Türkiyə prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyip Ərdoğan prezident İlham Əliyevə Respublika Günü münasibəıti ilə təbrik məktubu ünvanlayıb.
ANN.Az hər iki təbrik məktubunu təqdim edir:
Türkiyə prezidenti Abdullah Gül
"Hörmətli Prezident, əziz qardaşım, qardaş Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi və əziz qardaşımın şəxsində bütün Azərbaycan xalqını Türk xalqı adından və şəxsən öz adımdan ən səmimi hisslərimlə təbrik edirəm.
Qədim tarixi və qardaşlıq əlaqələrindən güc alan Türkiyə-Azərbaycan münasibətlərinin “Bir millət, iki dövlət” şüarı əsasında müştərək səylərimizlə daha da güclənərək yüksək səviyyəyə çatdırılacağına inamım qətidir.
Əməkdaşlığımız örnək bir həmrəylik içində qardaş xalqlarımızın rifahına, bölgəmizin sülh və sabitliyinə töhfə verməkdə davam edəcəkdir.
Bu əlamətdar bayram münasibətlə Zati-aliləri əziz qardaşımın cansağlığı, xoşbəxtliyi, dost və qardaş Azərbaycan xalqının firavanlığı və rifahı üçün ən xoş diləklərimi bir daha ifadə edirəm".
Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan
"Dəyərli qardaşım, dost və qardaş Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə millətim, hökumətim adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar gündə Azərbaycan xalqının haqlı iftixarını və sevincini ürəkdən paylaşırıq.
Türkiyə və Azərbaycan gücünü ortaq tarix, dil, inanc və mədəniyyət birliyindən alan sıx əlaqələrlə bir-birinə bağlanmış, keçmişdə olduğu kimi bu gün də eyni taleyi bölüşən iki ölkədir.
Azərbaycan bölgədə ən önəmli strateji ortağımızdır və qardaş ölkənin uğurları ilə qürur duyuruq. Əminəm ki, Türkiyə ilə Azərbaycanın münasibətlərini həm ikitərəfli, həm də regional məsələlərdə qarşılıqlı fayda və həmrəylik əsasında daha da inkişaf etdirəcəyik. Əməkdaşlığımızı uğurla davam etdirmək yolundakı iradəmiz qətidir.
Bu əlamətdar bayram münasibətilə Sizə cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah arzulayıram".
Qeyd edək ki, Türkiyə prezidenti və baş nazirinin təbrik məktubunun gecikməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !