Fəzail Ağamalı: "O qızı hamı kimi mən də sevirdim" - VİDEOMÜSAHİBƏ

20:56 | 14.07.2021
Fəzail Ağamalı:

Fəzail Ağamalı: "O qızı hamı kimi mən də sevirdim" - VİDEOMÜSAHİBƏ

 "Bizim qonaq” rubrikasının bu dəfəki qonağı altı dəfə Milli Məclisə deputat seçilən "Ana Vətən" partiyasının sədri Fəzail Ağamalıdır. Onunla müsahibəni təqdim edirik: 

Azadlıq hərəkatına tələbə vaxtlarınızdan qoşulduğunu bildirirsiz. Hal-hazırda üzdə olan şəxslərdən başqa kimlər həmin hərəkatda iştirak edib?


- Üzvü olduğum dərnək konspirativ fəaliyyət göstərdiyindən onun  üzvlərindən hazırda üzdə olan  kimsə bilmirəm.  O dərnəkdə mən, uzun illər Bakı Dövlət Universitetinin tarix fakültəsində çalışan, çox istedadlı, Azərbaycanın qədim dövrünün tarixi üzrə tədqiqatçı Heydər Mirzəyev, bir də tələbə dostumuz Hümmət Mehdiyev üzv idi. Məni bu işə o zaman müəllimim olmuş rəhmətlik Əbülfəz Elçibəy cəlb etmişdi. Mən bir neçə yerdə -  Göyçay, Yevlax, Bakı, Sumqayıtda dərnəklər yaratmışdım. Artıq əlaqəm yoxdu həmin adamlarla, bilmirəm vəfat ediblər ya yox? Eyni zamanda onu da etiraf edim ki, 60-cı illərin sonu 70-ci illərin əvvəllərində Azərbaycanda sözün həqiqi mənasında milli şüurun və milli təfəkkürün inkişafı və formalaşması illəri idi. Biz tələbələr yataqxanalarda, əbədi-bədii dərnəklərdə iştirak edirdik, bu cür müzakirələr olurdu. Həm də bizim hər birimiz üçün çox açıq bir məkan vardı. Pionerlər parkında , indi Filarmoniya parkının İçərişəhərə bitişən divarının önündə , çayxana vardı. Ora yığılanlar arasında Ramiz Rövşən, Vaqif Bayatlı, Dilsuz, Sabir Rüstəmxanlı var idi. 


Müsahibələrinizin birində demisiz ki, "20 Yanvar” günü hərəkat rəhbərləri yeyib-içməkdə, əyləncədə idilər. Bəs Siz həmin vaxt harada idiz?


- 1988-ci ildən Qarabağda erməni seperatizmi başladı. Mən həmin zamanlar Gəncə Texnologiya institunda kafedra müdiri idim. Ordan ərizə yazıb çıxdım. Bakıya köçdüm və İqtisad universitetində müəllimliyə başladım və birbaşa hərəkatın içərisində oldum.  1988-ci ilin meydan epopeyası deyilən bir dövr başladı. Fəal iştirakçılardan biri idim. Gecələr tonqal ətrafında gedən müzakirələrin içərisində mən də yer alırdım. Hərəkatın gedişi dövründə biz belə qərara gəldik ki, bu hərəkatı idarə etmək üçün bir  təşkilata ehtiyac var. Bunu ilk dəfə mən Firudin Cəlilov (Ağasıoğlu) ilə müzakirə etdik və bərabər Əbülfəz Elçibəyə müraciət etdik. Mitinq prosesini idarə etmək lazım idi, həmçinin digər ciddi məsələləri nəzarət altında saxlamaq vacib idi. Beləliklə belə bir  təşkilatı yaratdıq. Adını da "Nümayiş komitəsi" qoyduq. Həmin "Nümayiş komitəsi" idarə heyəti üzvlərindən biri də mən oldum. Rəhbəri Firudin Cəlilov idi. Şair Nüsrət Kəsəmənli də idarə heyətinin üzvlərindən idi. Vurğun Əyyub və digərləri də var idi. 7-9 nəfərdən ibarət belə bir komitə yaratdıq. Biz meydan epopeyası dövründə həm də qərara gəldik ki, bu hərəkat bundan sonra da geniş və ardıcıl xarakter daşıyacaq, ona görə də daha ciddi təşkilatlanmağa ehtiyac var. Müxtəlif variantlar var idi, variantlardan biri siyasi partiya yaratmaqdı. Əbülfəz Elçibəyin fəal iştirakı ilə "Varlıq" təşkilatını yaratdıq. Onun idarə heyətinə Vurğun Əyyub, mən, universitetin dosenti cənublu soydaşlarımızdan olan Tarik Peyman, Fuad Ağayev daxil idi.


1989-cu ilin iyulunda Azərbaycan Xalq Cəbhəsinin 8-ci mikrorayonda rəhmətlik Ağamalı Sadiqin yaşadığı binanın qarşısındakı "bisetka"da təsis konfransı keçirildi. Sədrlik üçün iki namizəd vardı. Zərdüşt Əlizadə və onun ətrafında olanlar (Leyla Yunus, Arzu Abdullayeva və s) Yusif Səmədoğlunu sədr seçmək istəyirdilər. Xalq hərəkatının içərisində olan və xalq hərəkatına həqiqətən bağlı olanlar isə Əbülfəz Elçibəyi sədr görmək istəyirdilər. Bu konfransın gedişində səs vermədə biz üstünlük qazandıq. Belə Xalq cəbhəsini yaratdıq. Mən Ali məclisin üzvü seçildim. Səbail rayonu üzrə əlaqələndirici oldum. 


1990-cı ilin yanvarı ərəfəsində Bakıda deyildim. Dedilər Tovuzda mitinq olacaq, xahiş edirik gedin orada iştirak edin. Yanvarın 13-ü Tovuzda idim. Tovuzda mitinqimizi keçirtdik. Mən Bakıya gəlməyə hazırlaşanda isə xəbər gəldi ki, ermənilər indiki Göygöl istiqamətindən böyük qüvvə ilə hücuma keçib. Gəncə təhlükədədir. Bakıya qayıtmaqdan imtina etdim. Gəncəyə yollandım və gördüm ki, şəhər qaynayır. Oradan Göygölə (o dövrdə Xanlar adlanırdı) getdim. 1990-cı il Yanvarın 20-ə qədər orada qaldım. Yanvarın 14-də hazırlıq işi görməyə başladıq. 


Yanvarın 16-ı səhər 10-11 radələrində rusların 2 vertolyotu gəldi. İriçaplı pulemyotlarla bizi atəşə tutdu. Mənim yanımda olan iki nəfər şəhid oldu. Vertolyotun birini bizimkilər vura bildi. Ermənilər Çaykəndi qərargah kimi istifadə edirdi. Onu tutmaq isə çox çətin idi. Yanvarın 16-da məni Gəncə şəhər partiya komitəsinin birinci katibinin kabinetinə çağırdılar. Həsən Həsənov, Gəncənin birinci katibi Süleymanov, Rəhman  adlı Gəncə şəhər üzrə KQB-nin rəhbəri və İlham İsmayıl orada idi. Həsən Həsənov soruşdu ki, Çaykəndi necə edək? Cavab verdim ki, Çaykənddəkiləti məhv etmək üçün bir gecəlik mənə "kukuruznik” təyyarəsi lazımdı. Anlatdım ki, onunla əməliyyat aparacıq və məsələ bitəcək. O da razılaşdı. Yanvarın 17, 18, 19 -u oldu təyyarə gəlmədi. Yanvarın 20-də getdim Gəncə şəhər milis idarəsinin rəisi Dünyamalıyevin yanına. Dəhşətli hönkürtü ilə məni qarşıladı və dedi ki, Bakıda qırğın törədilib. Hazırda Bakıda, Gəncədə fövqaladə vəziyyət elan olunub, sən təcili çıxıb getməlisən. Ağ xalat geyindim. Yevlaxa , oradan da Bakıya gəldim. Bakıya çatanda gördüm ki, hər yerə qərənfillər düzülüb. Fevralda biz AXC-i yaşatmaq üçün Çingiz Qənizadənin fəal köməyi ilə Ağdaşda Ali məclisin iclasını keçirəndə idarə heyətinin hesabatını dinlədik ki, necə oldu bu qanlı hadisə baş verdi. 20 Yanvar günü heç biri insanlarla bərabər olmadılar. Ona görə də mən  onların isyefasını tələb etdim. 


Həmin hadisədən sonra aramızda münasibətlər korlandı. Onlar öz yaxın adamları ilə Səbail rayon təşkilatının işini iflic etməyə çalışdılar. İstefa verdim. İyunda AXC-dən də çıxdım.  1990-cı ilin 24 noyabrında "Ana Vətən” partiyasını yaratdıq. 


Heydər Əliyevin Bakıya  dəvət olunmasının  təşəbbüskarlarından biri Siz olmusuz. Elçibəy ilə də aranız yaxşı olub. Sizcə, hsnsı daha yaxşı siyasətçi idi?


- Heydər Əliyevi Azərbaycanda kiminləsə müqayisə etmək çox böyük ədalətsizlik olar. 


Əbülfəz Elçibəy o zaman bizim müəllim idi və Heydər Əliyevin fanatı idi. Heydər Əliyevi dünyanın nəhəngləri ilə müqayisə edirdi. Heydər Əliyevlə Əbülfəz Elçibəy arasında heç bir problem yox idi. Əbülfəz ELçibəy fanat, millətçi və hərəkatçı idi, açıq şəkildə özünü ifadə edən türkçü idi. 


Heydər Əliyev isə türk dövlətini yaradan, onu bütün çətinliklərdən çıxardan nəhəng dövlət xadimidir. 


Mən isə azadlıq mübarizəsinə içimdən gələn ideyaya görə, məsləkə, əqidəyə görə  qoşulmuşdum. 


Əbülfəz Elçibəy bizə məlum olanda, sadəcə fikirlərimiz, baxışlarımız üst-üstə düşdü və onu özümə müəllim bildim.  Gələcəkdə də hərəkatın lideri olaraq biz onu qəbul etdik. Əbülfəz Elçibəy Milli Azadlıq hərəkatının lideri idi. 


1974-cü ildə Əbülfəz Elçibəyi DTK həbs etdi. 


Təqribən 6-7 il öncə saytların birində Əbülfəz Elçibəyin istintaqında dövlət ittihamçısı kimi çıxış edən Yamən Yusifovun açıqlamasını oxudum. O, deyirdi ki, məhkəməyə bir neçə gün qalmış Heydər Əliyev məni çağırdı  və dedi Yamən biz sizinlə uzun müddətdir işləyirik. Mən DTK-da sən isə prokurorluqda. 


Soruşdu ki, bizim aramızda problem yoxdu ki, mən də dedim əlbəttə yox. 


Bəs yaxşı bu müəllimdir, cavan adamdır. Onu ağır maddə ilə ittiham edirsiniz. İndi bu nə edib? İnqilab etməyib, çevriliş etməyib, boşboğazlıq edib. 10 il iş, 5 il sürgün çoxdur, gedin onu dəyişin. Yamən deyir ki, biz gəlib Ali məhkəmənin sədri ilə danışdıq. Maddəni dəyişdik. Anti-sovet boşboğazlığını saxladıq. Bu maddə ilə 1,6 il iş kəsildi. Yenə də Heydər Əliyevin himayəsi ilə Qaradağda o biri məhbuslar kimi daş daşımadı. Kitabxanada oturub, vaxtını kitabların arasında keçirdi. 

-"Ana Vətən" partiyasının hökümətyönümlü olduğu deyilir. Əgər hökumətyönümlü partiyasınızsa, niyə YAP-a birləşmədiniz?


- Bu məsələ hər zaman müzakirə mövzusu olub. "Ana Vətən" partiyası "YAP"-dan öncə yaradılıb və bizim təməl prinsiplərimiz var. Təməl prinsiplər arasında üst-üstə düşən məqamlar da var. Biz Azərbaycanın azadlığına, dövlət müstəqilliyinə, həm də coğrafi ərazi bütövlüyünə, böyük Azərbaycanın, yaradılması demokratik bir cəmiyyətin qurulmasına sadiq partiyayıq. Eyni zamanda Heydər Əliyev siyasi kursuna qarşı çıxan, dövlətçiliyimizə zərbə vurmağa çalışanalara qarşı ardıcıl mövqe nümayiş etdiririk. Biz hökumətyönümlü partiya deyilik, dövlətyönümlü partiyayıq. Düşünürəm ki, "YAP"-la birləşməyə ehtiyac yoxdur.
 


-Partiyanızın ideologiyasında milliyətçilik üstünlük təşkil edir, eləcə də məqsədiniz Azərbaycanın tarixi ərazisini bərpa etməkdir. Sizcə, bu beynəlxalq sərhədlərin pozulması sayılmazmı?


 - Biz partiya olaraq bu ideyanın daşıyıcısıyıq. Azərbaycanın tarixi-coğrafi ərazilərində bütöv və böyük bir Azərbaycan dövlətinin, demokratik dövlətin yaradılması bizim başlıca təməl prinsipimizdir. Bu ideya ilə yaşayırıq. 44 günlük müharibədə əldə etdiyimiz qələbə bizim arzuladığımız ideyanın təməl daşının qoyulmasıdır. Bu yolun başlanğıcındayıq. İnanıram ki, beynəlxalq şərait imkan verəcək ki, Azərbaycan bütün tarixi torpaqlarını bərpa edəcək. Bunu mən görməsəm də, gənc nəsillər görəcək. 


-Partiyanızın rəsmi saytı işləmir. İnsanlar sizin fəaliyyətinizi haradan izləyə bilər?


- Bu bizim yaralı yerimizdir. Mən dəfələrlə bu saytı düzəltmişəm, admin müəyyənləşdirmişəm. Lakin arzu etdiyim səviyyədə olmayıb. Daha çox jurnalistlərin məndən aldıqları müsahibələr əsasında və sosial şəbəkələrdən istifadə edirik. Düşünürəm bu da ciddi mənbədir. İnsanlar sosial şəbəkələr üzərindən fəaliyyətimizi izləyə bilər.


 
-2007-ci ildə hazırda həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevlə əlbəyaxa davanız düşmüşdü. Həmin hadisədə İqbal Ağazadə sizin günahkar olduğunuzu bildirmişdi. Demişdiniz ki, Sizi söyüb? Sizi söyməyə səbəb nə idi?


- İqbal Ağazadə  orada Hüseyn Abdullayevi müxalif mövqeyinə görə müdafiə etməyə çalışmışdı. Əslində Hüseyn Abdullayev hökuməti tənqid etdiyinə görə mühakimə olunmurdu. Hüseyn Abdullayevin davranışları bizim hər birimizi narahat edirdi. O, tribunada olan baş nazir Artur Rəsizadənin çıxış etməsinə imkan vermirdi.  Milli Məclisin plenar yığıncağını pozmağa çalışırdı. Çox sakit şəkildə dedim ki, cənab Abdullayev imkan verin iclas keçsin, səs-küy salmayın. Arxada isə müxalifət nümayəndələri oturmuşdu. Onlar da H.Abdullayevi qızışdırmaq üçün replikalar atırdılar. Mənim bu dəvətimə H.Abdullayev çox sərt reaksiya verdi. Sonra məni əli ilə çölə dəvət etdi. Çölə dəvət edəndə söyüş söyməyə çalışdı, mən də şillə ilə vurdum. İmkan tapıb söyüş söyə bilmədi. Sonra o da məni vurdu. Əslində bəlli oldu ki, bu hökumətə etimadsızlıq göstərmək üçün əvvəlcədən hazırlanmış ssenari imiş.  Məhkəmədə gəlib məndən üzr istədi. Onu bağışladım. Dedim get bacardığın işlə məşğul ol, siyasət sənlik deyil. Manısdan siyasətçi olmaz, siyasət bir peşədir. O vaxtilə toylarda klarnet çalıb, insanları şənləndirirdi. Milli məclis cəmiyyətin elitar klubudu. 


Altı dəfə Milli Məclisə Sumqayıt, Yevlax və hazırda da Salyan-Neftçala üzrə deputat seçilmisiniz. Maraqlıdır insanlara özünüzü necə sevdirə bilmisiniz ki hər dəfə fərqli -fərqli bölgələr üzrə qalib olmusunuz? 


- Siz mənim bioqrofiyamı ciddi araşdırmısınız. Əslində bunun sadə izahı var. Riyadan və yalandan uzaq olmaq lazımdır. Mən seçicilərimlə həmişə səmimi olmuşam, problemlərində yanlarında olmuşam. Demirəm bütün problemlərinin həll etmişəm, ən azından dinləyib təsəlli verməyə çalışmışam. Ancaq hansı dairədən seçilmişəmsə, həmin rayonların problemlərinin həlli üçün bütün imkanlarımı ortaya qoymuşam. Vaxtilə qazın, elektrikin, suyun, yolun pis olduğu vaxtlarda təkcə Milli Məclisdə məsələləri qaldırmamışam, həm də qapıları döymüşəm. Baş nazir Artur Rəsizadənin dəfələrlə qəbulunda olub, xahişimizi etmişik, dərhal reaksiya verib, məsələ həllini tapıb. Cənab prezident Salyana gedəndə orda görüşmək imkanlarımız olanda  mən Salyanın problemləri üzərində dayanıb, onların həllini xahiş etmişəm və dərhal reaksiya verilib. Bu gün mənim dairəmdə yol problemi yoxdu. İndi insanlarımız deyir ki, mümkündüsə kəndlərarası yollar asfaltlansın. Salyanın özündə su problemi olsa da kanallar vasitəsilə ehtiyaclarını ödəyirlər. Hazırda bir Xıdırlı kəndi qazsız qalıb. "Azəriqaz"a müraciət etmişəm, tezliklə həll edəcəklərinə söz veriblər. 


Seçki ərəfəsində namizəd həmkarınız Kamil Musəvi və tərəfdarları ilə aranızda münaqişə olmuşdu. Bu hadisədən sonra rayona gedəndə həmin şəxslərin münasibəti necə oldu?


- Kamil Musəvi özünü qazi kimi təqdim etmişdi, amma o, müharibədə iştirak etməyib.  Sadəcə, bir yoxlama əməliyyatı zamanı özünün ehtiyyatsızlığı ucbatından minaya düşüb və özündən başqa bir neçə nəfəri şikəst edib. 


Seçki hüququndan istifadə edib Azərbaycan vətəndaşı kimi namizəd olub. Biraz fərqli yanaşma, radikallıq vardı. Bəzi adamlar da onun yanında idi. Qarşıdurma yaratmağa çalışdılar. Biz öz ağlımız və təmkinimizlə qarşıdurmaya imkan vermədik. Sonra da onlar haqqında cinayət işi açıldı və mən bu cinayət işinin arxasınca getmədim, əksinə Salyan rayon polis şöbəsinə, prokurorluğundan xahiş etdim ki, imkan daxilində məsələ bağlansın. 


Qərbi Azərbaycanda anadan olmuş biri kimi Zəngəzur dəhlizi barədə nə düşünürsünüz? 


- Bəli, mən Zəngəzurdanam. Azərbaycanın qədim yurdlarından biri, həmçinin böyük şəxsiyyətlər yetişdirən bir yurddanam.  Elektron poçtum Zəngəzur sözü ilə başlayır. Əminəm ki, biz ora artıq qayıtmışıq. Şuşa, Laçın azad olunanda bir şərh yazdım ki, Şuşa və Laçınlılardan daha çox sevinirəm torpaqlarımızın azad olmasına. Ona görə ki, mənim doğulub böyüdüyüm Zəngəzurun Qarakilsə rayonu Şıxlar kəndi dağlar qoynunda məskunlaşan bu kəndə yol Şuşa və Laçından keçir. Artıq qısa zamanda əminəm ki, kəndimə gedib, o soyuq bulaqlardan bir daha su içəcəm. bu inamı özümdə yaşadıram. 


Zəngəzur dəhlizinin açılması da bu inamı məndə möhkəmləndirir. 


Məndə belə bir məlumat varkı, hələ məktəbdə oxuyarkən bir qızı çox sevmisiniz...


- O qızı hamı sevirdi, mən də sevirdim. Çox göyçək qız idi. Hamı ona vurulmuşdu, mən də orta məktəbdə oxuyanda ona vurulmuşdum. Hətta onların evi bizim gənclərin və yaşlı insanların axşamlar yığışdığı dükan deyərdik, orda saatlarla durub gözləyərdim ki, görüm o qapıdan çıxıb nə zaman bulağa gedəcək, su gətirəcək mən də onu görəcəm. 


Lakin sonra mən Bakıda universitetin birinci kursunda oxuyurdum. Kəndə getmişdim.  Öskürürdüm, bir az soyuqlamışdım. Qərara  alındı ki , mənə iynə vurulsun. İynəni kim vura bilər, həmin qız. Tibb texnikumunu bitirib gəlib kənddə tibb bacısı kimi çalışırdı. Gəldi, görüşdük, iynəni vurdu. O hisslərdən heç bir əsər-əlamət qalmamışdı. O hisləri heç xatırlamadım da. Tamamilə biganə münasibət oldu. Əlbəttə onun davranışlarından görürdüm ki, o nəsə məndən gözləyir. Ancaq mən özümü bilməməzliyə vurdum. Çünki içimdə artıq o hiss yox idi. 


Deputat olandan sonra axtarıbmı Sizi?


- Yox, bir dəfə onunla 20 il qabaü toyda rastlaşmışıq. O, ailə qurub, uşaqları var. 10-15 il qabaq isə dünyasını dəyişib. 


Rövşən Lənkəranski ilə qohumluq əlaqələriniz olub. Bu əlaqələr nə zamansa fəaliyyətinizə problem yaratmayıb?


- Rövşən Lənkəranskinin qardaşı mənim qardaşımın qızı ilə ailə həyatı qurub. Onların üç uşağı var. Biz bir qohum kimi çox mehriban olmuşuq. Sizə deyim ki, o ailə milli-mənəvi dəyərlərə çox sadiq insanlardılar. Sonra elə oldu ki, Rövşən Lənkəranskinin həyat yolu dəyişdi.  Atasnın intiqamını aldı. Taleyin hökmü ilə başqa həyat yaşamağa başladı. 2003-cü ildə infarkt keçirdim. Qardaşım 52 yaşında vəfat edəndə çox sarsıldım. 15 gün klinikada müalicə alandan sonra məsləhət olundu ki, Moskvaya gedim.


Mənim Moskvaya gəldiyimi biləndən sonra rəhmətlik Lənkəranski 15 gün, hər gün dayıdı ilə yanıma gəldi. Səhər saat 10-11-də gəlirdi, axşam 4-də gedirdi. 


Nə dəxli var, hərənin bir yolu var. Biri müəllimdi, biri həkimdi, biri mühəndisdi, deyək ki, birinin də yolu o yoldan keçir. 


R.Lənkəranskinin zəngin daxili keyfiyyətləri var idi. O, insanlara qarşı hədsiz  mərhəmətli idi. Xüsusi olaraq, azərbaycanlıların Moskvada və başqa bazarlarda incidilməsinə imkan vermirdi. Onun dünyasını dəyişməsi mənə çox ağır təsir elədi. Heç nəyə məhəl qoymadan gedib onun yas mərasimində iştirak elədim. Şəkillərim də çıxdı. Dedilər sənin nə işin var. Dedim gedin işinizlə məşğul olun. O adamın üstümdə haqqı var. Orda iştirakım dövlətə, xalqa xəyanətim deyildi ki? Oğurluq, rüşvətxorluq, kimlərinsə haqqının pozulması deyildi. 


O da o yolun yolçusu idi, elə epizodlar var ki, indi burda  deyə bilmirəm.Onun ulu öndərimizə çox böyük rəğbəti vardı. Baxmayaraq ki, başqa dünyanın adamı idi. 


Siz Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində həm birinci müavin, həm də nazir vəsifəsini icra etmisiniz. Maraqlıdır, indiki ilə müqayisədə həmin nazirlikdə olsaydınız yaxud ümumilikdə nazirlikdə nələr dəyişməlidir?


- 1992-ci ilin oktyabrından 1994-cü ilin avqustuna qədər çalışdım. Ulu öndər hakimiyyətə gələndə mən nazir vəzifəsini icra edirdim, məni nazir təyin edəcəkdi. Amma Surət Hüseynovla 1994-cü ilin aprelində ciddi qarşıdurmamız oldu. 1994-cü ilin aprelində "Milliyət" qəzetinə müsahibə verdim. Açıq mətnlə Sürət Hüseynovun istefasını tələb etdim. Onun aparatına çağırıldım. Dedilər qorxmursanmı, cavab verdim ki,  yox. 


Sonra o Qarabağ əlillər cəmiyyəti vardı. Sürət onları ələ aldı. Onlar da Birinci Qarabağ müharibəsi zamanı döyüşdə olmayan, yalnız qənimət dalıyca gedib ayaqlarını itirən milis işçisi Azər Quliyevin böhtanı və şəri ilə üz-üzə qaldım. Məni işdən azad etdiyini dedi.  Bildirdim ki, bu səlahiyyət prezidentə məxsusdur. 


Gördüm ki, vəziyyət çox ciddidi. Eldar Namazova yaxınlaşdım. H.Əliyevin o zaman köməkçisi idi. Dedim xahiş eidrəm prezidentə deyin istefamı qəbul etsin. Saat 10-da başlamalı olan müşavirə 12-də başladı. 


Ramiz Mehdiyev də o vaxtı ümumi şöbənin müdiri idi. Əlində bir kağız gəldi. İşdən çıxma sərəncamım idi. Prezident sərəncamı oxudu və sonra söylədi ki , F.Ağamalının vəzifədən getməsi və orda yaranan problemlər təkcə Fəzailin problemi deyil. Bu hamımızın problemidir. 


Oktyabr ayının 5-də Azadlıq meydanında Sürət Hüseynov ayın 4-ü qiyam etmək istəyəndə hamı toplaşdı aparatın qarşısına. Mən də orada idim. Azadlıq meydanında H.Əliyevdən əvvəl mən çıxış edib Sürət Hüseynovun istefasını tələb etdim, yüz minlərlə insan məni alqışladı. Məndən sonra H.Əliyev çıxış elədi. Elə orada Sürət Hüseynovun qolunu qandallayıb apardılar. Bax bu hadisələr imkan vermədi mən nazirlikdə islahatlar aparım. 


Ciddi islahatlara başlamışdım. Peşəkar komandanı saxlamışdım. Deyəndəki kommunistdilər, dedim bura meydan deyil, bu insanlar peşəkardır.  İndikilər gələn kimi kollektivi dəyişir, dostunu, qohumunu vəzifələrə qoyurlar. Məndən sonra gələnlərin hamısı öz korporativ maraqlarına görə islahatlar apardılar. 


Sosial müdafiə çox həssas yerdi, orda atılan addımlara fikir vermək lazımdır ki, insanlar dövlətdən narazı qalmasınlar. 


Sürət Hüseynov haqqında "Milliyət" qəzetinə müsahibə verdiyinizi dediz. Yəqin ki, onu əvvəldən tanıyırdınız. Baş nazir postuna o təyin olunanda niyə həmin yazını yazmadınız?


- O zaman çox çətin situasiya idi. Sürət Hüseynov qiyam qaldırmışdı. AXC-Müsavat hakimiyyətinin səriştəsizliyindən ölkədə vəziyyət yaxşı deyildi. Bütün sahələrdə böhran dərinləşmişdi. belə bir durumda Sürət qiyam qaldırdı. Bu da Moskvanın xüsusi layihəsi idi. Hakimiyyətə Ayaz Mütəllibovu gətirmək istəyirdilər. İyunun 6-da mən otağımda oturmuşdum. Xalq hərəkatının iştirakçılarından biri olan, vaxtilə H.Əliyevin dövründə, orda Ali Məclisin sədri işləyəndə baş nazir vəzifəsində çalışan Becan Fərzəliyev otağıma gəldi ki, nə edək? Dedim bircə yol var, o da H.Əliyevin Bakıya dəvət olunmasıdır. Ə.Elçibəyə zəng etdik. 


Milli məclisdə ciddi müzakirələr gedirdi. İyunun 7-dən 8-ə keçən gecə səhv etmirəmsə biz o zamanın maliyyə naziri Saleh Məmmədovla bərabər İsa Qəmbərin kabinetində olan Elçibəyin yanına qalxdıq. H.Əliyevin Bakıya dəvət olunmasını bir daha dedim. Çünki Ayaz Mütəllibovun təyyarəsi Moskvada hazır gözləyirdi. Elçibəy dedi görüm necə edirəm. İyunun 9-da H.Əliyev Bakıya gəldi. Gəncəyə getdi, Milli Məclisin sədri seçildi. Sürət Hüseynovu neytrallaşdırmaq lazım idi. Bunun üçün ulu öndərimiz unikal addım atdı. Onu baş nazir vəzifəsinə təyin etdi. H.Əliyev bilirdi ki, baş nazir olmaq onun üçün ölüm kabusudur. Həqiqətən də baş nazir olmaq Sürətin taleyini həll elədi. Sürət Moskvanın istəyi ilə neft kontraktlarının bağlanmasına qarşı çıxırdı. H.Əliyev isə əsrin müqaviləsini bağlamağa çalışırdı. İlham Əliyev də işçi qrupuna rəhbərlik edirdi. Sürət Hüseynov Heydər Əliyevin əleyhinə getdiyi üçün  mən 1994-cü ilin aprelində onun əleyhinə çıxış etdim. 


Eldar Sabiroğlunun bir yazısını oxumuşdum, o qeyd etmişdi ki, 1994-cü ildə Mahal İsmayıloğlu ilə Milli Məclisin foyesində imişlər, siz onlara yaxınlaşmısınız. Həmin vaxtı Heydər Əliyev barədə belə bir xoşagəlməz ifadə işlətmisiniz: "kaftarı gətirdilər, ölkədə vətəndaş müharibəsi qaçılmazdı". 


- Seçki dövründə bu yazı çıxmışdı. Mən dedim ki, hökmən məhkəməyə müraciət edəcəm və ona həyatın dərsini verəcəm ki, sübut etsin. Sübut etməsə, ona qanunvericiliyimizin imkan verdiyi ən sərt cəzanı istəyəcəm. Mən bilirdim o hardan gəlir. Kiminki yaramazlığını, rüşvətxorluğunu tənqid etmişdim Eldar onların bəziləri ilə yaxın olduğu üçün onların sifarişini həyata keçirən bir epizod idi. 2018-ci il Gəncə hadisələri ilə bağlı sərt mövqeyimi ortaya qoymuşdum. Həmin ailə ilə də bunun yaxınlığı hər kəsə bəllidir. Ancaq sonradan özü mənə zəng vurdu. Dedim utanmırsan, ayıb deyilmi, mən o sözü harada işlətmişəm. Dedi sözdü də dedim. Cavab verdim ki, çox böyük səhv etmisən, mən necə o sözü deyə bilərdim ki, sizin hamınız susanda, mən 1992-ci ilin martında H.Əliyevi Bakıya dəvət etmişəm. Bu rəsmidi, sən dediyin isə uydurmadı. 

Dedi başa düşdüm. Dedim yaxşı səni də məhkəməyə vermirəm. Sən bilərsən, Allahın bilər. Böhtan, yalan, iftira. 

Gülnar Nazimqızı
Rafiq Şahbazov
 
Material Medianın İnkişafı agentliyinin layihəsi çərçivəsində hazırlanıb.
 

www.anews.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb