FHN əhaliyə xəbərdarlıq etdi

13:00 | 10.01.2014
FHN əhaliyə xəbərdarlıq etdi

FHN əhaliyə xəbərdarlıq etdi

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazından zəhərlənmələrlə bağlı əhaliyə xəbərdarlıq edib.APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, müraciətdə son zamanlar qaz cihazlarının istismarı zamanı əhali arasında dəm qazından zəhərlənmə hallarının qeydə alınmaqda olduğu bildirilib. Müəyyən olunub ki, bu hadisələrin əksəriyyəti vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməməsı səbəbindən baş verir: «Dəm qazından zəhərlənmə halı yanğın olduqda, sobanın qapağı erkən bağlandıqda, qarajda, qapalı məkanda avtomobil mühərriki işlədikdə, ağzı bağlı kabinədə uzun müddət qaldıqda baş verir. Mənzillərdə isə dəm qazından zəhərlənmə təhlükəsi əksər hallarda evi qızdırıcı cihazlarla qızdırarkən və ya hamam otağında baş verir. Bu qaz iysiz və rəngsiz olduğundan hiss edilmir. Qapalı şəraitdə daha da təhlükəli olur. Karbon monooksid tənəffüs zamanı ağciyərlərdən qana daxil olur. Adətən oksigenlə birləşməli olan hemoqlobin bu dəfə karbon monooksidlə birləşməyə başlayır və karboksihemoqlobin yaradır və qan artıq oksigeni daşıya bilmir. Bu proses oksigenlə birləşmədən 300 dəfə daha intensiv baş verir. İnsan oksigen çatışmazlığından boğulmağa başlayır. İnsan ürəyi bir vurmaya 200 ml-dən çox qan sərf etdiyindən ağciyərlərə düşən dəm qazı sayılan saniyələr ərzində bütün orqanizm boyu yayılır. Dəm qazından zəhərlənmə zamanı bu simptomlar özünü biruzə verir: yaşaran gözlər, başağrısı, başgicəllənmə müşahidə olunur. Getdikcə zəiflik, ürəkbulanması, quru öskürək, hafizənin keyləşməsi, eşitmə və görmə hallyusinasiyaları başlayır. Qıcolma tutmaları və nəhayət, tənəffüs mərkəzinin iflici nəticəsində ölüm baş verir». Xəbərdarlıqda qeyd olunub ki, mənzildə qızdırıcıların havaçəkmə borularının düzgün işləməsinə nəzarət edilməli, otaqlarda quraşdırılmış qızdırıcı sobanın fəaliyyətinə vaxtaşırı fasilə verilməlidir. Evə soba alarkən onun zəmanət barədə sertifikatı və texniki pasportunun olub-olmamasına diqqət yetirilməlidir. FHN bildirir ki, dəm qazından zəhərlənmə baş verdikdə vətəndaşlar “112 qaynar xətti”nə müraciət edə bilər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM