Xalq artisti Flora Kərimovanın Meydan TV-yə müsahibəsi zamanı "Daha müxalifətçiliyə yer qalmayıb" fikrini səsləndirməsi müxalif düşərgədə birmənalı qarşılanmayıb. Müsavat başqanı Arif Hacılı buna cavab olaraq "Xalq artisti bu fikirləri Qarabağ münaqişəsi kontekstində deyə bilər" fikrini səsləndirib.
AXCP sədri Əli Kərimli isə bildirib ki, "müxalifət olmasın" demək, ailə hakimiyyəti əbədi olsun" deməkdir.
O, müsahibəsində səsləndirdiyi fikirləri bu şəkildə əsaslandırıb:
"Müxalifət olsaydım, gərək məni çox ağıllı insanların siyahısına yazaydılar. Müxalifət - əsl, əldəqayırma yox - çox ağıllı olmalıdır. İqtidarı haqsız çıxarmağa faktları, məntiqi və cəsarəti olmalıdır. Çoxu sponsor gücünə müxalifətdir, məni onların arasına yazmayın. Təbii ki, hamısını demirəm, çünki mən də həmin çeşmədən su içmişəm.
Mənsə heç vaxt su içdiyim qaba tüpürmərəm. Müxalifət – siyasətçi olmalıdır. Adını daşımamalıdır, özü olmalıdır. Müxalifət - intellektlə, vətənə olan sevginin vəhdətidir. Bir də ki, daha müxalifətçiliyə yer qalmayıb. Çünki iqtidar millətimlə, şəhidlərin qanı ilə məni bir insan kimi ucaltdı. Hamımızı xalq, millət kimi ucaltdı. Həmişə deyirəm ki, vətəni ürəklə sevib, ağılla qoruyarlar”.
Bu sözləri mən demişəm və dediyim hər kəlməmin arxasında iradəmlə dururam. 30 illik həsrətimə son qoyulan qalib ölkənin vətəndaşıyam! Alnı açıq, gözü yaşlı, oğul anasının şəhidi üçün "Vətən sağ olsun" sözünü sözünü deyə biləcəyi qədər qürurluyam! Kütlənin qınağından qorxub real həqiqətləri dilin gətirə bilməyənin vətən sevgisinə, cəsarətinə şübhəm var! Sizlərdən fərqli olaraq "Çox sağ ol" deməyə səmimiyyətim çatır. İndi nə var "Müxalifətçilik" etməyə! Bu gun siz güclü ordusu olan dövlətdə yaşayıb, tox qarnınızla, səsinizi dünyaya duyura biləcək imkanlarınızla müxalifətçisizsə, mən sovetlerdən qanı bahasına canını qurtaran, bir çorək üçün saatlarla növbə gözləyən, ordusu əli silah görməyən oğullardan qurulan, 11.000 şəhidi, 50.000 qazisi, indiki şəhidlərdən çox itkini olan hakimiyyətin həm iqtidarı, həm müxalifəti olmuşam!
Arif bəy, hörmətim Sizə böyükdür! Ehtimalınız doğrudur. 27 ildə deyil, yüzillərlə düyünlənən ölüm-dirim savaşı 44 günə həll olunmasını gözləmək, olunanlar xaric olunmayan və olunmalıları sadalamaq indiki halda nə dərəcədə ədalətlidir?! Demirəm sizə kimlərəsə minnətdar olun, edilənlər edənlərin boynunun borcudur və edir!
Əli bəy, yuxarıda müxalifətin, müxalifliyin güvəniləcək simalarını yazmışam. Bu qədər sayğı və təzimin içərisində sizə xoş gəlməyən nə oldu? Təzə ağzı süd qoxuyan, nə bahasına "müstəqiləm” sözünü dilə gətirməyin çətinliyini bilməyən kütləyə deyiləcək sözüm yoxdur. Siz ki məni 1 həftə yox, 1 il yox, illərə tanıdığınız halda məni nədə suçlayırsınız?
Çətinlikləri, aclıqları, təpkiləri, əziyyətləri, qadağaları, sürgünləri, seçki hüquqlarını kimə sadalayırsınız? Kimə tarix səhifələrini və statistikaları göstərirsiniz? Bəlkə nələrsə yadınızdan çıxıb?! Harda və hansı şəraitdə, kimlərin üzünə nə dediklərimi məndən yaxşı bilirsiniz! Kimi desəydilər düşünərdim, amma, sizin məni hədəf alacağınız ağlıma gəlməzdi. Demədiyim sözü yozmanız arzunuzdur, yoxa böhtanınız? İqtidara yarınmaqdan, bəhrəsini görməkdən ötrü 25 il gözləyəcək qədər ağılsızmı oldum?! Mən bu millət ücün səsimdən, sənətimdən keçəndə indiki şəpik cavanların valideynləri sinələrində Leninin nişanı ilə pambıq yığmağa gedirdi. Sizin sizdən böyük müəllimizin, silahdaşı olmuşam və varam! Elədiyim də kiminsə "Sağ ol"-u üçün deyil vicdanım, millətim üçün idi! Sayğılarımla.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !