Böyük Qayıdış üzrə I Dövlət Proqramı çərçivəsində Füzulidə tikilən yaşayış məhəllələrinə növbəti mərhələdə 122 ailə (461) nəfər köçürüləcək.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Dövlət Komitəsində Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad ermiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin, Milli Məclisin deputatları, ərazisi işğaldan azad olunmuş rayonların icra hakimiyyətlərinin rəsmiləri, Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri, QHT nümayəndələri iştirak ediblər.
Böyük Qayıdış üzrə I Dövlət Proqramı çərçivəsində Füzulidə tikilən yaşayış məhəllələrinə, növbəti mərhələdə, 122 ailə (461) nəfər köçürüləcəyini vurğulayan sədr müavini bununla da, şəhərdə 380 ailənin (1389 nəfər) daimi məskunlaşacağını diqqətə çatdırıb.
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Füzulidə məcburi köçkünlərin rahat və təhlükəsiz yaşayışının təmin edilməsi üçün zəruri infrastruktur yaradılıb. Qeyd edilib ki, məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə onlara verilən evlərin dəqiq ünvanını müəyyənləşdirirlər.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, müasir standartlara uyğun olaraq yenidən qurulan Füzuli şəhərində bərpa-quruculuq işləri davam edir. Püşkatmanın keçirilməsi, sakinlərin doğma yurdlarına qayıdışı orada yeni həyatın başlanmasını göstərir. Bu qürurverici mənzərədir. Füzuli bərpa və yenidənqurma mərhələsi ilə yanaşı, məskunlaşma, iqtisadiyyatın formalaşması və reinteqrasiya mərhələsinə də daxil olub.
BMTİP-nin Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo insanların qayıdışa hazırlanmasını, nəsillər arasında bağ yaradılmasını yüksək qiymətləndirib. Qeyd edib ki, Azərbaycan məcburi köçkünlərin geri qayıdışı təcrübəsi ilə bağlı dünyaya nümunə yaradır.
Tezliklə daimi yaşayış üçün Füzuli şəhərinə qayıdacaq keçmiş məcburi köçkünlər çox böyük sevinc hissi keçirdiklərini qeyd ediblər. Onlar işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitə və məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Püşkatmada iştirak etmiş ailələr yaxın günlərdə Füzuli şəhərinə yola salınacaqlar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !