Flora Kərimova: “Prezidentdən nə istəyirsiniz? Susun, dilinizi dilçəyinizlə bir yerdə...”

14:50 | 07.10.2021
Flora Kərimova: “Prezidentdən nə istəyirsiniz? Susun, dilinizi dilçəyinizlə bir yerdə...”

Flora Kərimova: “Prezidentdən nə istəyirsiniz? Susun, dilinizi dilçəyinizlə bir yerdə...”

"Əgər mən bu gün "Şərəf” ordeni almışamsa, bunu şərəfimə görə almışam, ikiüzlülüyümə görə yox. Baxın görün bu mükafatı mənə kim verib - Bir vaxtlar amansız tənqid etdiyim iqtidar nümayəndəsi”.

Bu sözləri  Xalq artisti Flora Kərimova deyib. Bir neçə gün öncə "Şərəf” ordeninə layiq görülən sənətçi onu tənqid edənlərə sərt cavab verib: ""Şərəf” ordeni alım deyə kiməsə tərif yağdırmağım gülünc deyilmi? Mən tankın qabağında dayananda, bu qanmazlara görə həyatımı qurban verməyə hazır olanda, canımı təhlükəyə atanda məgər bu ordenə layiq deyildimmi? Bu gün məni yaltaqlıqda ittiham edənlər arasında o vaxt yanımda olan kimsə var idimi? Mən həmin vaxt tək idim. O vaxt rus polkovniki gəldi dedi ki, "Mən tankların qabağında dayanan dəli kimdirsə, onu görmək istəyirəm”. O dövrdə mənim addımımı dəli bir insanın addımı kimi qəbul edirdilər. Mən bütün bunları indi ünvanıma təhqirlər yağdıran kütlə üçünmü edirdim?

Bəli, mən Prezidentə təşəkkür etmişəm, ona borclu olduğumu bildirmişəm. Çünki o mənim 30 illik həsrətimə son qoydu. Prezidentdən nə istəyirsiniz?! Siz həqiqətləri gözardı edib bunu vicdanınıza sığışdırırsınızsa, buna mən nə edim?

İllərimi sənətə verib "Estradanın anası” adını qazanmışam,  estrada janrının təməlini qoyan üç şəxsdən biri olmuşam – dahi Rəşid Behbudov,  Mirzə Babayev, sonra da Flora Kərimova. İndi kim çıxıb deyə bilər ki, mən bu ödülə layiq deyildim? 80 yaşına gəlib, qanı, canı, səsi ilə "Şərəf” ordenini qazanan bir insana deyirsiniz ki, "İlham Əliyevə yaltaqlıq etdi deyə orden aldı”. Bəs sizin vicdanınız haradadır? Niyə belə edirsiniz?”
Sənətçi onu bu mükafata layiq bilməyənləri imza toplamağa səsləyib: 
"Əgər mənim bu ordenə layiq olmadığımı düşünürsünüzsə, yığılın, xalqın rəyini öyrənin, imza toplayın və ölkə başçısına müraciət ünvanlayın. Yazın ki, "Flora Kərimovanı bu mükafata layiq bilmirik”. Çıxın deyin ki, "Flora "Şərəf” ordeni almasın çünki o indiyə qədər şərəfsiz yaşayıb, bu milləti biabır edib, onun bizim sıramızda olmağa haqqı yoxdur”. 

Məni bu şərəfdən məhrum etmək istəyənlər, bir yerə yığılsınlar, mükafatımı əlimdən alsınlar, özümü də ölkədən sürgün etsinlər. Deyə bilərsinizmi? Buna kişiliyiniz çatacaqmı?! 
Çıxın belə deyin, mənim sizdən canım qurtarsın, sizin də içinizdəki qurdlardan! Deyə bilməzsiniz, çünki elə birinci xalq sizi parçalayar. Əgər bunu edə bilməyəcəksinizsə, susun, dilinizi dilçəyinizlə bir yerdə dibindən kəsin! Mənim yerimə millətim sizə cavab verəcək.
Dövlət başçısı mənə bu ordeni verməmişdən əvvəl mənim həyatımı, fəaliyyətimi bilirdi. Mən özümü tanıdığım vaxtlardan bəri kəskin müxalifət sıralarında olmuşam. Daima sözümü sərt tənqidlə çatdırmışam. Hər sözümün də arxasında dayanmışam. Əgər mən bu gün bu mükafatı almışamsa, şərəfimə görə almışam, ikiüzlülüyümə görə yox, mən göyqurşağı kimi hər dəfə bir rəng almamışam, bir simam olub. Özü də nəzərə alın, bu ordeni mənə kim verib - Bir vaxtlar amansız tənqid etdiyim iqtidar nümayəndəsi”.
F.Kərimova mükafat almaq üçün deyil, işğal olunan torpaqlarımızı azad etdiyi üçün dövlət başçısına minnətdar olduğunu qeyd edib:
"Bu gün millətimə torpaqlarını qaytaran şəxsə təşəkkür etməyim ki, kimlərsə məni qınayar? Ədalətli olmaq lazımdır, yoxsa millət batar. Mən hər zaman ona təşəkkür edəcəyəm. Hürmək elə mənim haqda bədxahlıq düşünənlərə qalacaq! Axı bu kütlə niyə belədir? Niyə belə kar, kor, qurdludurlar? Axı bir Vətənimiz, bir millətimiz var. Niyə bir-birinizi gəmirə-gəmirə durmusunuz? Göydə Allah var. Yaradan sizi o qədər zəlil yaradıb ki, insanların uğuruna sevinməyib, ancaq nifrət qusursunuz...

Mənə maraqlı deyil ki, bu gün məni kimlərsə haqsız yerə tənqid edir, yaxud mətbuat biabır edir. Ortada tarix var. Tarix bir küncdə qısılıb səsini çıxarmadan həqiqətləri yazır. O tarixi nə pulla, nə böhtanlarla, nə də yalanlarla dəyişə bilərsiniz. 20-30 ildən sonra deyəcəklər ki, Flora Kərimova var idi, həm sənəti, həm də insanlığı ilə inqilab etmişdi”. (Yenisabah.az)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM