"Qız, ya oğlan" və ya selektiv abortların sayı niyə artır?

10:44 | 29.11.2022

"Qız, ya oğlan" və ya selektiv abortların sayı niyə artır?

Sevda Əliyevanı valideynləri ərə verəndə onun 15 yaşı olub. Bəlkə bu səbəbdəndir ki, onun bir müddət uşağı  olmayıb. Buna görə günahı xanımında görən əri və ailəsi ondan imtina etmək qərarına gəlib. Daha sonra başqa biri ilə qeyri-rəsmi nigaha girən Sevda Əliyeva hamilə qalıb. Onun uğur hekayəsi də  buradan başlayır. Belə ki, səhhətində narahatlıq hiss edən gənc ana həkimə müraciət edir və ona bildirilir ki, bu uşağın sağlamlığında problemlər ola bilər. Həkimlərin fikrincə, doğuş zamanı ananın da həyatına təhlükənin yarana biləcəyi ehtimal olub.  Lakin ana olmaq istəyi hər şeyə güc gəlib.  Sevda Əliyeva heç kimin sözünə baxmayaraq, övladını dünyaya gətirməkdə israrlı olub.  Uşağın atası hətta körpədən imtina edəcəyini bildirib.  Gənc ana  xəstəxanadan  evə qayıdanda uşağın atasının evdən köçdüyünün şahidi olub. Bu ərəfədə gənc xanımın atası da qəfil vəfat etdiyindən bacısının da evinə sığına bilməyib.  Ağır psixoloji sarsıntı keçirən Sevda Əliyevaya bu durumda ancaq bətnində olan körpəsi güc verib. 

Hamilə vəziyyətdə evsiz-eşiksiz qalan qadın Bakıda olan sığınacaqlardan birinə üz tutub. Hamiləliyin 6 ayında bir qiz övladı doğulub. Qızı iki ay küveyzdə qalıb, özü əməliyyat olunub və bütün qadın orqanları çıxarılıb. Uşağın yaşaması şansı sıfıra bərabər olduğundan həkimlər onu evə çıxarıb ölümünü gözləməsini anaya tövsiyyə edib. 

İndi həmin o balaca Möcüzənin 8 yaşı var. Qəhrəmanımız  həmin dövrdən bu yana qayğı ilə əhatə olunduğu sığınacaqda çalışır. Külinariya kurslarına yazılır. Həm uşağını böyüdür, həm də çalışır. Yığdığı pullarla isə asta-asta torpaq alır, sonra ev tikir. Bu gün onun artıq sığınmağa bir evi də var. Lakin o ona sahib çıxan sığınacağı tərk etmir. 40 uşağın qayğısını çəkir. Hətta sığınacaqın təssərrüfat müdiri vəzifəsinə qədər yüksəlib. Sevda Əliyeva  bu qədər işin içində təhsil də alıb. Qadın oxuyaraq xoşbəxt olduğunu deyir və  özünü ən uğurlu nümunə kimi selektiv abortlara maraq göstərən analara misal gətirir.

 
Selektiv abortlarla bağlı sosial şəbəkələrdən biri üzərində qadınlar arasında sorğu keçirdik.
 
Onlara "bətninizdə olan uşağı məhz qız olduğu üçün abort etdirməyə məcbur edilmisinizmi və ya etdirməmək üçün necə mübarizə aparmısız?" sualını ünvanladıq.
 
Sorğuda 193 nəfər iştirak etdi. Onların böyük əksəriyyəti qiz anası olduğunu açıqladı və abortu şiddətlə qinayaraq heç vaxt aborta məcbur duruma düşmədiklərini yazdı. Bir qism isə qız övladına abort etdirmək məcburiyyətində qalarsa həyat yoldaşından boşana biləcəyi etirafını etdi. Bir qisim analar isə məhz qız övladının olması üçün bir neçə dəfə oğlan uşağını abort etdirməyə məcbur olduğunu bildirdi.

Azərbaycan selektiv abortların sayına  görə, 2021-ci ildə  dünyada birinci yerə yüksəlib. Belə ki, ölkədə 100 qıza 116 oğlan düşür.
 
"Selektiv abortların gələcəkdə çox pis nəticələri ola bilər"  - Gender məsələləri üzrə ekspert 
 
"İstənilən ölkədə selektiv abortlar doğulan uşaqlar arasında cinsə görə, nisbətin ciddi şəkildə oğlan uşaqlarının xeyrinə pozulmasına gətirib çıxarır və nəticədə qız uşaqları ayrı-seçkiliyə məruz qalırlar. Araşdırmalar göstərir ki, bunun gələcəkdə fəsadları ola bilər. Selektiv abortlara görə dünyada birinci olan Hindistan və Çində kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün partnyor tapa bilməməsi ilə nəticələnir və bu da öz növbəsində cinayətkarlıq statistikasının ikiqat artması, zorakı davranış hallarının geniş yayılması, gəlin qaçırma, insan alveri, zorlama və fahişəliyə gətirib çıxarır”, - gender məsələləri üzrə ekspert Aynur Veysəlova  vurğulayıb.
 
Ekspert bildirib ki, ötən son 55 il ərzində ilk dəfə Azərbaycanda nəsilvermə əmsalı xeyli azalıb.
 
 "1990-cı illərin əvvəllərindən Azərbaycanda bu nisbətin pozulması müşahidə edilir. Son illər Azərbaycanda oğlan uşaqlarının artması məhz ultrasəs müayinələr nəticəsində selektiv abortların baş verməsinə görədir. Nəticədə də oğlan və qız uşaqları arasında cins nisbəti kəskin şəkildə pozulur. Bunun gələcəkdə fəsadları ilə qarşılaşmaq istəmiriksə, qızlara dəyər verilməli və ədalətli cəmiyyət üçün qızlara bərabər imkanlar yaradılmalıdır”, - Veysəlova deyib.
 
BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam edərsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12-15 min nəfər çox olacaq. Cəmiyyətdə kişilərin sayının bu cür artmasının davam etməsi ölkənin acınacaqlı nəticələrlə üz-üzə qalması halına gətirib çıxara bilər. Bura gender bərabərsizliyi, zorakılıq, erkən nikah, insan alveri və kriminal səviyyənin artması aiddir.
 
 
"Sığınacaqda həyat hekayələri uğurla bitən xeyli sayda ana və qızlar görürük" - Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə 
 
"Övlad arasında fərq qoymaq olmaz. Ailə dəyərlərini təbliğ etmək və uğur hekayələrini paylaşmaq lazımdır. Bu gün vətəndaş cəmiyyətinin, sosial şəbəkələrin istənilən mövzuda rolu böyükdür. Biz birlikdə bu təbliğatı aparmalıyıq. Daha sonra filmlər, ən azı bir dəqiqəlik roliklər çəkilməlidir. Bununla yanaşı qızların dəyərini göstərəcək dövlət proqramları olmalıdır. Uşaqlar arasında seçim qoymaq yanlış bir şeydir. Bu gün nə qədər oğlanlar var ki, analarını çölə atır, nə qədər qızlar var ki, analarına sahib çıxır. Hətta analarına sahib çıxmaq üçün ərindən boşanan qızlar da görürük. Uşaqları cinsinə görə dəyərləndirmək olmaz. Təklif edirəm ki, cinsiyyəti göstərən aparatlar fəaliyyətini dayandırsın, ya da körpənin cinsiyyəti barədə əvvəlcədən məlumatın verilməsinə qadağa qoyulsun”, - Kamalə Ağazadə deyib.

 
"Azərbaycanda hamilə qadınlara uşağın cinsi 20-ci həftəsindən sonra deyilməlidir"-  mama – ginekoloq

Mama-ginekoloq Aynurə İsmaylovanın fikrincə, uşağın cinsi hamilə qadına ancaq hamiləliyin 20-ci həftəsində bildirilməlidir.  

 
"Artıq 20-ci həftədə həm ana fikrindən daşına bilər, həm də artıq həmin usağı ana bətnində abort etmək qanunla qadağan edilir. Kliniki protokola görə qadın 12-ci həftəyə qədər hamiləliyinin pozulmasını istəyə bilər. Bu 9-cu həftəyə qədər qadın məsləhətxanalarında, 9-12-ci həftələrində statisonar şəratində icra oluna bilər 12-ci həftədən sonra isə yalnız tibbi göstəriş əsasında hamiləlik pozula bilər. Bu da uşaq və ananın səhhətində hər hansı problem yarandığı zaman baş verir. Genetik problemlər olanda  9-cu həftədə ananın qanından analiz götürməklə uşağın cinsiyyətini müəyyən etmək olur.Bəzi labarotoriyalar  bunu xanımlara təklif edir. Bu isə doğru deyil”, - ginekoloq bildirib
 
Mama-ginekoloqun sözlərinə görə, 12-ci həftədən sonra icra olunan abortlar qadınların həyatı üçün ciddi problemlər yarada bilər. Onlar həm qanaxma, həm də sonsuzluq kimi fəsadlarla üzləşə bilərlər.  
 
 
"Selektiv abortların artmasına səbəb hələ də patrialxal cəmiyyətdə yaşamağımızdır" - sosioloq

Sosioloq Sənubər Heydərova hesab edir ki,  Azərbaycanda patrialxal cəmiyyətin hökm sürməsi selektiv abortlara gətirib çıxardır. 

"Beynəlxalq təşkilatların təzyiqi ilə ölkədə qanun qəbul olunsa da onun icra mexanizmi işləmir. Belə ki, altı ayına qədər uşağın cinsiyyətini öyrənmək olmaz qadağası olsa da buna əməl edən olmadı. Biz hələ bununla bağlı hər hansı həkimin işdən uzaqlaşdırıldığını və ya cinayət məsuliyyətinə cəlb olunduğunu görməmişik. İcra və cəza mexanizmi olmalıdır.  Bunlardan əlavə aiddiyatı qurumlar bərabər olaraq bu istiqamətdə maarifləndirmə işi aparmalıdır. İlk öncə hər şey təhsildən başlayır. Orta məktəblərdə uşaqlara kişi və qadının eyni hüquqlara malik olması öyrədilməlidir. İnsan və cəmiyyət kitablarında bu cür mövzular çox geri qalıb. Hətta dərsliklərdə bəzi mövzülar ümumiyyətlə izah edilmir. Bu yalnış yanaşmadır. Daha sonra Səhiyyə Nazirliyi qadın məsləhətxanalarında və doğum evlərində abortun zərərli olduğu barədə məlumatlar yerləşdirməlidirlər. Ailə,Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi qadın və kişi bərabərliyi barəsində sosial çarxlar hazırlamalıdır. Nigah bağlanan məkanlarda gənclərə bukletlər paylanmalıdır. Bir sözlə, qurumlar birgə əməkdaşlıq etməli olduğu halda  heç biri bu istiqamətdə bir iş görmür”,  - Sənubər Heydərova söyləyib.
 
 "Selektiv abortlar qanunla qadağan olunmalı və həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidir" - millət vəkili
 
"Qız uşağıdır deyə abort etdirmək vəhşilikdir. Mənim də iki qızım var. Heç vaxt niyə oğlum olmur fikrinə gəlmədim. Qızlar var-dövlətdir.  Qanunlar sərtləşdirilməlidir. Selektiv  aborta gedənlər cinayət məsuliyyətinə cəlb edilməlidir”,  - deputat Razi Nurullayev bildirib.
 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu istiqamətdə nə iş görür?"

Qurum bildirir ki, yeniyetmə və gənclər üçün "Uşaqların doğulanadək cins seçiminə YOX deyək!”,  "Doğulacaq  uşağın cinsinin seçilməsi ilə mübarizə”, "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması. Doğulacaq uşağın cinsinin seçilməsinin fəsadları” adlı tədbirlər keçirilib. Uşaq və Ailələrə Dəstək Mərkəzlərində "Selektiv abortlar”, "Mən də yaşamaq istəyirəm!” mövzularında təlimlər təşkil edilib. "Yoxsulluğu Yenidən Araşdır” kampaniyası çərçivəsində müsabiqə keçirilib. Müsabiqəyə təqdim olunan mövzulardan biri "Uşaqların doğulanadək cinsinə görə seçiminin ölkənin demoqrafik balansına və iqtisadiyyatına təsiri” olub.
 
BMT-nin Əhali Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı, "Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə Beynəlxalq  Ailə Gününə həsr olunmuş festival keçirilib. Festivalın əsas məqsədi oğlanlara üstünlük verilməsi fenomeninin qarşısının alınması, qız övladının dəyərinin təşviqi və ailədə bərabər qayğı modelinin təbliğinə xüsusi diqqət yetirməklə gender stereotipləri ilə mübarizəyə töhfə verməkdən ibarət olub. Festivalda ailələr arasında gender stereotiplərinin aradan qaldırılmasına yönəlmiş "Qızının saçını hör”, "Mən uşağımı nə dərəcədə yaxşı tanıyıram?” kimi müsabiqələr də təşkil olunub.
 
Bundan əlavə doğulacaq uşağın cinsinin seçilməsi barədə əhalinin məlumatlandırılması məqsədilə hüquqi nəşrlər və digər çap materiallarının hazırlanaraq ölkə ərazisində yayılması təmin edilir.
 
"Uşaqların doğulanadək cins seçiminə YOX deyək!” adlı təqdimat hazırlanıb və Komitənin rəsmi saytına yerləşdirilib.

 "Uşaqların doğulanadək cins seçiminə YOX deyək!” adlı buklet və 11 oktyabr "Beynəlxalq Qızlar Günü”nə həsr edilmiş "Qızlarımızın hüquqlarını tanıyaq və qoruyaq! Onlara yüksək dəyər verək.”adlı elektron maarifləndirmə vəsaiti hazırlanıb və Komitənin sosial şəbəkə səhifələrində yerləşdirilib.
 
BMT-nin Əhali Fondunun Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Cənubi Qafqazda gender əsaslı cins seçimi (GƏCS) və digər zərərli təcrübələrin aradan qaldırılması” Qlobal Proqramı çərçivəsində "ÜRƏYİNİN SƏSİNİ DİNLƏ” Gender əsaslı cins seçiminin doğurduğu mənfi nəticələrlə bağlı maarifləndirmə məqsədli,qız uşağının dəyərinin artırılmasını təşviq edən foto sərgi təşkil edilib.
 
Gender məsələləri üzrə və doğulan uşaqlar arasında cinsə görə nisbətin pozulması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycandakı Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasında onlayn şəkildə "Selektiv abortun qarşısının alınması və ailənin planlaması haqqında araşdırma  başlıqlı KOİCA CİAT Təlim Proqramları  təşkil olunub.  Sözügedən təlim proqramlarında  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  əməkdaşları iştirak etmişdir. Təlim proqramının əsas məqsədləri Azərbaycanda qadın məsələləri ilə məşğul olan dövlət qurumları rəsmilərinin selektiv abortların qarşısının alınması və ailə planlaşdırması mövzusundakı biliklərinin artırılması, onların qadınların cinsi və reproduktiv sağlamlığı və hüquqları ilə bağlı siyasət hazırlama və tətbiqetmə qabiliyyətlərinin gücləndirilməsi olub.

Təlim zamanı iştirakçılar Koreya Respublikasında abortun qarşısının alınması və praktiki tətbiqi, qadınların cinsi və reproduktiv sağlamlığının yaxşılaşdırılmasına dair vahid yanaşma, Koreyada gender bərabərliyi siyasəti, sağlamlıq problemləri, qadınların abort etməsinin qarşısının alınması və digər mövzular üzrə biliklərə yiyələnmişdirlər.
 
Azərbaycan Respublikasının Konstitusiyasında qadın və kişilərin eyni hüquq və azadlıqlara malik olduqları, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünəfəaliyyət növü, peşə və iş yeri seçmək hüququnun olduğu qeyd edilir.

Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda 38 sahədə 678 iş yeri üzrə qadın əməyinin tətbiqi qadağandır. Qadınlara qadağan edilən iş yerləri arasında xəmir yoğuran, mal-qara kəsən, dalğıc, desant-yanğınsöndürən, paraşütçü-yanğınsöndürən, əl ilə odun doğrayan, buldozer maşinisti, bacaların və sobaların təmizlənməsi ilə məşğul olan təmizləyici, əl ilə elektrik qaynaqçısı, təyyarələrə texniki xidmətlə məşğul olan mühəndis və texnik kimi peşələr də var. Bu peşələrdə çalışmağın qadınlara qadağan olunmasının səbəbi Əmək Məcəlləsində qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlərə dair normalardır.
 
Həmin normalara görə:

- Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır.
 
- Bir qayda olaraq, fiziki işlə məşğul olmayan, rəhbər vəzifələrdə çalışan və ya sosial, sanitar-tibbi xidmətlər göstərən, habelə fiziki işlər görmədən yeraltı iş yerlərinə düşüb qalxmaqla ayrı-ayrı vaxtlarda qadınlar tərəfindən müvafiq yeraltı işlərin yerinə yetirilməsinə yol verilir.

- Qadınların 15 kiloqramdan artıq ağır əşyaların qaldırılması və 10 kiloqramlıq əşyanın bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır.

- Hamilə və 3 yaşınadək uşağı olan qadınların bu maddədə nəzərdə tutulmuş işlərin görülməsinə cəlb olunması qadağandır.

Bəzi insanlar qadın fiziologiyasının bu kimi peşələrə uyğun olmadığını və qanunların bu baxımdan düzgün tənzimləndiyini düşünsə də, müasir dünyada bu hal cinsiyyətinə görə insanın ayrı-seçkiliyə məruz qalması və əmək hüquqlarının pozulması kimi qəbul olunur. BMT-nin "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyası”nda da məşğuliyyət sahəsində qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi tövsiyə olunur.

2018-ci il BMT-nin Əhali Fondu tərəfindən Bakıda və Azərbaycanın müxtəlif reqionlarında həyata keçirilən "Azərbaycanda qız övladlarının dəyərinin təşviq edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi icra olunub. Lahiyənin məqsədi gənc və yetkinlərin fəal iştirakına yönələn tamamilə yeni və fərqli maarifləndirmə tədbirləri yolu ilə cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini və onların dəyərini vurğulamaq olub. Maarifləndirmə xarakterli layihə 2017-2018-ci illəri əhatə edib.Layihə zamanı 25 şəhər ve rayon olmaqla Azərbaycanın 4 regionunda təlimlərdə 1000-ə yaxın gənc kişi iştirak edib. Təlim zamanı iştirak edən gənc kişilərə "Gözləntilərin müəyyən olunması”, "Zorakılıq və ayrı seçkilik”, "Gender rollarını araşdırmaq”, "Ailədəki iş bölgüsü”, "Qız uşaqlarının əhəmiyyəti” kimi məsələlərə toxunularaq müzakirələr aparılıb.Bundan əlavə, layihə çərçivəsində Azərbaycanın müxtəlif bölqələrində 40-a yaxın məsciddə selektiv abortların fəsadları və bu halların dində öz əksini necə tapması barəsində məlumat sessiyaları keçirilib."Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondu, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası ilə birgə həyata keçirilib.
 
2022-ci ildə isə Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan Nümayəndəliyi ölkənin aparıcı media qurumlarının baş redaktorları, redaktorları, jurnalistləri, həmçinin tanınmış blogerlərin iştirakı ilə ”Ənənəvi və sosial mediada gender əsaslı cins seçimi mövzusunun işıqlandırılması üzrə bacarıqlarının artırılması” mövzusunda üç günlük təlim keçirib. Təlim müddətində BMT-nin Əhali Fondunun nümayəndələri, o cümlədən Azərbaycan və Türkiyədən olan mütəxəssislər oğlan uşaqlarına üstünlük verilməsi və gender əsaslı cins seçimi fenomeni və onun səbəb ola biləcəyi mənfi nəticələr, mediada gender əsaslı ayrı-seçkilik və gender stereotipləri haqqında məlumat veriblər.   İştirakçılar gender məsələlərinin mediada işıqlandırılması mövzusunda fikir mübadiləsi aparıb, gender əsaslı cins seçiminin qarşısnın alınmasında medianın rolundan danışıblar. 
 
"Bu material material Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması" proqramı çərçivəsində təşkil edilən müsabiqəyə təqdim olunur”.
 
Yazıda əks olunan fikirlər Avropa İttifaqının, BMT-nin Əhali Fondunun və layihə tərəfdaşlarının mövqeləri ilə üst-üstə düşməyə bilər. 
 

Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM