Gənc sahibkar: cəmiyyətin gənclərlə bağlı düşüncəsi dəyişilməlidir - FOTO + VİDEO

16:21 | 28.01.2014
Gənc sahibkar: cəmiyyətin gənclərlə bağlı düşüncəsi dəyişilməlidir - FOTO + VİDEO

Gənc sahibkar: cəmiyyətin gənclərlə bağlı düşüncəsi dəyişilməlidir - FOTO + VİDEO

Müsahibimiz kiçik yaşda böyük işlər görən gənclərdən biridir. Düzdür, belə nümunəyə Azərbaycan cəmiyyətində o qədər də tez-tez rast gəlinmir, amma 18 yaşlı Çərkəz Sadıqın foto-video xidmətlər göstərən şirkət sahibi olması faktdır. O, şirkətin fəaliyyətinin ilkin dövründə bəzi kədərli təəssüratların olduğunu xatırlatdı və söhbət əsnasında qeyd etdi ki, buna qədər və bundan sonra olacaq bütün çətinliklərin müqabilində gələcəyə ümidlə baxır:"2 il əvvəl çox yaxın dostumu itirdim. Ölüm xəbərini eşitdikdən sonra onun əsas arzularından birini həyata keçirmək fikrinə düşdüm. O, belə xidmət sahəsi təklif edən şirkət yaratmaq, daha sonra fəaliyyətini Türkiyədə davam etdirmək istəyirdi. Onun arzusuna uyğun olaraq bu şirkəti yaratdım. Foto çəkilişlərim zamanı ancaq onun fotoaparatından istifadə edirdim. Şirkətin nə qədər uğurlu alınıb-alınmaması haqqında danışa bilmərəm, amma şirkətin inkişaf etdirilməsi, genişləndirilməsi yolunda çalışıram. Düşünürəm ki, hazırda şirkət Azərbaycanda özünü tam doğruldur. Əlbəttə ki, ntezliklə Türkiyədə şirkətin fəaliyyət göstərməsi prioritetlərimizdən biridir".Müsahibimiz özü haqqında məlumat verərkən vurğulayıb ki, əslində 12 yaşına qədər çox özünəqapalı və bədbin biri olub: "O vaxtlar həyatda nəyəsə nail ola biləcəyimi düşünmürdüm. Bir müddət sonra “Silah” ləqəbi ilə rep deməyə başladım. Bu mənə fikirlərimi rahat ifadə edə bilməyimdə kömək oldu. Artıq kütlə qarşısına çıxmaqdan, özümü rahatlıqla ifadə etməkdən çəkinmirdim. Amma az sonra bu sahədən uzaqlaşdım. Çünki rep musiqisində özümü tapa bilmədiyimi düşündüm, şeir və hekayələr yazmağa başladım. Artıq iki ildən çoxdur ki, müxtəlif mövzulu hekayələr yazıram. Öz hekayələrimdən video çarxlarda, xüsusilə sosial videoçarxlarda istifadə edirəm. Məsələn, bir ay bundan qabaq narkomaniyaya aid bir sosial videoçarx çəkdik. Bu mövzu qismən mənə yaxındır, hələ replə məşğul olarkən ətrafımda narkomaniyaya meylli gənclər var idi. Valideynlərim də mənim üçün çox narahat olurdular. Mən bu video ilə həm də göstərmək istəyirdim ki, replə məşğul olanların heç də hamısı narkotik maddə aludəçisinə çevrilmir. Ətrafımda elə insanların olmasına baxmayaraq, heç vaxt o fikrə düşmədim. Əksinə, hər zaman gənclərin bu yolu tutmasına qarşı olmuşam". Çərkəz Sadıq təhsil yolunu seçib və hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsidir.O, öz üzərində daha çox işləməyin vacibliyini deyir: "Həm də şirkətin fəaliyyətini genişləndirməliyəm. Bəzən düşünürəm ki, əgər özümə inanmasaydım, bu mərhələdə olmazdım. Bəzən bir sıra problemlərlə qarşılaşırıq, amma bütün bunlara qarşı gəlmək olur. Məsələn, mənim və ətrafımdakı gənc sahibkarların ən böyük problemindən danışsaq, bu, əlbəttə ki, yaş problemi olar. Təəssüf ki, cəmiyyətimiz gənclərə inanmır, onları qəbul edə bilmir. Yaxud hər hansı şirkətə müraciət edib onlara öz xidmətlərimizi təklif etdikdə bizlərə yeniyetmə kimi baxırlar. Bu münasibət istər-istəməz ruh düşkünlüyü yaradır. Lakin özümüz kimi gənc sahibkarlara müraciət etdikdə müsbət nəticə əldə olunur. Amma nəzərə alsaq ki, ölkədə gənc sahibkarlar çox azdır, ona görə də çətinliyi təsəvvür edə bilərsiniz". Çərkəz Sadiq hesab edir ki, uğurun, uğurlu sahibkarın yaşı olmamalıdır: "Azərbaycanda 16-17 yaşından gərək nəsə əkəsən ki, 30 yaşında biçə biləsən. Ölkədə uğur əldə edən gənclər var, amma onların da fəaliyyət tarixçəsinə baxsaq, nələri fəda etdiyini görərik". Müsahibimiz hesab edir ki, Azərbaycan cəmiyyəti gəncləri qəbul etməli və onlara şans verməlidir: "Dəfələrlə ayrı-ayrı şirkətlərə öz xidmətlərimizi ödənişsiz təklif etmişik. Onlara müxtəlif ideyalar vermişik, videoçarxların çəkilməsi haqqında demişik. Lakin bu şirkətlər reklama kosmik rəqəmlərlə maliyyə ayırsalar da, bizi çox gənc hesab etdiklərindən şans vermək istəməyiblər. Belə vəziyyətdə düşünürəm ki, uşaqları, gəncləri öz gələcəyi kimi görsələr də, onları qəbul edə bilmirlər. Bu səbəbdən də cəmiyyətimizin psixologiyasını, bu kimi düşüncə tərzini dəyişdirmək lazımdır. Bunları sadəcə özümüz üçün demirəm, bizim kimi digər gənc sahibkarlar üçün də şans qapılarının açılmasını istəyirəm".Cəmilə İbrahimovaFoto: Orxan Əzim

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM