“Faktiki olaraq bəzi təyinatlar və kadrların yerdəyişməsi nazirin iradəsinə tabe olan yerdəyişmələr deyil”.
Bu sözləri Axar.az-a hərbi ekspert Üzeyir Cəfərov Zakir Həsənovun Prezidentə istefa ərizəsini təqdim etməsi ilə bağlı yayılan informasiyanı şərh edərkən deyib.
O, Prezident tərəfindən yeni təyin olunan şəxsin belə tezliklə istefaya göndəriləcəyinə inanmadığını bildirib:
“Düşünmürəm ki, Prezident tərəfindən ötən ilin oktyabrında bu vəzifəyə təyin olunan şəxs belə tezliklə istefaya göndərilsin. Bu, nəzəri olsa da, praktiki baxımdan mümkün deyil. Altı ay ərzində yeni Müdafiə naziri tərəfindən xeyli iş görülüb. Təəssüflər olsun ki, nazirin yanında saxladığı aparat onun gördüyü işləri yetərincə işıqlandıra bilmir. Hesab edirəm ki, yayılan informasiya – yəni Baş Qərargah rəisi ilə cənab nazirin münasibətlərində problem olması barədə xəbər – boş yerdən qaynaqlanmayıb. Məndə olan informasiyaya görə, Nəcməddin Sadıqovun adından istifadə edib orada bəzi oyunlardan çıxan şəxslər var. Konkret olaraq adlarını da deyirəm. Məsələn, polkovnik Elxan Məcidov və sairə. O bu günlər nazirin gördüyü işlərə zərbə vuran şəxslərdən biri və bəlkə də birincisidir”.
Hərbi ekspert Rusiya meyilli şəxslərin nazirlikdə at oynatmasına inanmadığını bildirib:
“Rusiyameylli şəxslərin at oynatması ilə bağlı iddialara isə inanmaq istəməzdim. Doğrudur, onların arasında müəyyən şəxslər var və bu barədə zaman-zaman mətbuata da məlumat verilib.
Sözsüz ki, Müdafiə nazirinin işlərinə müdaxilələr var. Faktiki olaraq bəzi təyinatlar və kadrların yerdəyişməsi nazirin iradəsinə tabe olan yerdəyişmələr deyil. Amma etiraf edək ki, Zakir Həsənov qısa müddətdə çox böyük işlər görüb və istərdim ki, bundan sonra da işini davam etdirsin”.
Qeyd edək ki, bu gün “Musavat.com” saytında Zakir Həsənovun istefa ərizəsi yazdığı haqqında informasiya yerləşdirilib. Etibarlı mənbəsinə istinadlanan sayt nazirin onun keçirdiyi islahatlara maneçilik törədilməsi ilə əlaqədar istefaya getmək istədiyini bildirmişdi. Xüsusən, Baş Qərargah rəisi, general Nəcməddin Sadıqovla aralarında ziddiyyət Zakir Həsənovu bu addımı atmağa məcbur edən səbəb kimi göstərilib.
Xatırladaq ki, Ali Baş Komandan İlham Əliyev 28 May – müstəqillik Günü ilə bağlı çıxıəşında Müdafiə Nazirliyində son aylar görülən işləri yüksək dəyərləndirmişdi. Beləliklə, Zakir Həsənovun cəmiyyət tərəfindən dəstəklənən islahatlarının Ali Baş Komandanın iradəsinə uyğun həyata keçirildiyi üzə çıxır. Belə məqamda isə general Z.Həsənovun istefa ərizəsi yazması xəbəri inandırıcı görünmür.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !