"Qarabağ" ÇL qrup mərhələsinə keçib keçməyəcəyi bu gün bilinəcək

16:27 | 23.08.2022

"Qarabağ" ÇL qrup mərhələsinə keçib keçməyəcəyi bu gün bilinəcək

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində  Azərbaycan çempionu "Qarabağ” Çexiyanın "Viktoriya”(Plzen) komandası ilə qarşılaşacaq.  Bu gün keçiriləcək  qarşılaşmada  qələbə çalan komanda qrupa çıxacaq.
 
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov  cavab matçından öncə keçirilmiş mətbuat konfrsında bildirib ki, "Qarabağ"  bu gün ən yaxşı oyunlarından birini göstərməyə çalışacaq.

"Hamımızın məqsədi yaxşı nəticə göstərərək, qrupa düşməkdir. Bu gün belə şansımız var. Rəqib də eyni fikirdədir. Əlimizə düşən şansdan maksimum istifadə etməyə çalışacağıq. Möhkəm komandaya qarşı oynayırıq.  Futbolçularıma inanıram. Ən yaxşı oyunlarımızın birini göstərməyə çalışacağıq”, - Qurbanov bildirib. 

50 yaşlı mütəxəssis Bakıdakı matçda rəqibin standart vəziyyətlərdə təhlükəli olduğunu və onlara qarşı diqqətli oyun nümayiş etdirəcəklərini bildirib.

"Viktoriya”da standart vəziyyətlər təhlükəli oldu. Xırda detallar üzərində danışmışıq. Epizodları futbolçularıma göstərmişəm. Sabah daha dəqiq oynamaq və rəqibin hücumlarının qarşısını almaq üçün diqqətli olmalıyıq".

Qurban Qurbanov Maksim Medvedevlə Kevin Medinanın bu matçda oynamayacaqlarını da vurğulayıb. 

O, "Viktoriya"nın baş məşqçisi Mixal Bilekin cavab matçında da müdafiə futbolu oynayacaqları ilə bağlı fikirlərinə də münasibət bildirib. 
 
"Hər şeyə hazır olmalıyıq. Bu komandanın çox yaxşı hücum potensialı var. Müdafiədə mütləq diqqətli olacaqlar. Amma hücumda da güclüdürlər. Düşünsək ki, ancaq qapanacaqlar, yanlış olar. Rəqib həm pressinq etməyi, həm də topla oynamağı bacarır. Müdafiədən oynamağı düşünmürük. Rəqib bizi buna məcbur edərsə, yalnız o zaman müdafiəyə çəkilərik. Amma öz oyunumuzu göstərməyə çalışacağıq. Özünün də dediyi kimi, rəqib baş məşqçi hələlik heyətlə bağlı qərar verməyib. Əlində 2 heyət olduğunu söyləyib. Ona görə də oyunu gözləməliyik", - Qurbanov bildirib. 

Çexiyanın "Viktoriya” (Plzen) komandasının baş məşqçisi Mixal Bilek isə oyundan öncə keçirilmiş mətbuat konfransda "Qarabağ”la oyunun onlar üçün böyük çağırış olduğunu deyib. 

"Bir çox futbolçum kimi mən də heç vaxt Çempionlar Liqasının qrup mərhələsində oynamamışam. Bu üzdən də "Qarabağ”la oyun bizim üçün böyük çağırışdır. Bilirik ki, evdə daha güclüyük və azarkeşlərimiz yenə bizi tək qoymayacaq.  "Qarabağ”da bütün futbolçular texniki cəhətdən çox yaxşıdırlar və sürəti artıra bilirlər. Topu qapımızdan mümkün qədər uzaq tutmaq üçün onlara boş sahə verməməliyik. Rəqibin keyfiyyətini və ön xətt oyunçularını necə dayandırcağımızı bilirik. Bakıdakı oyunumuzu təkrarlasaq və buna bir az daha keyfiyyət əlavə etsək, uğur qazanacağımıza inanırıq",  -  Bilek deyib. 

O, "Qarabağ"a qarşı üçlü müdafiə sistemi ilə oynaya biləcəklərini də istisna etməyib. 
 
"İki variantımız var ki, onlardan biri 3-lü müdafiədir. Bugünkü məşqdən sonra qərarımızı verəcəyik. Vatslav Yemelka sol cinah müdafiəçisi kimi çox yaxşı çıxış etdi. Onun sabah bu mövqedə başlama şansı yüksəkdir".

Bilek cəzalı Lukaş Heydanı kiminlə əvəzləyəcəyi ilə bağlı suala da aydınlıq gətirib.
 
"Qərar vermək üçün sabah səhərə kimi vaxtımız var. İki mümkün start heyətimiz var və hər ikisi keyfiyyətlidir. Yəqin, səhər məşqinə az qalmış qərar verəcəyəm. Bütün oyunçular hazırdır və bütün diqqətlərini matça cəmləyiblər.  "Qarabağ”ın Macarıstanda "Ferentsvaroş"u 3:1 hesabı ilə məğlub etdiyi 3-cü təsnifat mərhələsinin cavab matçını bir daha izlədik. Meydan sahibləri qol vursalar da, 1:3 hesabı ilə uduzdular. "Qarabağ" məhz bunu istəyir. Açıq oyunda çox təhlükəlidirlər. Biz buna imkan verməməliyik",  - Bilek bildirib.

Bu gün "Qarabağ”-"Viktoriya”(Plzen) görüşü Bakı vaxtı ilə saat 23:00-da "Dusan Arena” stadionunda keçiriləcək. Matçı portuqaliyalı hakim Artur Suareş Diaş idarə edəcək.

Avqustun 23-də "Qarabağ”-"Viktoriya”(Plzen) qarşılaşmasından başqa UEFA Çempionlar Liqasının pley-off mərhələsinin daha 2 cavab oyunları da keçiriləcək. Nəticədə, qrup mərhələsinin üç iştirakçısı bəlli olacaq. Baş tutacaq qarşılaşmalar bu komandalar arasında olacaq. 


"Viktoriya" (Plzen, Çexiya) - "Qarabağ" (Azərbaycan)
İlk oyun - 0:0
23:00. "Srvena Zvezda" (Serbiya) - "Makkabi" (Hayfa, İsrail)
İlk oyun - 2:3
23:00."Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna)
İlk oyun - 2:0

Bu axşam keçiriləcək oyunların hamısı  Bakı vaxtı ilə saat 23:00 da start götürəcək.

Çempionlar Liqasında digər cavab qarşılaşmaları isə  avqustun 24-də keçiriləcək. Hələlik qrup mərhələsinin 32 iştirakçısından 26-sı məlumdur.

Sadiq Cavadov



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti