FİFA Uruqvay millisinin hücumçusu Luis Suaresə qarşı İtaliya oyunda rəqib futbolçu Corco Kyellinin çiynini dişlədiyi üçün intizam işi açıb.
Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, hadisə ilə əlaqədar bu gün tərəflərin iştirakı ilə dinləmə keçiriləcək.
FİFA Suaresin özünü və ya Uruqvay Futbol Federasiyasının nümayəndəsini bu gün Braziliya vaxtı ilə saat 17.00-da (Bakı vaxtı ilə bu gecə 01.00) başlanacaq həmin dinləməyə dəvət edib. Söhbət zamanı Uruqvay tərəfi öz mövqeyini ortaya qoymalı, Suaresin rəqibin çiynini bilərəkdən dişləmədiyini sübut etməlidir.
FİFA-nın İntizam qaydasının 77-ci bəndinə əsasən, görüşün protokoluna daxil edilməyən, amma maraqlı tərəflərin ifadələrinə və hakimlərin rəyinə əsasən, audio-video görüntülərin və şahidlərin olacağı halda, bu kimi hərəkətlərə görə futbolçuya sərt cəza tədbiq edilə bilər.
Xatırladaq ki, həmin qalmaqallı epizodu oyunun baş hakimi Marko Rodriges görmədiyi üçün qeydə almayıb və Suaresi cəzalandırmayıb.
Qeyd edək ki, bu və buna bənzər hərəkətlər səbəbindən FİFA-nın ən ağır cəzası 24 oyunluq diskvalifikasiyadan ibarətdir. Dünya çempionatları tarixində banudək ən sərt cəza 1994-cü ilin mundialı zamanı İtaliya millisinin müdafiəçisi Mauro Tassottiyə tədbiq olunub. Oyun zamanı rəqibin burnunu bilərəkdən qırdığı üçün ona səkkiz oyunluq cəza tədbiq edilmişdi.
Əlavə edək ki, Luis Suares rəqib oyunçuları dişləməyi ilə də tanınır. O, Hollandiya çempionatında PSV-nin futbolçusu Oman Bakkal, İngiltərə Premyer Liqasında isə “Çelsi”nin müdafiəçisi Branislav İvanoçviçi dişləmişdi.
ANN.Az