Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilməsi ilə əlaqədar AGF-dəki vəzifəsindən istefa verib.
F.Qayıbov AGF ilə UEG arasında maraqların toqquşmaması baxımından baş katib vəzifəsindən azad olunması ilə bağlı AGF-in İcraiyyə Komitəsinə müraciət edib.
AGF İcraiyyə Komitəsinin yaxın günlərdə keçirilməsi nəzərdə tutulan iclasında Federasiyanın yeni baş katibinin adı açıqlanacaq. F.Qayıbov iclasa qədər bu vəzifəni icra edəcək.
Xatırladaq ki, dekabrın 2-də UEG-in Xorvatiyanın Split şəhərində keçirilən 27-ci hesabat-seçki konqresində AGF-nin baş katibi F.Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilib.
2013-cü ildə UEG-in vitse-prezidenti seçilən F.Qayıbov son dörd il ərzində həmin vəzifədə çalışıb. O, növbəti dörd il ərzində isə fəaliyyətinə gimnastikanın səkkiz növü daxil olan UEG-ə rəhbərlik edəcək. F.Qayıbov UEG-in prezidenti seçilməklə həm də Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !