İstanbulda 9 ay əvvəl Gəzi Parkı hadisələri zamanı polisin atdığı qaz bombasının kapsulu ilə başından ağır yaralanaraq komaya düşən və martın 11-də vəfat edən 15 yaşlı Berkin Əlvanın dəfn mərasimi keçirilir.APA-nın xəbərinə görə, dəfn mərasimində yüz minlərlə insan iştirak edir. Səhər saatlarında B. Əlvanın cənazəsi İstanbulun Şişli rayonu ərazisindəki Okmeydanında yerləşən Cem Evinə gətirilib. (B. Əlvan ələvi məzhəbinə mənsubdir, cem evləri isə ələvilərin ibadət yeridir). Okmeydanına gedən yolların hamısı insanlar tərəfindən doldurulub, nəqliyyatın hərəkəti dayanıb. Cem Evi önünə toplaşan vətəndaşlar “Qatil dövlət hesab verəcək!”, “On beşində bir fidan – Berkin Əlvan!” deyə qışqırıblar. Cem Evində keçirilən yas mərasimində Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbərliyi və millət vəkilləri iştirak edib. Mərasimdən sonra B. Əlvanın cənazəsi dəfn edilmək üçün Şişli Feriköy məzarlığına aparılıb. Cənazəni ucu bucağı görünməyən və yol boyunca bir neçə kilometr uzunluğunda düzülmüş insan seli müşayiət edib. Qeyd edək ki, Berkin Əlvan 2013-cü il iyunun 16-da evdən çıxıb çörək almağa gedərkən polisin nümayişçilərə atdığı qaz bombasının kapsulunun başına dəyməsi nəticəsində ağır yaralanıb. O vaxtdan bəri xəstəxanada koma vəziyyətində yatan Berkin Əlvan 269 gün sonra - martın 11-də vəfat edib. Berkinin vəfat xəbəri Türkiyədə Ərdoğan hökuməti əleyhdarlarının hiddətinə səbəb olub. İstanbul, Ankara və İzmir başda olmaqla böyük şəhərlərdə spontan etiraz aksiyaları keçirilib, polislə toqquşmalar baş verib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !