Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) fevral ayının iqlim xarakteristikasını açıqlayıb.
APA-nın xəbərinə görə, ETSN-nin Ətraf mühitin vəziyyəti haqqında aylıq bülletenində bildirilir ki, fevral ayında havanın orta aylıq temperaturu yanvar ayı ilə müqayisədə çox az dəyişir.
"Atmosferin ümumi sirkulyasiyasından və sinoptik proseslərdən asılı olaraq, hərdən fevral yanvar ayından soyuq olur. 1954-cü ildə Bakı şəhərində ən soyuq fevral ayı qeydə alınıb. Havanın orta aylıq temperaturu 0.7°C şaxta olub ki, bu da iqlim normasından 5.6°C azdır. Uzun müddət soyuq arktik hava kütlələrinin daxil olması nəticəsində gündüz temperaturlar müsbət 6°C-dən yuxarı qalxmayıb. Havanın minimal temperaturu isə mənfi 8°C-dək enib. Ən aşağı temperatur Bakıda 1969-cu il fevralın 9-10-da qeydə alınıb. Həmin vaxt temperatur 9.6°C şaxta olub. Son 40 il ərzində 2012-ci il fevralın 8-də Bakıda rekord şaxta qeydə alınıb. Həmin gün havanın minimal temperaturu 11°C şaxta təşkil edib. 2012-ci il fevralın 6-sı axşamdan başlayaraq temperaturun 0°C-yə enməsi nəticəsində Xəzər dənizi akvatoriyasının Azərbaycan sahillərində Nabrandan Sumqayıta qədər suyun donması baş verib, buz qatının qalınlığı sahil zonada 3-5 sm təşkil edib. Fevralda Bakıda ən isti hava 1955-ci ildə qeydə alınıb. Havanın orta aylıq temperaturu +7.9°C olub ki, bu da iqlim normasından 3.6°C yüksəkdir. Ən yüksək temperatur 27°C isti, 1955-ci il fevralın 27-də müşahidə olunub”, - deyə bülletendə qeyd olunur.
Bülletendə o da deyilir ki, yağmurlu günlərin sayı fevral ayı ərzində qeyri-bərabər şəkildə paylanır: "1969-cu ildə fevralın 8-dən 26-dək respublikanın bütün ərazisində qar yağıb, hündürlüyü 12 sm-dən 60-sm-dək olan sabit qar örtüyü müşahidə edilib. 2017-ci il fevralın 1-2-də Bakıda qar müşahidə olunub, qar örtüyü əmələ gəlib və qar örtüyünün hündürlüyü fevralın 2-də Bakıda 29 sm təşkil edib. Fevralda güclü şimal-qərb küləkləri də müşahidə edilir. 2007-ci il fevralın 24-25-də Bakıda ən güclü külək qeydə alınıb”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !