Braziliyada keçirilən dünya çempionatında 1/4 final mərhələsinin daha bir iştirakçısının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bu, “ölüm qrupu”nu lider kimi tamamlamış Kosta-Rika millisi olub.
Kosta-Rika millisi qrupunda son dəqiqələrdə vurduğu qolla adını pley-offa yazdırmış Yunanıstanla üz-üzə gəlib. İtaliya, Uruqvay kimi dünya çempionlarını məğlub etmiş, İngiltərəyə yenilməmiş Mərkəzi Amerika təmsilçisinin yunanlara asan qalib gələcəyi gözlənilsə də, belə olmayıb.
2004-cü ilin Avropa çempionları əvvəlcə ikinci yarının əvvəllərində Vaqif Cavadovun “Tvente”də komanda yoldaşı olmuş Brayan Ruisin qolu ilə hesabda geri düşüblər. Dortmund “Borussiya”sının müdafiəçisi Sokratis Papastatopulos əlavə olunmuş dəqiqələrdə fərqlənməklə görüşün daha 30 dəqiqə artıq oynanılmasına səbəb olub.
Ancaq bu dəqiqələrdə də qol vurulmayınca, penaltilər seriyasına müraciət edilib. Burda sonradan “Man of the match” sayılan “Levante”nin qapıçısı Keylor Navasın ustalığı Ellada təmsilçisinin məğlub olmasına gətirib çıxarıb. Beləliklə, 1/4 finalda Hollandiyanın rəqibi Kosta-Rika olub.
Gözəl oyunu ilə dünya çempionatının gizli favoriti qismində görülən Fransa isə bu gün Nigeriya ilə görüşüb. Bu komandalar tarixi ərzində cəmi 1 dəfə üz-üzə gəlib. Maraqlıdır ki, həmin matçda afrikalılar 1:0 hesabı ilə rəqibindən üstün olub.
Əslində Bosniya və Herseqovina kimi ulduzları olan komandanı qrupda saxlayan, Argentina ilə başa-baş oynayan Nigeriyadan Fransa qarşısında da sürpriz gözləməyə dəyərdi. Nigeriyalılar birinci hissədə aktiv və hətta adlı-sanlı rəqibdən bir qədər də üstün olublar. Amma Afrika təmsilçilri bu tempi sona qədər qoruya bilməyərək, ikinci hissədə üstünlüyü əldən veriblər. Nəticədə, Fransa 2 qol vuraraq, 1/4 finala keçib.
30 iyun
Kosta-Rika – Yunanıstan 1:1 (penaltilər – 5:3)
Qollar: Ruis, 52 – Sokratis, 90+1
Qırmızı vərəqə: Duarte, 66 (ikinci sarı)
Hakim: Bencamin Uilyams (Avstraliya)
Resifi. “Arena Pernambuko”
Kosta-Rika: 1. Navas, 3. Qonsales, 4. Umanya, 5. Borqes, 6. Duarte, 7. Bolanyos (14. Brenes, 83), 9. Kempbell, 10. Ruis (k), 15. Dias, 16. Qamboa (2. Akosta, 77), 17. Texeda (22. Kubero, 66)
Yunanıstan: 1. Karnezis, 2. Maniatis (21. Katsuranis, 78), 4. Manolas, 7. Samaras, 10. Karaqunis (k), 14. Salpinqidis (17. Qekas, 69), 15. Torosidis, 16. Lazaros, 19. Sokratis, 20. Xolevas, 22. Samaris (9. Mitroğlu, 58)
Fransa – Nigeriya - 2:0
Qollar: Poqba, 79; Yobo (avtoqol), 90+
Hakim: Mark Qeyqer (ABŞ)
Braziliya. “Nasional” stadionu
Fransa: Lloris, Debuşi, Evra, Varan, Cabaye, Valbuena, Jiru. Benzema, Matuidi, Poqba, Keşelni
Nigeriya: Enyema, Yobo, Ambrose, Musa, Odemvinge, Emenike, Mikel, Moses, Oşaniva, Onazi, Omeruo
ANN.Az