Frans Kafka. İki hekayə

14:30 | 05.06.2013
Frans Kafka. İki hekayə

Frans Kafka. İki hekayə

Frans Kafka yəhudi əsilli alman dilli yazıçıdır. "Məhkəmə”, "Qəsr” və digər əsərlərin müəllifidir. Yazdığı hekayələr, həmçinin Felisa Bauer və Milena Yesenska ilə apardığı məktub yazışmaları yazıçıya böyük şöhrət gətirib. Kafkanın əsərlərinin çoxu onun vəfatından sonra, yazdığı vəsiyyətin ziddinə olaraq, dostu və yazıçı həmkarı Maks Brod tərəfindən çap etdirilmişdi. Bu əsərlər XX əsr dünya ədəbiyyatına böyük töhfələr vermişdi.EVƏ DÖNÜŞ Mən evimizə qayıtdım, həyətdən keçib ətrafa boylandım. Atamın köhnə həyətidir. Ortada bir gölməçə var. Köhnə, yararsız alətlər üst-üstə qalaqlanıb, eyvana çıxan pillələrin yolunu daraldıb. Sürahinin üstündə əyləşmiş pişik pusquda dayanıb. Külək nə zamansa payanın ucuna bağlanmış cırıq yaylığı yelləndirir. Bu da evimiz! Məni kim qarşılayacaq? Mətbəxin qapısı arxasında gözləyən kimdir? Bacadan tüstü çıxır, yəqin şam yeməyinə qəhvə hazırlayırlar. Nəsə bir doğmalıq var? Adam özünü evdə hiss eləyə bilir? Bilmirəm... Heç inanmıram... Düzdür, ata evidir, ancaq burda hər şey bir-birinə yaddır, elə dayanıblar ki, deyərsən hərə öz işi ilə məşğuldur. Bəzilərini unutmuşam, bəzilərini də heç tanımıram. Onlar üçün mən kiməm ki?! Lap o qoca kəndlinin oğlu olmağımın da onlara nə faydası var ki?! Mətbəxin qapısını döyməyə cəsarətim çatmır, uzaqda dayanıb mətbəxi elə dinşəyirəm ki, heç kəs qapını qəfildən açıb, mənim dinşədiyimi hiss eləyə bilməz və çox uzaqda dayanıb dinşədiyim üçün də heç nə eşidə bilmirəm, qulağıma yalnız saatın zəif tıqqıltısı gəlir, bəlkə bu səs də elə uşaq vaxtından qulağımda qalıb... Mətbəxdə nə baş verirsə, orda oturanların məndən gizlədikləri sirr kimi qalır. Adam qapının ağzında nə qədər çox tərəddüd edirsə, bir o qədər yadlaşır. Kaş indi kimsə qapını açıb məndən nəsə soruşaydı! Bəs onda elə mən özüm də o sirrini gizləyənlərdən biri olmazdımmı?!QONŞUM İşlərimin əsas yükünü özüm çəkirəm. Girəcəkdəki otaqda iki qız oturur və oraya da iki yazı makinası, qovluqlar qoyulub, mənim otağımda isə bir yazı masası, kassa, məsləhət vermək üçün ayrı bir masa, yumşaq kreslolar var. İdarəmdə olan əşyalar yalnız bunlardır. Axı nə qədər sadə olsa, idarə etmək də bir o qədər asanlaşır. Mən çox cavanam, işlərim də öz axarı ilə gedir. Ona görə də heç nədən və heç kimdən şikayətlənmirəm.       Yeni ildən qonşuluqdakı balaca boş mənzili də cavan bir oğlan kirələdi. O mənzili də götürməyə çox tərəddüd edirdim, axırda əlimdən çıxdı. İki otaqlı mənzil idi, üstəlik mətbəxi də vardı. Otaqlar mənə lazım ola bilərdi, çünki oturduqları otaq bəzən qızlara darlıq edirdi. Bəs mətbəx nəyimə lazım olardı? Bu sual üzərində xeyli götür-qoy etdiyimdən, həmin mənzili əldən verdim. İndi orda cavan bir oğlan oturur. Adı Harrasdır, orda nə işlə məşğul olduğundan da xəbərim yoxdur. Qapısından bir lövhə asılıb: "Harrasın bürosu”. Ordan-burdan öyrənmişəm ki, onun işi də təxminən mənimki kimidir. Kredit məsələsinə gəldikdə, elə bir xüsusi xəbərdarlığa ehtiyac yoxdur, çünki söhbət burda nəyəsə can atan, bəlkə də gələcəyi yaxşı olacaq cavan bir oğlandan gedir, ancaq indi, deyəsən, mülkü-varidatı yoxdur, ona görə də kredit vermək məsləhət deyil.           Bəzən pilləkəndə Harrasla rastlaşıram, ancaq həmişə tələsənə oxşayır, yanımdan, sözün əsl mənasında, qaça-qaça keçib gedir. Hələ indiyəcən onun üzünü əməlli başlı görə bilməmişəm, çünki otağın açarını əlində hazır saxlayır, o dəqiqə də açıb içəri girir, elə bil siçovulun quyruğu qapının arasından sivişib keçir və mən yenə də üzərinə "Harrasın bürosu” yazılmış lövhə ilə üzbəüz qalıram, halbuki bu yazını layiq olduğundan da çox oxumuşam... Divar həddən artıq nazik olanda, vicdanla işləyən adamı satır, vicdansızı isə gizlədir. Otağımdakı telefon məni qonşumla ayıran divardan asılıb. Ancaq mən bunu istehza ilə deyirəm, çünki həmin telefon o biri divardan asılmış olsaydı da, qonşu otaqda danışılanların hamısı eşidilərdi. Müştərilərimin adını telefonda çəkməyi çoxdan yadırğamışam. Ancaq bəzi səciyyəvi sözlərdən, söhbətin qaçılmaz gedişatından həmin adamın adını bilmək üçün o qədər də hiyləgər olmağa ehtiyac yoxdur. Bəzən o qədər narahat oluram ki, dəstək qulağımda, barmaqlarımın ucunda yerimdəcə rəqs etməyə başlayıram, ancaq yenə də sirlərimi gizlədə bilmirəm. Əlbəttə, buna görə işlə əlaqədar hər hansı bir qərar çıxarmaq lazım gələndə, inamsız oluram, səsim titrəməyə başlayır. Görəsən mən telefonla danışanda Harras nə edir? Əgər çox şişirtmək istəsəm –  bəzən həqiqəti üzə çıxarmaq üçün tez-tez şişirtmək lazım gəlir – belə deyərdim: Harrasa telefon lazım deyil. Elə mənimkindən istifadə edir. Divanını divara yaxın çəkib qulaq asır, mən isə, əksinə, telefon zingildəyən kimi onun yanına qaçmalı oluram, müştərilərin istədiklərinə qulaq asıram, çox vacib qərarlar çıxarıram, onları güc-bəla ilə yola gətirirəm və bütün bunları eləməkdəykən, eyni zamanda da istər-istəməz, divardan Harrasa məlumatlar ötürürəm. Bəlkə də söhbətə heç axıra kimi qulaq asmır, məsələnin mahiyyətini başa düşən kimi ayağa qalxır, adəti üzrə qaça-qaça yolunu şəhərdən salır və bəlkə də mən dəstəyi yerinə asmamış, şəhərdə mənim əleyhimə təbliğat aparır.Tərcümə: Ramil RahiboğluANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti