Gülər Əhmədovanın məhkəməsi qeyri-müəyyən vaxta təxirə salındı

17:06 | 06.02.2014
Gülər Əhmədovanın məhkəməsi qeyri-müəyyən vaxta təxirə salındı

Gülər Əhmədovanın məhkəməsi qeyri-müəyyən vaxta təxirə salındı

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın apellyasiya şikayəti əsasında məhkəmənin bu günə təyin olunan iclası təxirə salınıb.APA-nın məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesə gətirilən təqsirləndirilən Gülər Əhmədova şüşə qəfəsə salınıb. Gülər Əhmədova buna etiraz edərək, ötən prosesdə vəkilinin yanında əyləşmək xahişi etdiyini, lakin bunun nəzərə alınmadığını, əvəzində şüşə qəfəsə salındığını deyib. Vəkil Əfsər Talıbov ilkin baxış iclasının qərarından kassasiya şikayəti verildiyi üçün prosesin qeyri-müəyyən vaxtadək təxirə salınmasını təklif edib. Hakim, dövlət ittihamçısı buna etiraz etməyib. Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. Qeyd edək ki, ötən proses zamanı G. Əhmədovanın vəkili Əfsər Talıbov məhkəmənin istintaqla aparılması və digər bir neçə vəsatət verib. Lakin vəsatətlər təmin edilməyib. Bunun üçün prosesin ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət olunub. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Ötən il fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmündə onun ifadəsi özünü müdafiə kimi qiymətləndirilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti