Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ölkənin aparıcı orta təhsil müəssisələri ilə yaradıcılıq əlaqələrini davam etdirməkdədir.
ANN.Az xəbər verir ki, Teatrının mətbuat xidmətindən verilən məlumata görə, bu əlaqələrin genişləndirilməsi istiqamətində ötən gün teatrda bir sıra orta təhsil ocaqları ilə birgə görüş – diskussiya keçirilib. Əvvəlcə teatrın cari repertuarında olan, Azərbaycanın görkəmli dramaturqu İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyi münasibətilə ədibin "Sarıköynəklə Valehin nağılı” romanı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib.
Daha sonra tamaşanı izləyən Bakı şəhəri Yasamal rayonu 53 saylı tam orta, Xətai rayonu 171 saylı orta və Nizami rayonu 328 saylı məktəblərinin müəllim və şagird kollektivi çıxış edərək teatrın rəhbərliyinə və ayrı-ayrılıqda hər bir aktyora öz təşəkkürlərini bildirərək aktyorlara suallar ünvanlayıblar.
Yasamal rayonu 53 saylı tam orta məktəbin direktoru Firəngiz Həsənova çıxış edərək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yürütdüyü uğurlu repertuar siyasətinin məktəblilərin tərbiyəsindəki rolundan, uşaq və gənclərdə teatra olan sevginin artırılması istiqamətində həyata keçirilən tədbir və layihələrdən, rəhbərlik etdiyi məktəbin sözügedən teatrla uzun illik səmərəli əməkdaşlığından danışıb.
Məlumat üçün bildirək ki, quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov olan tamaşanın quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, bəstəkarı Cəmalə Nəsirovadır.
Tamaşada əsas rolları aktyorlar Günel Məmmədova (Sarıköynək), Elnur Kərimov (Valeh), Xalq Artistləri Tariyel Qasımov (Muradzadə), Yasin Qarayev (Baləmi), Əməkdar Artistlər Naibə Allahverdiyeva (Simuzər), Lətifə Əliyeva (Güllübəyim), Qəmər Məmmədova (Ceyran) və başqaları ifa ediblər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !