bacarmalısan, axı hər kəsin xarakteri bir cürdür, hömət qazanmağı da bacarmaq lazımdır. İnanın ki, bizim dövrümüzdə bu, çox çətindir. Heç bi şeyə baxmayaraq, mən bütün uşaqlarda yaxşıları görürəm, onlar gələcəyin valideynləri, Azərbaycanın gələcəyidirlər. Onlarla vaxt keçirmək mənimçün maraqlıdır və xoşbəxtəm ki, kollektivdə işləməklə, öz biliklərimi onlara ötürürəm.
 


- Bəs ümumiyyətlə, sizin kuklalarla tanışlığınız necə baş tutub, mümkünsə kukla sənəti sahəsindəki ilk addımlarınızdan danışardınız. 

- Mənim kuklalarla tanışlığım bütün balaca qız uşaqları kimi lap uşaqlıq illərimə gedib çıxır. Ancaq həmin dövrdə həmyaşıdlarımdan fərqli olaraq, mən onlarla təkcə oynamırdım. Böyük həvəs və coşğunluqla mən kuklalara təzədən əl gəzdirirdim, bəzəyirdim, anamın bütün makiyajını korlamaqla makiyaj edirdim, onlara paltar geyindirirdim, imiclərini dəyişdirirdim, beləliklə də "sovet fabrik kuklası”nı hansısa Barbiyə, Kristiyə çevirirdim... 

- Müəllif kuklalarında sizi cəlb edən nədir? 

- Müəllif kuklaları mən onları düzəldərkən təlqin etdiyim arzulara görə məni cəlb edirlər. Onların hər biri mənim üçün məxsusidir, onların hər birinin xarakteri, hissləri, emosiyaları və ovqatları var. Müəllif kuklalarını düzəldərkən, mən onlara özümün daxili vəziyyətimi, yaşantılarımı, duyğularımı ötürürəm. Mənim bəzi işlərim vizuallıq baxımından bir-birlərinə bənzəyə bilərlər, ancaq onların hər biri fərqlidir. Kuklalarda mənim ən çox diqqət ayırdığım detal gözlərdir, axı gözlər ruhun aynasıdır. Bir anlıq baxışı saatlarla yüzlərlə, minlərlə sözlə izah etmək mümkün olmaya bilər.
 


- Yaradıcı adamın ilk işi hər zaman yadında qalır. Düzəltdiyiniz ilk kukla barədə danışardınız. 

- Əlbəttə, sənətkarın yaratdığı ilk əsər heç vaxt unudulmur. Bu ilk məhəbbətə bənzəyir... İlk işim – münəccim kuklasını mən sevdiyim insanlara hədiyyə kimi düzəltmişdim. Bu müəllif kuklası müdrikliyi və dərrakəni əks etdirirdi. Məncə, işim nəsə sehrli, cəlbedici, sirli və qəribə bir şey vardı. 

- Kukla sənətinin müxtəlif janrları var. Məsələn, tekstil, klassik, kolleksiya kuklaları, "feşn-doll”, portret kuklası və s. Bəs siz hansı janrda işləməyi sevirsiniz. 

- Mən sadaladığınız janrların demək olar, hamısında işləyirəm, böyük məmnuniyyətlə avanqard, klassik, interyer, konseptual və digər növ kuklalar yaradıram. Dürüst desəm, hər şey mənim daxili vəziyyətim və ovqatımdan asılıdır. Sifariş olanda portret kuklalar da düzədirəm. İnanın,bu çox uzun və zəhmətli işdir. Yeri gəlmişkən, müəllif kuklaları düzəldəndə mən bacarığımın 100%-ni işə qoyuram!

- Bəs material məsələsi, ipəkdən, plastikadan, yoxsa qarışıq texnikadan istifadə edirsiz? 

- Mən öz kuklalarımı düzəldərkən polimer özübərkiyən plastikadan (darvi, rok, kaız yapışqanı, covi, papye-maşe) və digər müxəlif materiallardan yararlanıram. Öz işlərimdə tez-tez qarışıq texnikadan da istifadə edirəm, çünki eksperiment etməyi, nəsə yenilik etməyi sevirəm. Müxtəlif ipəklərdən, "Svarovski” daşlarından istifadə edirəm, onlar mənim kuklalarıma zəriflik və gözəllik qazandırırlar. Mənim yaradıcılığımda ideya və fantaziyalar sərhədsizdir, mən hər zaman nəsə yenilik axtarıram və təkrarçılığa yol vermirəm. 
 


- Hər bir yaradıcı insanın yaranması özünəməxsus olur. Sizə ilham gələndə, yeni ideyaların, obrazların yaranmasına nə kömək edir? 

- Hər dəfə müxtəlif cür... Axı bu kainatda, ətrafımızda olan hər şey möcüzədir. İlham mənə avtomobil tıxacında gələ bilər, məsələn, hansısa baxçada oynayan uşaqlara baxanda və s. Və yaxud hansısa gözəl qadının arzulu gözlərini, fikirli baxışlarını, onun gözəl və baxımlı əllərini, barmaq buğumlarını görəndə də ilham gələ bilər. Həyat qiymətli və çox maraqlıdır və mən hər şeydə ancaq pozitiv və yaxşı şeylər görürəm. 

- Siz Bakı Beynəlxalq "Fusion Doll” kukla biennalesinin davamlı iştirakçılarındansınız, burada müxtəlif ölkələrdən olan tanınmış ustalar da iştirak edir. Belə tədbirlərə qatımaq sizə nə verir? 

- Həqiqətən, mən artıq Bakıda keçirilən 3 kukla biennalesində iştirak etmişəm. Bundan başqa, mən Moskvada keçirilən beynəlxalq kukla festivallarında da iştirak etmişəm. Bütün bu tədbirlər iştirakçılara böyük həcmdə yaradıcılıq enerjisi bəxş edir, digər ustalarla ünsiyyət, təcrübə və yeni ideyaların bölüşməsi əvəzsiz təcrübədir. 

- Müəllif kuklaları ustaları tez-tez kuklaların yaradılması prosesinin çox uzun, zəhmətli və enerji alan proses olduğunu deyirlər. Siz həmkarlarınızın fikirləriylə razısınızmı? 

- Mən bütün ustaların əməyinə hörmət edirəm və onların fikirləriylə razıyam. Kukla yaratmaq asan iş deyil, ona çoxlu enerji və səbr xərclənir, ona görə də həmkarlarımın fikirləriylə tamamilə razıyam. 

- Hər bir ustanın yaradıcılığı individuallğı ilə fərqlənir, ona görə bunu bilmək istərdik: müəllif kuklasının yaradılmasına ortalama olaraq nə qədər vaxt gedir və bu nədən asılıdır? 

- Yuxarıda dediyim kimi, kuklaların yaradılması çox vaxt, enerji alır. Ona görə də mən peşəmə məsuliyyətlə yanaşıram. Ortalama olaraq çətinliyindən asılı olaraq, bir kuklanın ərsəyə gəlməsinə 1 ay vaxt tələb olunur. Əsasən gecələr işləyirəm, axı ailə, uşaqlar var, məktəbdə iş və s. Qadın olduğumuzu unutmuruq, hər şeyi çadırmalıyıq, ailəyə, uşaqlara, işə və əlbəttə xarici görünüşü və sağlamlığı, ən əsası da mənəvi qidanı unutmamalıyıq. Daim oxumalı, məlumat almalı, yaxşı filmlərə baxmalı, səyahət etməli, tanışlıqlar qurmalı və maraqlı, istedadlı adamlarla ünsiyyətdə olmalı – bütün bunlar mənəvi qidadır və mənim həyatımın əsas parçasıdır. 
 


- Hazırda müəllif kuklalarıyla daha çox kimlər maraqlanır, bizim həmvətənlər, yoxsa xaricilər? Tələbat güclüdürmü? 

- Bilirsinizmi, son illərdə Azərbaycan cəmiyyətində, bizim elitamızda müəllif kuklalarına maraq artıb. Baxmayaraq ki, müəllif kuklaları yaradıcılığı Azərbaycanda yeni sahədir, ancaq həm ölkədə, həm ölkə xaricində tələb olunan sənətə çevrilib. Mən çox fəxr edirəm ki, mənim işlərim həm Azərbaycan, həm xarici ölkə muzeylərində həm saxlanılır, həm sərgilənir, müxtəlif şəxsi kolleksiyalarda saxlanılır. 

- Biz sizin fərdi sərginizi Bakıda nə zaman görəcəyik? Gələcək barədə planlarınızı bizimlə bölüşərdiniz? 

- Mən bizim uşaq və gənclərin istedadlarının və yaradıcı qabiliyyətlərinin ortaya çıxması üçün öz art-studiyamı genişləndirməyi planlaşdırıram. Bizim ölkəmizdə çoxlu istedadlı uşaqlar var və cəmiyyət qarşısında özümə borc bilirəm ki, onların aşkarlayım və kəşf edim və lazım olan istiqamətə yönləndirim. 

- Oxuculara xatırlatmaq istərdim ki, mənim Bakıda fərdi sərgim 2013-cü ildə tanınmış və hörmətli fotoqraf Orxan Aslanovun studiyasında baş tutub. İkinci fərdi sərgimi mən 2015-ci ilin 1 iyununda, uşaqların müdafiəsi günündə, mənim art-studiyamın tələbələriylə birlikdə "Port-Baku-Moll”da keçirmişəm. Bu il də doğma Bakımızda fərdi sərgi keçirməyi planlaşdırıram. Mən mətbuatla daim əlaqədəyəm, üçüncü fərdi sərgim barədə ətraflı məlumat verəcəm. 

- Fərəh xanım, maraqlı söhbətə görə təşəkkür edirik. Biz sizə yaradıcılığınızda uğurlar arzu edirik. 

- Mən də sizə yaradıcılığıma və şəxsiyyətimə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm. Ən xoş arzularla...

(Fotolar Fərəh Əliyevanın şəxsi arxivindəndir) 
 












www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM