"Rusiya ilə Türkiyənin münasibətlərinin korlanmasına qarşıyıq”
Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov deyib. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın niyə inad etdiyini anlamadığını bildirib: "Baş verənlərə görə Rusiyaya başsağlığı vermək olardı, üzrxahlıq etmək və məsələnin araşdırılacağına söz vermək olardı. Lakin Türkiyə tərəfi bunu etmədi. İki ölkə arasında dialoqun başlanması üçün Türkiyə tərəfindən hansısa addım atılmalı idi”.
Rusiya kommunistlərinin lideri Azərbaycan prezidenti İlham Əliyevin "Azərbaycan tərəfi Türkiyə-Rusiya münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması istiqamətində səylərini göstərməyə hazırdır” bəyanatına da münasibət bildirib: "Mən İlham Əliyevin Azərbaycan-Rusiya münasibətlərinin möhkəmləndirilməsi üçün nələr etdiyini yaxşı bilirəm. Məhz İlham Əliyevin sayəsində Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Biz eyni tarixə malik ölkələrik. Hazırda da müxtəlif sahələrdə yüksək səviyyədə əməkdaşlığımız davam edir. Azərbaycan Yaxın Şərqdə baş verən proseslərə və bu regionda sülhün bərqərar olmasına, terrorla mübarizəyə müsbət təsir edə bilər. Bu səbəbdən İlham Əliyevin Türkiyə-Rusiya münasibətlərinin normallaşması üçün vasitəçilik təklifini çox müsbət qiymətləndiririk. Rusiya hər zaman yaxın dostlarının təkliflərinə qulaq asıb. Biz hər zaman qonşularımızla sülh şəraitində yaşamağın tərəfdarı olmuşuq”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !