“Bu gün zəlzələ baş verən ərazilərdə çoxdan müəyyən proseslər baş verirdi. Ərəbistan və Avrasiya plitəsi Qafqaz ərazisində toqquşurlar. Bu toqquşma nəticəsində yer üstünün horizontal sürətlərini ölçməklə biz müəyyənləşdiririk ki, hansı ərazilərdə potensial olaraq enerji toplanır. Enerji toplanan, sıxıma, gərilmə olan yerlərdə zəlzələ ola da bilər, olmaya da bilər”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin müdiri, Yer Elmləri Bölməsinin akademik-katibi Fəxrəddin Qədirov bu gün ölkədə baş verən zəlzələ barədə danışarkən deyib: “Həmin ərazidə toplanan bu enerji üzə çıxmalı idi. Tarixən Şamaxı, Abşeronun cənubu zəlzələnin olması üçün ən seysmik yerlərdir. Yerlərdə belə gərginliklər toplananda zəlzələnin olma ehtimalı gözlənilir. Amma onun nə vaxt olacağını heç kim bilmir. Belə zəlzələlər hər zaman Azərbaycanda ola bilər. Amma biz potensial yerləri bilirik ki, harada ola bilər. Zəlzələdən də qorunmaq lazımdır. Biz təbiət hadisələri ilə birgə yaşamağı öyrənməliyik. İnsanlar bu halda təlaş keçirməməli və vəziyyətə uyğun olaraq özlərini normal şəkildə aparmağı bacarmalıdırlar”. Zəlzələdən sonra növbəti zəlzələlərin, afterşokların ola bilmə ehtimalına gəlincə, F.Qədirov bildirib ki, bu gün qeydə alınan yeraltı təkan mainşok, yəni böyük bir təkan olub. Onun sözlərinə görə, bundan əvvəl xırda-xırda təkanlar qeydə alınıb: “Amma bu mainşok, yəni “ana zəlzələ” idi. Bunun ardınca zəif təkanlar ola bilər, amma qorxulu deyil. Əgər bu 60 kilometrə yaxın dərinlikdə olan zəlzələni normal şəraitdə ötüşmüşüksə, deməli hər şey yaxşıdır. Narahat olmağa heç bir əsas yoxdur. Bu gün baş verən zəlzələnin maqnitudası 5.6-dır və bu da ana təkandır. Bizim zonada 5.6 bal gücündə zəlzələdən sonra yenidən 7 və ya daha yüksək gücdə zəlzələ baş verməyib”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !