Həbsdə olan sabiq deputat Gülər Əhmədovanı Bakı Apelyasiya Məhkəməsində keçirilən məhkəmə iclası zamanı şüşə kabinəyə salıblar. Bunu ANS PRESS-ə açıqlamasında sabiq deputatın vəkili Əfsər Talıbov söyləyib. Onun sözlərinə görə, məhkəməni idarə edən hakim Gülər Əhmədovanın vəkili ilə birlikdə məhkəmədə oturub çıxış etməsi ilə bağlı qaldırılan vəsatəti təmin etməyib: “Hakim Gülər xanımın vəkili ilə oturub, öz haqqını müdafiə etməsi barədə qaldırğımız vəsatəti təmin etmədi və onu şüşə kabinəyə salınması barədə göstəriş verib. Bu hakimin səlahiyyətində olan bir şeydir”.Əfsər Talıbov Gülər Əhmədovanın şüşə kabinədən çıxarılması ilə bağlı vəsatət qaldıracaqlarını da sözlərinə əlavə edib. “Gələcəkdə G. Əhmədovanın məhkəmədə vəkilinin yanında oturması məsələsi ilə bağlı vəsatət qaldıracam. Gülər xanım şüşə kabinədə oturması ilə bağlı nə edə bilər ki? Onu əsas maraqlandıran apellyasıya məhkəməsinin neçə getməsidir?” Xatırladaq ki, fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Ötən il fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !