General Orucov Nəcməddin Sadıkovun ifadə verməsini tələb edib - MƏHKƏMƏDƏN REPORTAJ

14:43 | 29.02.2024
General Orucov Nəcməddin Sadıkovun ifadə verməsini tələb edib - MƏHKƏMƏDƏN REPORTAJ

General Orucov Nəcməddin Sadıkovun ifadə verməsini tələb edib - MƏHKƏMƏDƏN REPORTAJ

"Beyləqan işi” üzrə Bakı Hərbi Məhkəməsinin hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilmiş general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun hökmdən verilən şikayət üzrə  məhkəmə prosesi başlayıb. Hakim Elmar Rəhimovun sədrliyi ilə Bakı Appelyasiya məhkəməsində 

 

Adları çəkilən şəxslər 2017-ci ildə Beyləqandakı N saylı hərbi hissədə hərbi qulluqçulara "vətən xaini” damğası vurmaqla işgəncə verməkdə, işgəncə nəticəsində bir hərbi qulluqçunun ölümünə səbəb olmaqda və başqa cinayətlərdə təqsirləndiriliblər. Ancaq onlar özlərini təqsirli saymır və bəraət almaq tələbi ilə apellyasiya şikayəti ediblər. 

 

Prosesə hakim Elmar Rəhimov sədrlik edir. Məhkəmə iclası başlayan kimi məlum olub ki, apellyasiya şikayəti verənlərdən biri Ülvi Rəşidovun vəkili Elvin Ələmov məhkəmə iclasına gəlməyib, bu barədə məhkəməni də məlumatlandırmayıb.  Hakim tərəflərin fikrini öyrənəndən sonra məhkəmə iclasını martın 13-dək təxirə salıb. Hakim bunu elan etdikdən sonra məhkəmə zalında əyləşmiş zərərçəkən Kamil İbrahimov ayağa qalxaraq əlindəki ərizəni məhkəməyə təqdim etmək istəyib.


Zərərçəkən:  Möhtərəm hakim, çox xahiş edirəm, mənim bu ərizəmi götürün, mən orda hər şeyi yazmışam. Mən Beyləqandakı 2-ci korpusda baş vermiş hadisələrə görə bu adamlardan (şüşə qəfəsdə əyləşən Bəkir Orucovu və digərlərni göstərir) şikayətçi deyiləm.


Hakim:  Gördünüz ki, məhkəmə prosesi təxirə salındı. Sizin söz deməyiniz  üçün bütün proses iştirakçıları zalda olmalıdır ki, məhkəmə başlasın, ondan sonra Sizi dinləyə bilək.

 

 

Zərərçəkən (əlindəki kağızlara işarə edir):  Mənim burada ərizəm var, hər şeyi yazmışam, adları da yazmışam. Xahiş edirəm ki, qəbul edəsiz.

 

 

Hakim:  Məhkəmə iclası baş tutmadığı üçün sizin dediklərinizi rəsmiləşdirə, ərizənizi qəbul edə bilməyəcəm. Növbəti məhkəmə iclasında təqdim edərsiz.

 

 

Zərərçəkən:  Kasıb, imkansız adamam. Hər dəfə gəlib-gedə bilmirəm. Mənə o qədər işgəncə veriblər, hələ də özümə gələ bilməmişəm. Zərərçəkən olsam da, hələ də mənə bircə manat təzminat ödənilməyib.

 

 

Hakim:  Gələ bilməsəniz, poçtla göndərərsiz.

 

 

Zərərçəkən:  Xahiş edirəm mənə qulaq asın, yazmadığım yer qalmayıb, heç yerdən mənə cavab vermirlər. Heç olmasa bu ərizəni götürün. Burada yazmışam ki, mənim bu adamlardan şikayətim yoxdur, 2-ci korpus komandiri general Mais Bərxudarovu, Elşad Əbilovu, Şahin Qəhrəmanovu, Şövqi Məmmədovu, Ramin Məmmədovu gətirsinlər, bizə nə edibsə, onlar edib. Beş ay əvvəl Baş Prokurorluğa zəng eləmişəm, demişəm ki, işgəncə görmüş hərbçiyəm, hüquqlarımın bərpasını tələb edirəm. Deyirlər istintaqı Qasım Məmmədov aparır, ona müraciət elə. Qasım Məmmədova da əlim çatmır. Belə şey olar? Heç kim yaxın durmur.

 

 

Hakim: - Yenə də deyirəm, təəssüf ki, məhkəmə iclası baş tutmadığı üçün bu gün sizi dinləyə bilmirik.

 

 

 

Hakim heyəti kürsünü tərk edib, məhkəmə salonundan çıxır.

 

 

 

Kamil İbrahimov danışır ki, 8 il silahlı qüvvələrdə xidmət edib. Aprel döyüşçüsü olub. Xidmətlərinə görə dəfələrlə təltif edilib. Prezident tərəfindən Silahlı Qüvvələrinin 95 illiyi münasibətilə medalla təltif olunub. Beyləqan korpusunun N saylı hərbi hissəsində "zampalit” (komandirin siyasi işlər üzrə müavini, - red) olub, 3-cü taborun ön xətdə düşmənlə yaxın məsafədəki postunda xidmət aparıb.

 

2017-ci il martın sonlarında onları taborun dayaq mərkəzinə toplayıblar. Mais Bərxudarovun müavini Elşad Əbilov, hərbi hissə komandiri Şahin Qəhrəmanov, şəxsi heyətlə iş üzrə müavini Şövqi Məmmədov, tabor komandiri Ramin Məmmədov iclas keçirib. İclasdan sonra posta xidmət yerinə qayıdanda görüb ki, pal-paltarı dağıdılıb. Bir həftə ərzində qəsdən töhmətlər yazılıb. 1 həftə sonra onu və altı hərbi qulluqçunu briqadaya aparıblar. Orada onları maskalı və əlisilahlı şəxslər əllərini, gözlərini bağlayıb, avtobusa mindirərək N saylı hərbi hissəyə aparıblar. Yeddi gün işgəncə altında qalıb. Ancaq işgəncə verənlərin arasında Bəkir Orucov və digərləri olmayıb.

 

Kamil İbrahimov bir müddət əvvəl Bakı Hərbi Məhkəməsində Bəkir Orucovun işi üzrə keçirilən məhkəmədə verdiyi ifadəsində də bunu deyi belə deyib:

 

"Heç əsirlərə o cür işgəncə verilməzdi ki, bizə verildi. Mən özüm də bir həftə işgəncəyə məruz qalmışam. Korpus komandiri, general Bərxudarov da orada idi.  Elə o gəlib-gedəndən sonra işgəncələr daha da şiddətləndi. Bizim indiki psixoloji halımız da o vaxt başımıza gələnlərlə bağlıdır.  Elə adamlar var ki, rütbədə, vəzifədə irəli getmək üçün hər şeyi satar”, İbrahimov bildirib. 

 

Bundan əvvəlki iclasda Bəkir Orucov və apellyasiya şikayəti vermiş digər şəxslər onların şikayətinə istintaqda baxılması, keçmiş Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun və Müdafiə Nazirliyinin daha bir neçə vəzifəli şəxsinin dəvət olunaraq dindirilməsinə görə vəsatətlər verib. Hakim məhkəmənin istintaqla aparılmasına görə verilmiş vəsatəti təmin etmyib, Nəcməddin Sadıkov və digərlərinin dəvət olunaraq dindirilməsi ilə bağlı vəsatəti isə baxılmamış saxlayıb.


 

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən Bəkir Orucov və digərləri ötən il cinayət məsuliyyətinə cəlb ediliblər. Onlara qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri İntiqam Məmmədova isə əlavə olaraq 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Bəkir Orucov 9 il 6 ay, Z.Kazımov və Ü.Rəşidov 9 il 6 ay, İ.Məmmədov və R.Məmmədov isə 6 il 6 ay azadlıqdan məhrum edilib.

 

Günel Əliyeva


 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM