Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi Silahlı Qüvvələrin döyüş hazırlığı planına əsasən Təlim və Tədris Mərkəzində birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələri komandirlərinin şəxsi heyətlə iş üzrə müavinlərinin, hüquq işləri üzrə köməkçilərin və psixoloqların iştirakı ilə seminar keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, tədbirdə "Yüksək hərbi intizamın əldə olunmasında qarşıya çıxan problemlərin həlli yolları” mövzusunda çıxış edən müdafiə nazirinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Nazirlər Kabinetinin son iclasındakı çıxışı ilə əlaqədar qeyd edib ki, ölkə başçısı ordu quruculuğu məsələlərinə toxunaraq, torpaqlarımızın sülh yolu ilə düşməndən azad edilmədiyi təqdirdə ordumuzun mühüm döyüş tapşırığını yerinə yetirməyə hazır olduğunu bildirib. Generalın sözlərinə görə, ordumuz 2016-cı ilin aprel döyüşlərində olduğu kimi, yenə də düşmən üzərində qələbəmizi təmin etməyə qadirdir.
General-leytenant K.Vəliyev əmin olduğunu bildirib ki, seminara cəlb olunan zabit heyəti bundan sonra da öz vəzifə borclarını məsuliyyət hissi ilə yerinə yetirəcək, Ali Baş Komandanın və müdafiə nazirinin şəxsi heyət qarşısında qoyduğu vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün var qüvvələrini əsirgəməyəcəklər.
Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Rasim Əliyev Silahlı Qüvvələrdə nizam-intizamın yüksəldilməsi məqsədilə görülən işlər və perspektivlər barədə danışaraq, hərbi bölmələrdə intizamın möhkəmləndirilməsi sahəsində həyata keçirilən islahatlar və bu sahədə şəxsi heyətlə iş üzrə zabit heyətinin üzərinə düşən vəzifələri xüsusi qeyd edib.
Seminarda Azərbaycan Respublikası Hərbi prokurorunun müavini ədliyyə general-mayoru Rasim Kazımov, Bakı Hərbi Məhkəməsinin hakimi Siyavuş Hacıyev, Müdafiə Nazirliyi Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Rauf Kişiyev və müxtəlif hərbi hissələrin zabitləri çıxış edərək, hərbi intizamın möhkəmləndirilməsinin ordunun döyüş qabiliyyətinə təsir edən başlıca amillərdən olduğunu qeyd edib, həmçinin mövzu ətrafında fikir və mülahizələrini bölüşüblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !